Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Polietilen torbaların pulla satılmasının dəyişdirmədiyi mənzərə - FOTO/VİDEO
Ticarət obyektlərində polietilen torbaların pulla təklif olunmasından bir ilə yaxın vaxt keçir. Ötən dövr ərzində istehlakçılar tərəfindən polietilen torbalara maraq azalsa da, bunun ekologiyaya yan təsirləri azalmayıb.
Son günlər davam edən küləkli havalarda şəhərin mərkəzi küçələrində polietilen torbalar yenə də havada uçuşur. Bu da onu göstərir ki, layihə maraqlı olsa da yarımçıq icra olundu. Bundan ən çox qazanan iri ticarət şəbəkələri oldu. Hazırda elə ticarət şəbəkələri var ki, polietilen torbaların satışından ayda 10-15 min manat qazanır.
Amma küçələrdə və açıq sahələrdə yenə də polietilen torbaların yığıntısına rast gəlmək olur.
Bu da onunla əlaqədardır ki, tikinti, geyim, qida və digər sektorlarda polietilen torbalar yenə də pulsuz təklif olunur. Üstəlik, ticarət şəbəkələrində polietilen torbalara alternativ heç bir torba təklif olunmur. Bu da məsələnin ən pis tərəfidir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu layihə vəziyyətə 30 faiz təsir edib:
“Yəni insanlar daha əvvəlki kimi marketlərin verdiyi pulsuz torbaları yığıb evə apara bilmir. Bu layihənin inzibati tərəfidir. Amma sosial tərəfi yarımçıq qalıb. Müvafiq dövlət qurumları bu sahədə maarifləndirmə işini çox aşağı səviyyədə aparırlar”.
Eyyub Hüseynov layihənin yarımçıq qalmasından da danışıb:
“Bu layihənin çatışmayan digər tərəfi ondan ibarətdir ki, qadağa yalnız ərzaq mallarına tətbiq olundu. Qeyri yerlərdə yenə də polietilen torbalardan geninə-boluna istifadə edilir. Xatırladım ki, bu layihəyə başlayanda təklif etmişdik ki, polietilen torbaların üzərində heç bir reklam olmasın. Çünki reklam yazıları ağır metallardan hazırlanmış materiallardan istifadə edilməklə hazırlanır.
Evlərə daşınan torbaların üzərindəki reklamlar da insanların səhhətinə ciddi ziyan vurur. Təəssüf ki, bizim təklifimiz eşidilmədi. Bir sözlə, adı ekoloji layihə olan bu tədbir çox təəssüf ki, yarımçıq qaldı. Müvafiq qurumlar bu layihənin uğurlu və davamlı olması üçün lazımi təşəbbüsü göstərmirlər”.
Qeyd edək ki, bu il fevralın 15-dən etibarən polietilen torbaların istehlakçılara pulla satılmasına başlanılıb.
"Eyyub Hüseynov" teqi üzrə xəbərlər
- Azərbaycanda alıcılara şad, satıcılara bəd xəbər: Bazarda yeni "müharibə" başlayır
- Nazirlik məlumat verir, onlar da bir müddət özlərini yığışdırırlar: "Nəzarət isə yox dərəcəsindədir"
- Bakıdakı restoranlarda iyrənc mənzərələrin qarşısını necə almaq olar?
- Bakıda çörəklə bağlı təhlükəli vəziyyət: Köhnəni təzə bişirilənə qatırlar?
- Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir?