Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycana aid 20-yə yaxın üzüm sortunun erməniləşdirilməsinin qarşısı alınıb
Beynəlxalq Vitis kataloquna (VIVC) erməni mənşəli kimi daxil edilmiş 20-yə yaxın yerli üzüm sortunun molekulyar-genetik üsullarla Azərbaycan mənşəli olduqları sübut edilib və bazada müvafiq dəyişiklik olunub.
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov bildirib.
"Bunların arasında ən qədim və qiymətli "Mələyi", "Xındognı", "Hərnə-qırna", "Misqalı", "Ağ Aldərə", "Hüseyni", "Gülabı", "Növrəst" və başqa sortlar var. Bununla yanaşı, ötən il təmiz genetik profilə malik olan 10 yerli üzüm sortumuz ("Sultanşirə", "Novxanı qırmızı üzümü", "Sultanı kişmişi", "Gecdəyən ağ üzüm", "Zaqatala ağ üzümü", "Qara şanı", "Şirvanşahı", "Qaraşirə", "Qızıl üzüm", "Elmin") VIVC kataloquna daxil edilib", - deyə o qeyd edib.
"Azərbaycan yerli üzüm sortlarının genetik müxtəlifliyinin öyrənilməsi, qorunması, davamlı istifadə edilməsi, bədnam qonşularımızın öz adlarına çıxdığı sortlarımızın əzəli adlarının qaytarılması və mənimsənilmələrinin qarşısının alınması bizim ən vacib işlərimizdən biridir. İndiyə qədər institut üzümün kolleksiya bağını elmi ekspedisiyalar əsasında aşkar edib, toplanan sort və formalarla zənginləşdirib, həmçinin beynəlxalq təşkilatlar və bazalarla (Bioversity International, COST, INRA, VIVC və s.) əməkdaşlıq nəticəsində morfoloji, deskriptor, genetik əlamətləri təsvir edilməklə beynəlxalq bazalara daxil edib. Hazırda həmin bazalarda Azərbaycanın 400-ə qədər yerli üzüm sortları barədə məlumat mövcuddur.
2019-cu ildən başlayaraq Almaniyanın "Institute for Grapevine Breeding Geilweilerhof" İnstitutu ilə əməkdaşlığın nəticəsində 350-dən çox yerli üzüm sort və formalarının molekulyar-genetik tədqiqatları həyata keçirilib. Nəticədə yeni unikal profilə malik genotiplər üzə çıxıb, sortlarımız genetik təmizlənib, onların omonimləri, sinonimləri müəyyən edilib. Bu, gələcəkdə sortlarımızın qorunmasına, sertifikatlı tingçiliyin inkişafına xidmət edəcək. Bununla yanaşı, bu, bizə imkan verir ki, sortlarımızı ermənilərdən qoruyaq. Çünki onlar bizim üzüm sortlarımızı da öz adlarına çıxarmaq istəyirlər", - deyə direktor əlavə edib.
"Araşdırmalara əsasən hesab edirik ki, üzümün ən qədim vətəni kimi Azərbaycanda 600 adda üzüm sortu əkilib-becərilib. İndiyə qədər elmi əsaslarla öyrənilməyən üzüm sort və formalarımızın aşkar edilib toplanması və onların müasir üsullarla öyrənilərək artırılması, qorunub saxlanılması, səmərəli istifadəsi və onlar haqqında lazımı məlumatların beynəlxalq məlumat bazalarına yerləşdirlməsi institutumuzun qarşısında duran ən başlıca hədəflərdən biridir", - deyə V.Səlimov vurğulayıb.