Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qeysəriyyə əməliyyatından sonra şizofreniya xəstəsi olmaq və o diaqnozu dəyişmək mümkündürmü?
Bu günlərdə paranoidal şizofreniya xəstəsi olan qadının pensiyasının kəsildiyi ilə bağlı iddia mətbuatda yer almışdı. İddia olunurdu ki, 2015-ci ildə ikinci övladını qeysəriyyə yolu ilə dünyaya gətirən ana əməliyyat zamanı sinirlərinə zərər dəyməsi səbəbindən şizofreniya xəstəsi olub. O da iddia olunurdu ki, pensiyasının yenidən bərpa olunması üçün xəstədən ona qoyulan şizofreniya diaqnozunun dəyişdirilməsi tələb olunub.
Qadınların hamiləlik və doğuş zamanı müəyyən psixi problemlərlə rastlaşması hallarına rast gəlinib. Bəs görəsən, qeysəriyyə əməliyyatı zamanı hər hansı sinirə toxunmaq və bu səbəbdən şizofreniya xəstəsi olmaq mümkündürmü? Məsələyə bir qədər geniş yanaşmağa çalışdıq.
Görəsən, şizofreniyanın yaranma səbəbi nədir? İnsan şizofreniya ilə doğulur və xəstəlik müəyyən bir dönəmdə özünü büruzə verir, yoxsa sonradan hər hansı hadisə nəticəsində sağlam insan da şizofren ola bilər? Bəs şizofreniya diaqnozu qoyulan şəxsin diaqnozu hər hansı bir müddətdən sonra dəyişdirilə bilərmi?
Cəmiyyəti narahat edən suallarla bağlı otuz ildən çoxdur həkim-psixiatr kimi çalışan Abdulla Şıxlinskinin fikirlərini aldıq.
Həkim-psixiatr Oxu.Az-a açıqlamasında bildirdi ki, istər qeysəriyyə əməliyyatı zamanı, istər doğuş zamanı, istərsə də digər hər hansı bir halda insanın şizofreniya xəstəsinə çevrilməsi mümkün deyil.
"Əgər doğuş vaxtı qadında hər hansı bir xəstəlik üzə çıxırsa, onun hamısını yıxırlar hamiləliyin üzərinə, doğuşun üzərinə. Bu, düzgün deyil. Şizofreniya elə bir xəstəlikdir ki, onun səbəbi daxildədir. İnsan artıq şizofren kimi dünyaya gəlir, o cür doğulur. Müəyyən bir dövrdə xəstəlik özünü büruzə verməyə bilər. Lakin həyatda müəyyən bir çətin an olanda uşaqlıqdan bəri daxildə qalan xəstəlik hissi baş qaldırmış olur.
Ümumiyyətlə, bilmək lazımdır ki, şizofreniya 99% hallarda irsən keçən xəstəlikdir, yəni daxili səbəb nəticəsində xəstənin orqanizmində olan həmin o şizofreniya xəstəliyi özünü büruzə verir.
Qadının həyatında o çətin anlardan biri də hamiləlikdir. Yaxud tutaq ki, heç qadın, yaxud da hamilə deyil. İnsan müəyyən bir çətin vəziyyətə düşüb, deyək ki, yaxın adamını itirib, müəyyən bir maddi çətinliklə üzləşib və s. Belə şəraitlərdə də şizofreniya özünü göstərir.
Təkrar etmək istəyirəm, nə hamiləlik zamanı, nə doğuş zamanı, nə də hər hansı bir əməliyyatdan sonra şizofreniya xəstəsi olmaq mümkündür. Əgər belə bir hal varsa, bu o deməkdir ki, adam əvvəldən xəstə olub, sadəcə, xəstəlik özünü göstərməyib.
Bunun da səbəbi odur ki, şizofreniya sonradan özünü büruzə vermək üçün, loru dildə desəm, bir fürsət axtarır. Sanki gözləyir ki, hansısa bir əlverişsiz və çətin şərait yaransın və o özünü göstərə bilsin. Şizofreniya belə bir xəstəlikdir", - deyə həkim-psixiatr qeyd edib.
Şizofreniyanın yaranma səbəblərinə gəlincə isə A.Şıxlinski bildirib ki, bu səbəblər hələ ki elmə axıracan məlum deyil:
"Amma bir çox tədqiqatlar sübut edir ki, bu xəstəlik irsən keçir. Yəni həmin xəstələri araşdıranda həmişə nəslindəki hansısa bir insanda, babasında, ulu babasında, anasının xalası oğlunda və ya bibisinin uşağında və s. bu xəstəlik olmuş olur.
