Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiya "YouTube"u "ağıllandırmağa" hazırlaşır: Tam bağlanacaq?
Kreml rusiyalılar üçün "YouTube"u tamamilə bağlamağı planlaşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "BRIEF" "Telegram" kanalı mənbələrə istinadən məlumat verib.
Bildirilib ki, bloklanma prosesi iki mərhələdə həyata keçiriləcək: oktyabr ayına qədər videohostinqin işinin yavaşladılması və sonra isə tam bloklanma.
O da vurğulanır ki, qərar siyasi xarakter daşıyır və "YouTube" administrasiyasına qarşı yönəlib.
Qeyd edək ki, Rusiyada son dövrlərdə "YouTube" videolarının yüklənmə keyfiyyətinin pisləşməsi müşahidə olunur. "Rostelekom" buna görə 2022-ci ildən bəri Rusiyada "Google Global Cache" sisteminin (məlumatların keşlənməsi və yüklənməsinin sürətləndirilməsi üçün nəzərdə tutulub) işini təmin edən avadanlığı yeniləmədiyi üçün "Google" korporasiyasını təqsirləndirib.
Dünən Rusiya Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin rəhbəri Aleksandr Xinşteyn həftəsonuna qədər stasionar kompüterlərdə "YouTube"un yüklənmə sürətinin 40 faizə qədər, növbəti həftənin sonuna qədər isə 70 faizə qədər azala biləcəyi barədə xəbərdarlıq edib.
"YouTube"un "deqradasiyası" məcburi addımdır və Rusiya istifadəçilərinə qarşı deyil, qanunvericiliyimizi cəzasız şəkildə poza və nəzərə almaya biləcəyini düşünən xarici resursun rəhbərliyinə qarşı yönəlib", - deyə Aleksandr Xinşteyn vurğulayıb.
Parlamentari izah edib ki, "YouTube"u "ağıllandırmaq" üçün məhz yay dövrü seçilib, çünki bir çox istifadəçilər məzuniyyətdədir və mobil cihazlardan istifadə edirlər.
"YouTube"un deqradasiyası onlara təsir etməyəcək. Resurs isə dövlətin konkret addımlara keçdiyini başa düşəcək", - deyə deputat bildirib.
Rəylər