Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Formula-1": Azərbaycan Qran-prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə "Report"a Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, yarışın başlamasına qısa müddət qalıb və hazırlıqlar plana uyğun davam edir.
Azərbaycan Qran-prisinin təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək, akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışa qədər 28 minə yaxın akkreditasiya və formanın verilməsi nəzərdə tutulub.
Avqustun 19-dan fəaliyyət göstərən Uniforma və Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya kartlarının hazırlanması, uniformaların verilməsi və sair kimi rolları yerinə yetirəcəklər. Bu il könüllü olmaq üçün 16 000-ə yaxın müraciət daxil olub və onlardan 2 000-ə yaxın könüllü yarışın təşkilinə cəlb olunub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi gələn həftəsonu - sentyabrın 13-15-də baş tutacaq.
Rəylər