Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyada məktəbli müəllim və şagirdlərə hücum etdi: "Əlində tapança və çəkic var idi"
İlkin məlumatlara görə, yeniyetmə intihar oyununun - ölümcül kvestin iştirakçısı olub.
Oxu.Az-ın "Shot" "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, o, tapşırıqları yerinə yetirirmiş və bunun finalı intihar olmalı imiş. Lakin məktəbli planlaşdırdığını axıra çatdıra bilməyib.
Ona biologiya müəlliməsi mane olub. Onun özü də ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
"İqor (ad dəyişdirilib) dərsin bitməsinə beş dəqiqə qalmış biologiya kabinetinə qaçıb girdi. Əlində tapança və çəkic var idi. O, heç nə demirdi, sadəcə qışqırırdı. Mən dərhal onu dayandırmaq üçün qışqırmağa başladım. Ona yaxınlaşdım, amma qızlar məndən bir az cəld tərpəndilər. O, hər ikisinin başına çəkiclə vurdu, sonra mənim əllərimə, çiynimə və başıma vurdu", - deyə pedaqoq Nina Ş. bildirib.
İqor ona hücum edən daha bir oğlana zərbə endirməyə macal tapıb. Müəllimə kömək çağırıb və kabinetdən qaçıb. Onun sözlərinə görə, bundan sonra məktəbli çəkici atıb və tapança ilə dəhlizə, Nina Ş. isə onun arxasınca qaçıb.
"İqoru görmədim, amma dəhlizdə tapançanı tapdım. Onu götürüb kabinetə gətirdim. Artıq bütün rəhbərlik və mühafizəçi məktəbdə onun arxasınca qaçmağa başlamışdı. Onu tualetdə tapdılar: yeniyetmə əlində qana bulaşmış böyük bıçaqla dayanmışdı. O, özünü bıçaqla kəsmişdi. Onu necə yaxaladıqlarını və təslim olmağa razı saldıqlarını bilmirəm", - deyə müəllimə bildirib.
Onun sözlərinə görə, zərərçəkənlərin ağır xəsarətləri var, qızlar qan içində idilər. Nina Ş. vurğulayıb ki, əvvəllər bu məktəblinin heç bir problemi olmayıb, sakit davranıb.
"Məktəbdə mühafizəçi və metal detektoru var idi. Bütün bu əşyaları məktəbə necə keçirdiyini bilmirəm", - deyə xəsarət almış müəllimə əlavə edib.
Çelyabinsk vilayəti üzrə İstintaq Komitəsinin İdarəsindən bildirilib ki, hadisədən sonra səhlənkarlıq və qətlin təşkili ilə bağlı cinayət işləri açılıb.
Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler regionun bütün təhsil müəssisələrində yoxlamalar keçirməyi tapşırıb.
"Şagirdin məktəbə çəkici və silahı necə keçirməsi böyük sualdır. Niyə mühafizə reaksiya verməyib? Hüquq-mühafizə orqanlarına, Təhsil Nazirliyinə, şəhər administrasiyasına, uşaq hüquqları üzrə müvəkkilə vəziyyəti ətraflı araşdırmağı tapşırmışam", - deyə qubernator "Telegram"da yazıb.
Rusiyada dəhşətli hadisə baş verib. 13 yaşlı məktəbli sinif yoldaşlarına çəkiclə hücum edib.
Oxu.Az-ın verdiyi məlumata görə, qorxunc hadisə Çelyabinskdə olub.
Bildirilir ki, tədris, tərbiyə və müalicə ilə bağlı çətinlikləri olan uşaqlar üçün xüsusi məktəbin şagirdi sinifdə çəkici çıxarıb və otaqdakılara xaotik şəkildə zərbələr endirməyə başlayıb. Üç nəfər yaralanıb, onlardan bir qızın vəziyyəti ağırdır.
Yeniyetmə saxlanılıb. Hadisə araşdırılır.
Rəylər