Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir. Bu gün sessiyanın səkkizinci günüdür. 190-dan çox ölkədən 70 mindən çox insan COP29-da iştirak edir. Onların böyük əksəriyyəti - 60 mindən çoxu əcnəbidir.
Bu statistika beynəlxalq ictimaiyyətin həm COP29-a, həm də Azərbaycana marağının təzahürüdür.
Buna baxmayaraq, bəzi Qərb dairələri, o cümlədən Fransanın Azərbaycana qarşı "səlib yürüşü" davam edir. Belə ki, onlar Azərbaycanın COP29-a ev sahibliyini qəbul etmək istəmirlər.
Təsadüfi deyil ki, hələ tədbir başlamazdan əvvəl Qərb ölkələri müxtəlif yollarla COP29-a kölgə salmağa çalışırdılar. Bunun üçün, hətta Cənubi Qafqazda Ermənistan vasitəsilə gərginlik yaratmağa cəhd edilirdi.
COP29 ərəfəsində avropalı siyasətçilərin Azərbaycanda guya insan hüquqlarının məhdudlaşdırılmasına dair əsassız bəyanatları və ya Azərbaycandakı erməni cinayətkarların sərbəst buraxılması ilə bağlı çağırışları da birbaşa destruktiv mahiyyət daşıyırdı.
Xatırladaq ki, bir müddət əvvəl Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində sədrin birinci müavini Natali Luazo terror və separatçılıq kimi cinayətləri törədənlərin sərbəst buraxılması üçün rəsmi Bakıya çağırış edilməsini istəmişdi. Beləliklə, xanım siyasətçi terrorçuları müdafiə etdiyini açıq-aydın göstərməklə yanaşı, həm də COP29 ərəfəsində gərginlik yaratmağa çalışmışdı.
Əslində bu cəhdlər gözlənilirdi. Belə ki, Azərbaycan bundan əvvəl - IV İslam Həmrəyliyi Oyunları, Birinci Avropa Oyunları, "Formula-1" yarışları, Avroviziya musiqi yarışması kimi beynəlxalq tədbirlərə ev sahibliyi edərkən də oxşar ssenarilərlə qarşılaşmışdı. Bu, əlbəttə, təsadüfi deyil. Görünən odur ki, Qərb dövlətləri, doğrudan da, rəsmi Bakının uğurlarını həzm edə bilmirlər və bunu açıq göstərməkdən çəkinmirlər.
COP29-la bağlı məsələ əslində daha fərqlidir. Belə ki, indi bu tədbiri boykot etməyə çalışanlar vaxtilə COP29-un Azərbaycanda keçirilməsini dəstəkləmiş və yekdil səs vermişdilər. İndi isə fərqli ritorika sərgiləyirlər. Bu, riyakarlığın, ikiüzlülüyün ən bariz nümunələrindəndir.
Başqa bir məqam isə budur ki, COP29 Azərbaycanın yox, BMT-nin tədbiridir. 29-cu sessiya sadəcə olaraq Bakıda keçirilir. Yəni riyakar Qərb dövlətləri əslində Azərbaycanı yox, BMT-ni boykot etmiş olurlar.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında COP29-u tənqid edənlərə cavab verdi. O söylədi ki, tədbirdə 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir. Yəni faktiki olaraq Qərb dövlətlərinin "atdığı oxlar daşa dəydi", destruktiv cəhdlər fayda vermədi.
Bu, onu deməyə əsas verir ki, Azərbaycanın COP29-a ev sahibliyi uğurla başa çatacaq. Rəsmi Bakı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək iqtidarında olduğunu növbəti dəfə sübut edəcək. Odur ki, məşhur atalar sözünü ixtisarla desək, karvan keçər.
Gözləniləndir ki, COP29 başa çatandan sonra Qərb dövlətlərinin bəziləri qarayaxma kampaniyasına son verməyəcəklər. Ancaq görünən dağa nə bələdçi?! COP29-a ev sahibliyi də, təşkilatçılıq da, beynəlxalq ictimaiyyətin marağı da göz qabağındadır.
"Report" İnformasiya Agentliyi
"COP29" teqi üzrə xəbərlər
- Türkiyəli nazir müavini COP29-a qatılıb
- SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
- "Haber Global": "COP29 iqlim dəyişikliyində qadınların əhəmiyyətini vurğulayan ən mühüm toplantıdır"
- COP29-un on birinci günü: Mavi Zona tədbirləri başa çatıb
- Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib