Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Peşələri həyatları bahasına başa gələnlər: Onlar cəmiyyətimizin əsl qoruyucuları və qəhrəmanlarıdır
İyunun 24-də Bakıda silahlı insident zamanı üç polis əməkdaşı qətlə yetirilib.
Xidməti vəzifələrini yerinə yetirərkən həlak olanlar - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur. Cinayətkar - əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev öz ailə üzvlərini - həyat yoldaşını, uşaqlarını irəli verib, onların arxasından polis əməkdaşlarına atəş açıb. Polislər o anda silah tətbiq etməyiblər ki, günahsız insanlar, uşaqlar qurban olmasınlar. Bir sözlə, özlərini fəda ediblər. Əməliyyatın davamında polis əməkdaşları cinayətkarı zərərsizləşdiriblər.
Bu nə ilk, nə də sondur. Xatırlayırsınızsa, 2023-cü il sentyabrın 19-da Füzulidə xidmət aparan polislərin olduğu yük avtomobili aşmışdı. Həmin qəzada polis serjantı Rasim Oktay oğlu Məmmədov, polis serjantı Seyfi Abdullayev və polis serjantı Ələsgər Əsgərov həlak olub, altı əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki əməkdaşı həlak olub. Saat 4:30 radələrində DİN-in əməkdaşlarının olduğu "KamAZ" markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb. Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları - Asim Knyaz oğlu Camalzadə, Ramil Arif oğlu Şirinov, Seymur Elsevər oğlu Mahmudov və Xəzər Azər oğlu Zamanov hadisə yerində həlak olublar. Beləliklə, baş vermiş qəzada üç, terrorda dörd nəfər olmaqla, ümumilikdə yeddi polis əməkdaşı həlak olub.
Azərbaycan polisi çiyinlərinə düşən ağır vəzifələri ləyaqətlə yerinə yetirib. Biz bunun Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də bir daha şahidi olduq. Evdən çıxan hər bir polis əməkdaşı ehtimal edir ki, axşam evinə qayıtmaya bilər. Amma buna baxmayaraq, yenə də bu çətin peşəsinin ardınca gedir. Təbii ki, onlar üçün narahat olan övladları, valideynləri və həyat yoldaşları var. Hər axşam səbirsizliklə yol gözləyirlər. Təəssüf ki, bu gün də üç ailə oğulsuz, həyansız qaldı. Onlardan birinin, polis serjantı Mahir Mayıl oğlu Ağayevin isə 10 gün sonra toyu olacaqdı...
Allah hər birinə rəhmət etsin!
Almaz Qasımova
"Polis qətli" teqi üzrə xəbərlər
- Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib
- Polislər haqqında mənfi rəy yaratmağa çalışanların məqsədi ictimaiyyəti çaşdırmaqdır - RƏY
- Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
- Həlak olan polis serjantının atası: "Xəstəxanada mühafizədən oğlumu soruşdum, morqu göstərdi"
- Bakıdakı silahlı insidentdə qətlə yetirilən polis serjantı Mahirin nişanından GÖRÜNTÜLƏR