Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
Qloballaşma və sürətli texnoloji tərəqqi dövründə innovasiyalar həm dövlət, həm də özəl sektorda dayanıqlı inkişafın ayrılmaz hissəsinə çevrilib. Müasir texnologiyalar həyatın bütün sahələrinə nüfuz edir, biznesin ənənəvi üsullarını dəyişir, istehsalın səmərəliliyini artırır, yeni istehlak vərdişləri formalaşdırır və sosial-iqtisadi problemlərin həlli üçün yeni imkanlar yaradır. Ölkələrin bir çoxu innovasiyanı dünya miqyasında rəqabət qabiliyyətini artırmaq yolunda əsas vasitə kimi qəbul edir. Bəs dövlətlər innovativ fəaliyyəti hansı üsullarla effektiv şəkildə stimullaşdıra bilər? Bu suala cavab olaraq innovasiya mərkəzləri ön plana çıxır.
İnnovasiya mərkəzləri və onların iqtisadi inkişafdakı rolu
İnnovasiya mərkəzləri startapları və yeni texnologiyaların işlənib hazırlanması ilə məşğul olan şirkətləri dəstəkləyən platformalardır. Belə mərkəzlər sahibkarlara ideyalarını həyata keçirməkdə kömək etməklə yanaşı, innovasiya və iqtisadi artım üçün şərait yaradan ekosistemin inkişafını da şərtləndirir.
İnnovasiya mərkəzlərinin üstünlüyü
Startaplara dəstək: İnnovasiya mərkəzləri startaplara investorlarla əlaqə, mentor dəstəyi, o cümlədən texnoloji və insan kapitalı resurslarından istifadə imkanı verir ki, bu da startapların ilkin inkişaf mərhələsində çox vacib rol oynayır.
Ekosistemin formalaşması: Mərkəzlər ekosistemi formalaşdırır və bu məkanlarda iri korporasiyalar, investorlar, startaplar və hökumət qurumları yeni məhsul və xidmətlərin yaradılması üçün birgə fəaliyyət göstərirlər, təcrübə mübadiləsi aparırlar.
İqtisadi şaxələnmə: Bu mərkəzlərdən çıxan uğurlu startaplar isə yeni texnologiyaların tətbiqi, iş yerlərinin yaradılması və iqtisadi diversifikasiyanın güclənməsinə mühüm töhfə verir.
Regiondakı innovasiya mərkəzləri
Fərqli ölkələrdə texnoloji ekosistemlərin inkişafı və startapların dəstəklənməsi üçün innovasiya mərkəzləri yaradılır. Regionumuzdan bir neçə nümunəyə nəzər salaq:
· Qazaxıstan: Qazaxıstan innovasiya mərkəzlərinin, xüsusilə də "Astana Hub"ın inkişafına ciddi diqqət yetirir. "Astana Hub" Mərkəzi Asiyada texnoloji startaplar üçün mühüm platformaya çevrilib. Bu mərkəz startapların investor tapmasına və qlobal bazarlara çıxmasına dəstək verir.
· Ukrayna: Ukraynada innovasiya infrastrukturunun əsas elementlərindən biri Kiyevdə yerləşən "UNIT.City"dir. Bu mərkəz startapları, korporasiyaları və təhsil müəssisələrini bir araya gətirərək bilik və texnologiya mübadiləsini stimullaşdırır. "Ukraine Tech Ecosystem" sürətlə inkişaf edir, İT və biotexnologiya istiqamətində ixtisaslaşan startapları istiqamətləndirir.
· Özbəkistan: Özbəkistan Mərkəzi Asiya regionunda texnoloji tərəqqidə lider mövqeyinə yüksəlmək üçün ciddi addımlar atır. Daşkənddə fəaliyyət göstərən İT-park texnoloji sahibkarlar və startaplar üçün əlverişli şərait yaradır və onların inkişafının hər mərhələsində dəstək göstərir.