İnsan sonradan şizofren olmur, insan şizofren doğulur. Amma xəstəlik asanlıqla üzə çıxmır, özünü göstərmək üçün "fürsət" gözləyir. Şizofreniyanın özünü büruzə vermə səbəbi isə yuxarıda qeyd etdiyim kimi, bir sıra faktorlardan asılı olur.
Sağlam insan heç bir halda sonradan şizofreniya xəstəsi ola bilməz. İzah edirəm, əgər uşaqlıqdan onun daxilində hər hansı bir hazırlıq yoxdursa, yəni irsi meyillilik yoxdursa, sonradan o adam heç bir halda şizofren ola bilməz".
Şizofreniya təsbit edilən şəxsin diaqnozunun hansısa müddət sonra dəyişdirilməsi məsələsinə gəlincə, həkim-psixiatr bunun da heç bir halda mümkün olmadığını diqqətə çatdırıb:
"Şizofreniya diaqnozunun dəyişilməsi heç bir halda mümkün deyil. Bilmək lazımdır ki, şizofreniya ömürlük xəstəlikdir. Bu diaqnozu kim, necə dəyişə bilər? Şizofreniyanın diaqnozu bir dəfə qoyulur, bir dəfə təsdiq olunur. Əgər bu hal xəstəxana şəraitində təsdiq olunubsa, yəni xəstə xəstəxanada yatıb, onu orada bir ay müşahidə ediblər və diaqnozu dəqiqləşdirilibsə, bunu artıq heç kim dəyişə bilməz, çünki qeyd etdiyim kimi, bu, artıq ömürlükdür. Bu elə bir xəstəlikdir ki, bir dəfə komissiya şəklində, yəni üç-dörd həkim yığılıb o diaqnozu qoyur və artıq ömürlük həmin xəstənin arxasınca gəzir o diaqnoz.
Əgər Azərbaycanın hər hansı bir müalicə müəssisəsi, psixiatriya xəstəxanası hansısa şəxsə o diaqnozu qoyursa və onun əsasında adama pensiya təyin olunursa, o pensiyanı o xəstə həmişə almalıdır.
Əgər kimsə xəstəyə deyirsə ki, "get diaqnozu dəyiş, yüngül yazdır", bu, doğru deyil. Şizofreniya diaqnozu qoyulan xəstədən o diaqnozun dəyişdirilməsini istəmək absurd bir şeydir. Çünki onu dəyişmək özü saxtakarlıqdır, səhvdir. Əgər adam nevroz olsa, bəli, onu sonradan dəyişmək olar, əgər hər hansı bir başqa psixi xəstəlik olsaydı, onu da dəyişmək olardı, amma şizofreniya xəstəliyinin diaqnozu dəyişməzdir.
Başa düşmək lazımdır ki, bu, çox ağır xəstəlik və dəhşətli diaqnozdur. Onu dəyişmək, bilirsiniz, nəyə oxşayır? Elə bil, birinci dəfə yazırsan ki, xəstənin ayağı yoxdur - ya hər hansı səbəbdən kəsilib, ya minaya düşüb, ayağını itirib və s. Sonra altı ay, ya bir il sonra xəstə gedir və ona yazırlar ki, onun ayağı yerindədir. Belə bir şey ola bilər? Əlbəttə, ola bilməz. Şizofreniya diaqnozu eynən belədir. Sadəcə, bir misalda bu, ayaqdır, ikinci misalda da insanın ruhi aləmi, psixi sferasıdır. Xəstədən belə bir tələb etmək tamamilə əsassız və qanunsuzdur - istər mənəvi, istər tibbi tərəfdən".
Sonda həkim-psixiatr sözügedən videodan xəbərdar olduğunu da diqqətə çatdırıb və qeyd edib ki, həmin xəstə psixonevroloji internatda olmalıdır:
"Sözügedən videoya əsasən isə bir məsələni də əlavə etmək istəyirəm ki, həmin qadın çox ağır xəstədir. Onu evdə saxlamaq olmaz. Xəstənin anası da qeyd edir ki, onu xəstəxanalara qoyub, müalicələrin heç bir xeyri yoxdur. Əgər müalicələrin xeyri yoxdursa, o xəstə psixonevroloji internatda olmalı və ömrü boyu orada yaşamalıdır".
Əzizə İsmayılova
Rəylər