Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Usta və “moyşik”lər sahibindən icazəsiz sürdükləri maşınla qəza törədərlərsə... - Polisdən XƏBƏRDARLIQ + FOTO
Son zamanlar tez-tez müşahidə edilən qayda pozuntularından biri də sürücülük hüququ olmayan ustaların, avtoyuma məntəqələrinin əməkdaşlarının avtomobilləri icazəsiz sürməsidir. Hətta bu cür hallara yol verən şəxslərin bir neçəsi sükan arxasında yol-nəqliyyat hadisəsi də törədib.
Sürücülər nəqliyyat vasitəsini təmir üçün ustaya, təmizlik üçün avtoyuma məntəqələrinə verməsinlər? İndi sürücü ustanın dilindən kağız almalıdır ki, mənim avtomobilimi icazəsiz çıxarıb şəhərdə idarə etmə?
Ümumiyyətlə, bu cür hallarda avtomobil sahibləri, necə deyərlər, oturduqları yerdə problem yaşayırlar.
Bunun qarşısını almaq üçün sürücü nə etməlidir? Qanunla bu kim hallarda tərəfləri hansı məsuliyyət gözləyir?
Məsələni Oxu.Az-a şərh edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, təəssüf ki, bu kimi hallara rast gəlinir:
“Ötən 9 ay ərzində Bakı şəhərində ölüm və xəsarətlə qeydə alınan qəzaların 7,8 faizi, yəni 25 fakt sürücülük və idarəetmə hüququ olmayan şəxslər tərəfindən törədilib. Bu hadisələr zamanı 13 nəfər dünyasını dəyişib, 15 nəfər xəsarət alıb. Hesabat dövründə isə 8 360 qanunsuz hərəkətlər üzrə faktlar aşkarlanıb ki, hər birinə hüquqi qiymət verilib. Hətta bu cür hərəkətlərin yaratdığı daha ağır fəsadlara yol açan hallarla da rastlaşırıq. Avtomobilini avtoyuma məntəqəsinə verən sürücünün avtomobili ilə qəza törədilir və ya nəqliyyat vasitəsi təmir üçün ustaya verilir, usta isə içkili halda nəqliyyat vasitəsini sahibindən xəbərsiz idarə edir. Təbii ki, bu məsələlərdə bu hallara yol verən şəxslərin də, avtomobil sahiblərinin də qanuni məsuliyyəti var. Çünki nəqliyyat vasitəsi mülkiyyətçisi tərəfindən də ciddi nəzarətdə saxlanılmalı məqamlar mövcuddur.
Belə ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan idarə edilməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 332-ci və 335-ci maddələri ilə tənzimlənir. Maddənin tələbinə görə, nəqliyyat vasitəsini idarə edən şəxs barəsində 100 manat məbləğində, nəqliyyat vasitəsini idarə etməyə verən şəxs barəsində isə 60 manat məbləğində cərimə protokolları tərtib edilir.
İkinci tərəfdən, sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilən şəxslər barəsində qanunla böyük məbləğdə cərimə, beş cərimə balı və ya sürücülük hüququnun məhdudlaşdırılması kimi sanksiyalar nəzərdə tutulur. İdarəetmədə aşkarlanan şəxsin özü birbaşa məsuliyyət daşıyır və cəriməni də ödəməlidir”.
Bəs cəriməni ödəməkdən imtina edərlərsə?
Araz Əsgərli onu da əlavə edib ki, əgər bu kimi hallara yol verən şəxslər cəriməni ödəməkdən imtina edərlərsə, nəqliyyat vasitəsinə iki aydan sonra həbs qoyula bilər:
“Fakt odur ki, hadisə nəqliyyat vasitəsində olub. Kim törədib, hansı formada olub, tərəflər arasında cərimənin ödənilməsi məsələsi müzakirə mövzusudur və bu məsələnin digər tərəfidir. Cərimə ödənilmədiyi təqdirdə isə nəqliyyat vasitəsinə həbs qoyula bilir və sahibi belə həmin avtomobili idarə edə bilməz. Çünki xətanın subyekti həmin avtomobil olduğu üçün saxlanılması tələbi də məhz avtomobilə yönəlir. Eləcə də sürücülük hüququ olmayan şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin qəza zamanı dəymiş ziyanının sığorta şirkəti tərəfindən alınmasında da problemlər yaşanacaq. Belə ki, sığorta tərəfi sürücülük hüququ olmayan şəxsin qəzada dəymiş ziyanı subroqasiya qaydasında geri almaq üçün məsələni məhkəməyə qədər qaldıra bilər və mübahisəli proses isə bəzən belə hallarda uzana da bilir. Bu səbəblərdən də nəqliyyat vasitələrinin sahiblərinə müraciət edirik. Avtomobili ustalara, avtoyuma məntəqələrinə, eləcə də digər hüquqsuz şəxslərə həvalə edərkən diqqətli olmaq lazımdır ki, sonra nə inzibati, nə mülki, nə də cinayət məsuliyyəti yaranmasın”.
Könül Cəfərli
Rəylər