Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Güclü külək, leysan, dolu: Qeyri-sabit hava ciddi fəsadlar törədib
Müşahidə olunan qeyri-sabit hava ölkənin şimal-qərb bölgəsində fəsadlar törədib.
"Report"un məlumatına görə, axşam saatlarından başlayaraq Balakən, Zaqatala və Qax rayonları ərazisində hava şəraiti kəskin dəyişib.
Hər üç rayonun ərazisində güclü külək əsib, leysan yağıb və dolu düşüb. Balakən və Zaqatala rayonlarının ərazisində güclü külək nəticəsində irigövdəli ağaclar aşıb.
Qeyri-sabit hava şəraiti Qax rayonunda da fəsadlara səbəb olub.
Dolu nəticəsində təsərrüfatlara ziyan dəyib. Güclü külək ağacları yollara aşırıb. Nəticədə Zaqatala-Qax avtomobil yolunun Qaxın Zərnə kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti mümkün olmayıb.
Aşan ağaclar elektrik təsərrüfatına da ziyan vurub. Nəticədə rayona elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda Qax rayonunda elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.
Qax rayonuna güclü dolu düşüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, təbiət hadisəsi bu gün axşam saatlarında mərkəzdə və rayonun kəndlərində müşahidə olunub.
İyirmi dəqiqədən artıq davam edən yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.
Hazırda Qax rayonunda güclü küləklə müşahidə olunan leysan yağışı yağır.
Qeyd edək ki, Azərbaycanın müxtəlif rayon və şəhərlərində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti əkin sahələrinə ziyan vurub.
Eyni zamanda, Zaqatala rayonunun Suvagil kəndinə də dolu düşüb. Yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.