Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sakinlərin DİQQƏTİNƏ: Bakının bəzi küçələrində yol hərəkətində dəyişiklik edilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində nəzərdə tutulan yeddi layihədən üçüncüsünün icrasına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, bu dəfə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.
Hazırkı şəraitdə Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyov küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Y.Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyə dönmə yerindən istifadə edirlər. Bu isə həm Y.Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyə dönmə yerində nəqliyyat yükünün və sıxlıqların artmasına səbəb olur. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən olunmamış yerlərdən keçmək məcburiyyətində qalırlar.
Layihə əsasında Xocalı prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində arakəsmənin ləğv edilərək nizamlanan yolayrıcının təşkil edilməsi, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır. Hesablamalara əsasən, həyata keçiriləcək dəyişikliklər nəticəsində Y.Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü 950 avt/saat azalacaq, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1 300 metr qısalacaq. İşıqforların önündə təşkil ediləcək nizamlanan eyni səviyyəli piyada keçidlərinin hesabına piyadaların əlçatanlığı və təhlükəsizliyi təmin ediləcək.