· Türkiyə: Türkiyədə innovasiya mərkəzləri iqtisadiyyatın rəqəmsallaşmasında əsas rol oynayır. Ən böyük mərkəzlərdən biri olan "Teknopark İstanbul İT", biotibb və mühəndislik sahələrində fəaliyyət göstərən startaplara və şirkətlərə dəstək verir, iş yerlərinin yaradılmasına və ölkənin ixrac potensialının artırılmasına kömək edir.
Azərbaycanda innovasiyalar
Son illərdə Azərbaycan texnoloji tərəqqi və iqtisadiyyatın rəqəmsallaşması istiqamətində ciddi addımlar atır. Ölkədə 2023-2024-cü illərdə keçirilən inkubasiya və akselerasiya proqramları nəticəsində 600 innovativ ideya, 150-dən çox minimal həyatqabiliyətli məhsul (MVP) ərsəyə gəlib. Qarşıdakı illərdə hədəf MVP məhsulu olan startapların sayını 700-ə çatdırmaqdır. Bununla yanaşı, texnopark rezidentlərinin sayı da 86-ya yüksəlib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi "Roadshow" layihəsi çərçivəsində Azərbaycan startapları dünyanın ən nüfuzlu texnologiya tədbirlərində iştirak etmək şansı əldə edirlər. Startap və innovativ layihələrin uğurunu müvafiq insan kapitalı olmadan təsəvvür etmək çətindir. Ölkədə İKT üzrə insan kapitalının inkişaf etdirilməsi də son illərdə prioritet hesab edilən sahədir. Holberton Məktəbi, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və digər təqaüd proqramları ölkəyə 10 minə yaxın gənc İKT mütəxəssisi qazandırıb.
Son illərdə Azərbaycanda startapların maliyyə resurslarına çıxış imkanları da genişləndirilib. Belə ki, "Caucasus Ventures" vençur kapital fondunun təsis edilməsi bu sahədə müstəsna rol oynayıb. Fond indiyədək 19 startapa 1.5 milyon ABŞ dolları dəyərində investisiya edib. Onu da qeyd etməliyik ki, ötən il ərzində Azərbaycan startapları 2.2 milyon dollar investisiya cəlb edə biliblər.
İnnovativ həllərin tətbiqi dövlət strategiyasının aparıcı vektoruna çevrilib və təbii ki, ölkədə innovasiya mərkəzinin təsis edilməsi bu istiqamətdə vacib addım olardı. Milli innovasiya ekosisteminin inkişafı fonunda belə bir mərkəz yeni startapların yaranmasına təkan verə, beynəlxalq investorları cəlb edə və gənc sahibkarlar üçün yeni imkanlar yarada bilər. Bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərərək sənaye sahələrinin şaxələndirilməsi və nəticə etibarilə yeni iş yerlərinin açılması üçün münbit şərait yarada bilər.
İRİA-nın bəyanatlarına əsasən, yaxın zamanda Azərbaycanda belə bir innovasiya mərkəzinin açılması gözlənilir. Birmənalı olaraq deyə bilərik ki, bu cür mərkəz iqtisadiyyatın diversifikasiyasına əhəmiyyətli töhfə verərək ölkənin qlobal müstəvidə innovativ imicini gücləndirəcək. Mərkəz eyni zamanda həm yerli startapların inkişafı, həm də regional və qlobal innovasiya ekosistemi ilə əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" teqi üzrə xəbərlər
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- Mastercard dayanıqlılıq mövzusunda "Sandbox as a Service" hakatonunun qaliblərini elan edir
- Azərbaycan İnnovasiya Mərkəzi açılıb
- Azərbaycanda yenilik: Bəzi vacib sənədləri üzərimizdə daşımağa EHTİYAC QALMAYACAQ
- "Unibank"ın xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqənizlə istifadə edə bilərsiniz
Rəylər