Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Qırmızı diplomlular”: Onlara hansı imtiyazlar verilməlidir? - FOTO
Bir neçə gün əvvəl Milli Məclisin iclasında qırmızı diplomlarla bağlı təklif səsləndirilib. Spikerin müavini Fəzail İbrahimli bildirib ki, universiteti qırmızı diplomla bitirənlər diplomda mürəkkəb qurumamış gedib hansısa iş yerində imtahan verirlər. O qeyd edib ki, hazırda ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeyd yanaşılır:
“Biz ali məktəbləri qırmızı diplomla bitirənlərin əziyyətinə laqeydik. Ona görə təklif edirəm ki, “Təhsil haqqında” qanuna dəyişikliklərin siyahısına ali məktəbi qırmızı diplomla bitirən məzunlara üstünlük verilməsini də daxil edək. Bu, bir tarixdir və bunu bərpa etməliyik. Yoxsa tələbə niyə cəhd edib qırmızı diplom alsın?! Etiraf edək ki, bu gün qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə arxivə çevrilib”, - deyə F.İbrahimli əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i “əla”, qalanları isə yalnız “yaxşı” olan, dövlət imtahanı və buraxılmış işinin müdafiəsindən “əla” qiymət alan məzunlar fərqlənmə diplomu alırlar. Ancaq qanunvericiliyə görə, bu fərqlənmə diplomu əmək bazarında digərlərindən, yəni adi göy diplomdan fərqli heç bir üstünlük qazandırmır. Zaman-zaman bu mövzu tənqid olunub və müvafiq təkliflər verilib.
Lakin qırmızı diplomu olan məzunlara üstünlük verilməsi təklifi hər kəs tərəfindən birmənalı qarşılanmır. İqtisad Universitetinin rektoru Ədalət Muradov ötən il özünün sosial media hesabında yazıb ki, sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara “qırmızı” (fərqlənmə) diplom verilirdi: “Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı” diplom digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı” diplom verilir”.
Həqiqətən, universiteti fərqlənmə diplomu ilə bitirənlərə əmək bazarında üstünlük verilməlidirmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov ali məktəbi fərqlənmə diplomu ilə bitirən şəxslərə müəyyən üstünlüklər verilməsi təklifini müsbət qiymətləndirir.
“Hesab edirəm ki, belə təklif nəzərdən keçirilə bilər və ali məktəbi fərqlənmə diplomu ilə bitirən şəxslərə müəyyən üstünlüklər verilə bilər. Əvvəlki dövrlərdə də ali məktəbi fərqlənmə diplomu ilə bitirən insanlar müəyyən üstünlük əldə edirdilər. Fikrimcə, hər hansı üstünlük verildiyi təqdirdə, bu, bizim tələbələrimizi oxumağa, öyrənməyə, biliklər əldə etməyə cəlb edə bilər. Bu da prosesə daha çox töhfə verə bilər. Fikrimcə, biz bu məsələni nəzərdən keçirə və müəyyən addımlar ata bilərik”, - deyə o bildirib.
Deputat qeyd edir ki, bu addım gənclərin daha yaxşı oxumasına öz müsbət töhfəsini verə bilər:
“Əlbəttə ki, bununla bağlı müxtəlif baxışlar, yanaşmalar ola bilər. Hesab edirəm, bu, daha çox Elm və Təhsil Nazirliyinə aid məsələdir. Nazirlik də, bu məsələni araşdıraraq uyğun qərar qəbul edə bilər ki, bu qərar da bütövlükdə qeyd etdiyimiz kimi prosesə müəyyən müsbət töhfəsini versin. Yəni belə addımın atılmasının da əsas hədəf və məqsədi tələbələrin daha bilikli və savadlı olmasına dəstək verməkdir”.
Təhsil eksperti İlqar Orucov isə ali məktəbi fərqlənmə diplomu ilə bitirənlərə xüsusi güzəştlərin olmasının doğru olmayacağını vurğulayır:
“Hesab edirəm ki, işə qəbul prosesində yaxud hər hansı rəqabət mühitində ali məktəbi qırmızı diplomla bitirən şəxslərə güzəştlərin edilməsi doğru yanaşma olmazdı. Sovet dövründə universiteti fərqlənmə diplomu ilə bitirənlərə güzəştlər edilirdi. Zamanında mən də ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Mənim fərqlənmə diplomuma görə güzəştlər olub. Amma indi əmək bazarının şərtləri, tələbləri dəyişib. Əvvəlki illərdə məzun öz diplomu ilə bir ömür işləyə bilirdisə, hazırkı dövrdə tələblər o qədər çətinləşib və sərtləşib ki, tələbə hətta bir neçə dəfə ixtisasını dəyişməyə məcburdur”, - deyə o bildirib.
