Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ Netanyahunu dəstəkdən məhrum etməklə hədələyib
ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində Təl-Əvivin Ağ Evdən köməksiz qalma riski ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" amerikalı rəsmilərə istinadən yazır.
Qeyd olunur ki, dəstəyi dayandırmağın mümkün səbəbi İsrailin eskalasiyaya doğru atdığı yeni addım ola bilər.
Məlumata görə, Bayden administrasiyası İsrail və HƏMAS arasında girov və atəşkəs razılaşmasını bütün Yaxın Şərq strategiyasının mərkəzinə qoyub. Bayden razılığa gəlmək səylərində şəxsən iştirak edir və bunu vəzifəsində qalan altı aylıq gündəminin əsas elementi kimi görür.
ABŞ rəsmilərinin sözlərinə görə, Bayden HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən narazılığını bildirib. Məqalə müəllifləri xatırladıblar ki, ona qarşı hücum ABŞ prezidenti ilə İsrailin baş naziri arasında Vaşinqtonda keçirilən görüşdən cəmi bir həftə sonra həyata keçirilib, görüşdə atəşkəsə nail olmaq səyləri müzakirə olunub.
Bildirilir ki, Bayden həmçinin Netanyahuya xəbərdarlıq edib ki, münaqişə yenidən şiddətlənərsə, o, ABŞ-nin köməyinə ümid etməməlidir. Ağ Ev şərh verməkdən imtina edib.
Rəylər