Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyada miqrantlarla bağlı yeni qaydalar gəlir: Videoya çəkiləcək
Rusiyada əcnəbilərin ölkədən deportasiya prosesinin videoya çəkilməsi təklif edilib.
Oxu.Az-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, bu, barədə normativ hüquqi aktların layihələri portalında yerləşdirilmiş sənəddən məlum olub.
Bildirilir ki, layihə Rusiyada Federal Məhkəmə İcraçıları Xidməti (FMİX) tərəfindən hazırlanıb və icraçılara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi zamanı audio, foto, video qeydiyyat vasitələrindən istifadəni nəzərdə tutur.
"Video çəkilişi cinayət işləri və inzibati xətalar üzrə istintaq hərəkətləri zamanı, FMİX müəssisələrinin mühafizəsi zamanı, həmçinin əcnəbi vətəndaşların Rusiyadan sərhəd-keçid məntəqəsinə qədər deportasiyası zamanı həyata keçiriləcək. Prosesin bütün iştirakçıları videomüşahidə vasitələrindən istifadə barədə məlumatlandırılmalıdırlar. Qeydiyyat vasitələrilə əldə edilmiş materiallar yazıldığı gündən etibarən ən azı 30 gün saxlanılacaq. İnzibati xətaların sənədləşdirilməsi zamanı hərəkətlərin qeydə alınması halında isə saxlama müddəti ən azı altı ay olacaq", - deyə sənəddə vurğulanıb.
Xatırladaq ki, yayda Rusiyada miqrasiya sahəsində nəzarətin gücləndirilməsi ilə bağlı bir neçə qanun layihəsi qəbul edilib. Onlardan biri ölkədə qalmaq üçün qanuni əsası olmayan miqrantlar haqqında məlumatları əhatə edəcək nəzarət olunan şəxslərin reyestrinin yaradılmasıdır. Reyestrə düşənlər nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlak qeydiyyatından keçə, nikah bağlaya və poza, uşaqları uşaq bağçalarına və məktəblərə qeydiyyatdan keçirə bilməyəcəklər, həmçinin onlara daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, kredit götürmək, Rusiya ərazisində sərbəst hərəkət etmək və mövcud hesablardan ayda 30 min rubldan çox xərcləmək qadağan ediləcək. Reyestr 2025-ci ildə işə salınacaq.
Mövzuya aid xəbərlər
- Rusiyada qeyri-qanuni miqrantların reyestri yaradılır: Əcnəbiləri nə gözləyir?
- Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların taksi sürmə qadağası başlayıb
- Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantlarla bağlı qanun qəbul olundu
- Rusiyadakı azərbaycanlıların NƏZƏRİNƏ: Miqrantlarla bağlı yeni qərar gəlir
- Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər
Rəylər