Belə olan halda hansı güzəştlərdən söhbət gedə bilər?
Ekspert vurğulayır ki, hazırkı dövrdə ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirənlərə yalnız doktoranturaya qəbul prosesində müəyyən güzəştlər edilir.
“Bir halda ki, əgər eyni yerə bir neçə nəfər sənəd veribsə və onların imtahan balları üst-üstə düşürsə və hansısa biri ali məktəbi qırmızı diplomla bitiribsə, yalnız o halda həmin şəxsə güzəşt edilir. Digər hallarda isə güzəştlər nəzərdə tutulmur və tutula da bilməz. Çünki, məsələn, işə qəbul prosesində adi diplomla universiteti bitirən şəxs qırmızı diplomla universiteti bitirən şəxsdən daha yaxşı cavab verirsə, əlbəttə ki, üstünlük ona verilməlidir. Fərqlənmə diplomu ilə universiteti bitirdiyinə görə kiməsə güzəşt edilməsi ədalətsizlik olar. Söhbət fərqlənmə diplomundan gedirsə, bu diplom universitetdə oxuduğu müddət ərzində tələbənin əldə etdiyi nailiyyətlərin göstəricisidir. Fikrimcə, kimsə fərqlənmə diplomu ilə universiteti bitirirsə, o ömür boyu bundan istifadə etməlidir deyə bir yanaşma qüsurlu yanaşmadır. Tələbə universiteti aşağı qiymətlərlə oxuya bilər. Lakin o, sonrakı dönəmlərdə üzərində çalışa, biliklərini təkmilləşdirə və əlavə biliklər alıb işə qəbul prosesində daha yaxşı müvəffəqiyyət göstərə bilər. Bu baxımdan hesab edirəm ki, bu yanaşma doğru yanaşma deyil”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.
Təhsil eksperti Namiq Hacıheydərli isə şəxslərə diplomuna görə deyil, bilik və bacarıqlarına görə dəyər verilməli olduğunu bildirib.
“Bilirik ki, Azərbaycanda orta məktəblərin əksəriyyətində rüşvət var. Eləcə də, ali məktəblərimizin önəmli bir qismindən hələ də, rüşvət tamamilə yığışdırılmayıb. Bu da həqiqətdir ki, bəzi insanlarımız məzmundan daha çox formaya önəm verirlər. Yəni diplomunun qırmızı olmasını gerçək biliklərdən, adının aşağısında gurultulu titulların olmasını sadə imzadan daha üstün tuturlar”, - deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, forma aludəçiliyi sovetdən qalmış miraslardan biridir:
“Təəssüflər olsun ki, sovet təhsilli ziyalılarımızın bəziləri hələ də bu aludəçilikdən qurtula bilməyiblər. Dünya dəyişir, prinsiplər dəyişir, eləcə də bu gün insanın bilik və bacarıqlarına olan münasibət də zamanın tələblərinə uyğun həyata keçirilir. Bir mütəxəssisin qırmızı diplomla ali məktəbi bitirməsi onun professional mütəxəssis olmasına zəmanət vermir. Düşünürəm ki, bu məsələdə “bu meydan, bu da şeytan” prinsipi ilə iş görülməlidir. Fəzail İbrahimlinin irəli sürdüyü fikir müasir dövrümüzdə özünü tam mənada doğrultmur. Bu mənada hər kəsə diplomuna görə deyil, bilik və bacarıqlarına görə dəyər verilməlidir”.
"Ceyhun Məmmədov" teqi üzrə xəbərlər
- Deputat: "Veteran pulu" cüzi də olsa, artırılmalıdır"
- Deputat: "Dövlətin bütün sahibsiz heyvanlara sahib çıxması çətin məsələdir"
- Tələbə təqaüdləri nə vaxtdan artırılacaq?
- Millət vəkili: "Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil yetişdirilir"
- Ceyhun Məmmədov: "Prezident gənc nəslin milli ruhda böyüməsi məsələsinə xüsusilə toxundu"
Rəylər