Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Nikosayağı”nın məhkəmə iclası niyə qapalı keçirilib? - AÇIQLAMA + FOTO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə iclası qapalı olduğu üçün hər hansı bir məlumat əldə etmək mümkün olmayıb.
Məhkəmə iclasının qapalı keçirilməsinin səbəbi isə açıqlanmayıb. Mülki Prosessual Məcəlləyə əsasən, hakim məhkəmənin qapalı keçirilməsini əsaslandırmalıdır. Bunun edilmədiyi təqdirdə suallar yaranır: Hansı hallarda məhkəmə iclası jurnalistlərə qapalı keçirilə bilər? İstənilən məhkəmə prosesini qapalı keçirmək olarmı?
Tanınmış hüquqşünas, vəkil Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, məhkəmə iclasları, Konstitusiyaya görə, açıq keçirilir.
“Məhkəmə iclasları, Konstitusiyaya görə, açıq keçirilir. Həm mətbuat, həm də istənilən şəxs məhkəmə iclasında iştirak edə bilər. Videoçəkilişə, audioyazıya isə hakimin icazəsi lazımdır. Hakim videoçəkilişə və audioyazıya icazə verməyə də bilər, amma onu əsaslandırmaq şərti ilə.
İclaslar yalnız üç halda qapalı keçirilə bilər: dövlət sirri, ailə sirri və kommersiya sirri olanda. Təcrübədə, adətən, ailə məsələləri olanda qapalı edirlər iclasları. “Nikosayağı” deyilən bloqerin məhkəməsinin qapalı keçirilməsini doğru hesab etmirəm. Çünki burada nə dövlət, nə kommersiya, nə də ailə sirri görürəm. Əgər hakim qəza ilə bağlı məhkəmənin hazırlıq iclasının qapalı keçirilməsini istəyibsə, səbəbini əsaslandırmalıdır”.
Xatırladaq ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-cu maddəsinə əsasən:
- Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar.
- İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.
- Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər. Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir. Məhkəmə baxışının qapalı keçirilməsində işdə adı keçən şəxslər, onların nümayəndələri və vəkilləri iştirak edirlər. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılırlar. Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət olunmaqla aparılır.
Əzizə İsmayılova
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
Rəylər