Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qanunsuz sərnişin daşıyan avtobus sürücüləri cəzalandırıldılar
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də sərnişindaşıma qaydalarını kobud şəkildə pozan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbirlər nəticəsində sərnişin daşınması üçün standartlara cavab verməyən avtobus və mikroavtobuslar aşkar olunub. Həmçinin, qanunsuz sərnişindaşıma ilə məşğul olan və müvafiq kateqoriyası olmayan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıblar. Yoxlamalar zamanı həmin nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırıldığı da məlum olub.
Sürücülərlə maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.