Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazir: "Günəş baza stansiyaları zamanın 60%-dən çoxunda bərpaolunan enerjidən istifadə edir"
"Azərbaycan quraqlıq, səhralaşma və su ehtiyatlarının idarəedilməsi kimi ekoloji dəyişiklikləri izləmək üçün peyk müşahidələrindən fəal şəkildə istifadə edir".
Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, Günəş baza stansiyaları zamanın 60%-dən çoxunda bərpaolunan enerjidən istifadə edir, bu da enerji istehlakını və emissiyaları əhəmiyyətli dərəcədə azaldır:
"Azərbaycanda hər gün təxminən 1,5 milyon əməliyyatı emal edən Rəqəmsal Körpü təşəbbüsü sayəsində ətraf mühitə təsir əhəmiyyətli dərəcədə azalıb".
Rəşad Nəbiyev çıxışı zamanı rəqəmsal texnologiyaların önəminə diqqət çəkib:
"Bu texnologiyalar, xüsusilə iqlim monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim çağırışlarına davamlılığın yaradılması kimi sahələrdə BMT-nin "Davamlı inkişaf üzrə 2030 gündəliyi"nə nail olmaq istiqamətində mühüm hərəkətverici qüvvədir".
Nazirin sözlərinə görə, 2030-cu ilə qədər informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorundan emissiyalar qlobal ümumi həcmin səkkiz faizinə çata bilər:
"İKT sektorunun qlobal emissiyaların 1,5%-i ilə dörd faizi arasında iştirak edəcəyi təxmin edilir. Araşdırmalar göstərir ki, 2030-cu ilə qədər İKT sektoru emissiyaları dünya səviyyəsində səkkiz faizə çata bilər. Bu çağırışlara cavab olaraq, bir çox ölkələr innovativ soyutma texnologiyaları və enerji idarəetmə sistemləri vasitəsilə enerji istehlakının 40 faizə qədər azalmasına nail olaraq, öz məlumat mərkəzlərini optimallaşdırdılar. Yaşıl rəqəmsal fəaliyyət rəqəmsal tərəqqinin iqlim fəaliyyəti ilə uyğunlaşdırılması istiqamətində mühüm addımdır".
O, həmçinin bildirib ki, enerji istehlakının azaldılması üçün data mərkəzləri optimallaşdırılmalıdır:
"Rəqəmsal texnologiyalar 2030-cu il gündəliyinə, Dayanıqlı İnkişaf Hədəflərinə çatmaqda böyük rol oynayır. Texnologiyalar, süni intellekt iqlimə uyğunlaşmada böyük potensiala malikdir. Süni intellekt 4%-ə qədər qlobal emissiyalara töhfə verə bilər. Bu, dünyada elektrik enerjisi istehlakına da böyük təsir göstərir.
Bundan əlavə, biz daha müsbət nəticələr əldə etmək üçün ekologiya dostu olan xüsusi texnologiyalardan istifadə etməliyik. Bunun üçün təşəbbüsləri və fəaliyyəti birləşdirmək, planlar hazırlamaq lazımdır. Bütün bunlar dövlət qurumlarının səmərəli fəaliyyətinə də imkan yaradacaq. Tam rəqəmsal hökumət sisteminin yaradılması prosesi artıq başlayıb və buna dair hədəflər qoyulub".
Aygün Mirakif
"Rəşad Nəbiyev" teqi üzrə xəbərlər
- Rəşad Nəbiyev: "2030-cu ilə qədər bütün avtobuslarımız elektrikli olacaq"
- Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri regional ticarətin davamlılığını müzakirə ediblər
- Bakıda COP29 çərçivəsində Yaşıl Rəqəmsal Bəyannamə qəbul edildi
- Dorin Boqdan-Martin: "Azərbaycanın baxış və dəstəyi Rəqəmsallaşma Gününü mümkün etdi"
- Rəşad Nəbiyev: "Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq"