Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Özgə bayramı və qəddarlaşan uşaqlar: "Halloween" necə qeyd edilməlidir?
Hər il oktyabrın 31-i müxtəlif ölkələrdə "Halloween" bayramı qeyd olunur. Qərb xristianlarının Bütün Müqəddəslərin Günü ərəfəsində qeyd etdikləri bayramın kökləri müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşamış keltlərin adətlərindən götürür. Qədimlərdə ilin tünd (qaranlıq) vaxtının başlanmasının simvolu olan bayram xristianlığın gəlişi ilə mahiyyətini də dəyişir. Qloballaşma dövründə isə atributları və keçirilmə tərzi də yeni hal alır. İndi o, daha çox şər qüvvələrin tərənnüm olunduğu, müxtəlif biznes sahələrinə töhfə verən bir tədbirdir.
Son dövrlərdə Azərbaycanda da bu bayramın qeyd olunması ənənə halını alıb. Müşahidə edirik ki, artıq bayrama hazırlıq işlərinə başlanılıb. Vətəndaşların bir qismi "Halloween"ə əyləncə gözü ilə baxsa da, bəzi valideynlər onun mədəniyyətimizə calaq olunması cəhdindən narahatlıq keçirirlər.
Məsələn, Gəncə sakini uşaqlara aid bir studiyada çəkilən görüntünü sosial şəbəkədə paylaşaraq narahatlığını ifadə edib:
"Gənclər öz bildikləri kimi əyləncəli "Halloween" bayramına hazırlaşırlar. Baş kəsmək, qol kəsmək, yemək səhnələri olan bir bayram niyə uşaqlar üçün təşkil olunur? On ilə yaxındır, Azərbaycanda bu bayram qeyd olunur, lakin hansısa qurum, dərnək, ictimai birlik bunun əleyhinə tədbir görmür. Gözümüzün önündə cani, qatillər yetişdirilir, biz də "bayramdır, əylənirlər" deyib, heç nə etmirik. Son on ildə ailə üzvlərini, doğmalarını baltalayan, bıçaqlayanlar nə qədər olub, görmürsünüz? Hələ bu kimi səhnəciklərə ailəvi girişə icazə verilir. Adam nə qədər öz övladına, ailəsinə nifrət etməlidir ki, əlindən tutub aparsın oraya? Emosiyamı, fikrimi necə ifadə edim, bilmirəm".
Maraqlıdır, bəs görəsən, valideynlərin bu narahatlığına əsas varmı? Həqiqətənmi "Halloween" uşaqlarda şiddətə meyil psixologiyası formalaşdırır?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, uşaqlarda şiddətə və aqressiv davranışlara meylin formalaşmasına təkcə "Halloween" kimi bayramlar səbəb olmur, lakin erkən yaşda bu kimi təsirlərə məruz qalmaq müəyyən risklər doğura bilər:
"Halloween" bayramının qeyd olunması və bunun azyaşlı uşaqlara təsiri ilə bağlı valideynlərin narahatlıqları, əsasən, şiddət, qorxu və qeyri-real obrazların təsirinə yönəlib. Bu bayram, adətən, qərb ölkələrində bir əyləncə kimi qəbul edilsə də, onun, mədəniyyətlərarası fərqləri nəzərə alsaq, Azərbaycanda xüsusi bir narahatlıqla qarşılanması təbiidir. Psixoloji cəhətdən formalaşma mərhələsində olan uşaqlar ətraf mühitdən və müxtəlif obrazlardan asanlıqla təsirlənirlər. Şiddət, qorxunc səhnələr və qeyri-real personajlar uşaqların təxəyyülündə bəzən real təhlükə kimi qəbul oluna və onların narahatlıq səviyyəsini artıra bilər. Uşaqlarda şiddətə və aqressiv davranışlara meylin formalaşmasına təkcə "Halloween" kimi bayramlar səbəb olmur, lakin erkən yaşda bu kimi təsirlərə məruz qalmaq müəyyən risklər doğura bilər. Xüsusilə, vizual təsvirlərdə şiddətin vurğulanması uşaqlarda qorxu və güvən hissinin pozulmasına, hətta yuxu problemlərinə yol aça bilər".
Onun sözlərinə görə, bu cür tədbirlərdə hər zaman uşaqların yaş xüsusiyyətləri və psixoloji həssaslığı nəzərə alınmalıdır:
"Valideynlərin bu istiqamətdə narahatlıqları başadüşüləndir. Bu cür tədbirlər zamanı hər zaman uşaqların yaş xüsusiyyətləri və psixoloji həssaslığı nəzərə alınmalıdır. Bayramı əyləncəli və daha mülayim formada keçirmək mümkündür. Misal üçün, qorxunc obrazlardan çox, daha yaradıcı, maraqlı və təhlükəsiz obrazlar seçilməli, qətl və şiddət kimi səhnələrə yer verilməməlidir. Ümumi tövsiyə odur ki, bu kimi tədbirlər uşaqların psixoloji vəziyyətinə zərər vurmadan, əyləncəyönümlü olaraq təşkil edilsin".
Psixoloq videoda yer alan səhnə hazırlığı barədə də fikirlərini bölüşüb:
"Orada qorxunc və şiddətəyönəlik səhnələr var, bu da uşaqların emosional vəziyyətinə və inkişafına mənfi təsir edə bilər. Belə səhnələr uşaqlarda stres və narahatlıq yarada, qorxulu və ya aqressiv davranışlara qarşı həssaslıq formalaşdıra bilər. Tədbirin tərkibi və uşaqların yaşı nəzərə alınmaqla valideynlərin narahatlıqları əsaslı ola bilər".
Aygün Mirakif
Rəylər