Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nərimanovda at oynadan "parkovşik"lər - Qanunsuz fəaliyyətə niyə NƏZARƏT yoxdur?
Bakıda avtomobil idarə edənləri təkcə tıxaclar, hər ay müxtəlif ərazilərdə təmirə bağlanan yollar, qeyri-peşəkar sürücülər yormur. Paytaxt sürücülərinin bir dərdi də parklanmadır.
Əvvəllər harada gəldi maşınını saxlayan sürücülər üçün ötən ildən parklanma yerləri ayrılıb və avtomobilin saxlanma müddətinə görə də ödəniş müəyyən edilib.
Şəhər bir neçə zonaya bölünüb və parklanma qiymətləri də buna uyğunlaşdırılıb. Müəyyən olunmayan zonalarda və həftəiçi saat 22:00-dan 7:00-dək, eləcə də həftənin bazar günü avtomobillərin parklanması üçün ödəniş tələb olunmur. Ödənişlər isə nağdsız şəkildə həyata keçirilir.
Bununla sürücülər parklanma məsələsinin nizama salındığını düşünsələr də, paytaxtın bəzi ərazilərində hələ də qanunsuz parklanma ilə məşğul olan "parkovşik"lərə rast gəlinir. Belə ki, Nəriman Nərimanov rayonu, Ağa Nemətulla, Faiq Yusifov küçələri və Keşlə bazarının qarşısında parklanmanın pulsuz olduğu saatlarda peyda olan "parkovşik"lər sürücülərdən pul tələb edirlər. Bizim.media-ya müraciət edən sürücülərin bildirdiyinə görə, həmin şəxslər hətta həftəiçi, günorta saatlarında da iş başında olur və onlara pul vermədikdə sürücülərlə kobud davranırlar.
Əvvəllər sürücülərin avtomobilinə qəpik-quruş müqabilində nəzarət edən, onun park edilməsinə yardımçı olan, sürücülərin "sağ əl" hesab etdikləri "parkovşik"lər artıq onlara lazım deyil. Çünki onlar səhərdən axşama qədər və şənbə günü də daxil olmaqla avtomobillərini saxladıqları üçün "Azparking"ə pul ödəyirlər. Həm də qəpik-quruş deyil. Ona görə də parklanmanın pulsuz olduğu günlərdə pul ödəmək istəməmələri təbii haqlarıdır.
Şəhərin küçə və prospektlərində insanlardan qanunsuz yolla pul istəyən şəxslərə isə nəzarət edən yoxdur. Yaxud da kimlərsə onları qanadının altına aldığı üçün belə rahatdırlar.
Bəs bununla necə mübarizə aparılır? Bu kimi halların olmaması üçün parklanma necə tənzimlənir?
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğuya cavab olaraq bildirilib ki, qanunsuz pul yığımının qarşısını almaq məqsədilə ödənişlər nağdsız həyata keçirilir:
"Dövlət avtomobil yollarında yaradılan parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm də şəhərin tarif zonalarını müəyyən edir. Parklanma yerlərinin idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və SMS vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir".
Qurumun məlumatında sürücülərə qanunsuz ödənişlər etməmək də tövsiyə olunub:
"Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur".
Nərimanov rayonunda at oynadanları kimlər qoruyur?
Nəriman Nərimanov rayonu, Ağa Nemətulla, Faiq Yusifov küçələri və Keşlə bazarının qarşısında parklanmanın pulsuz olduğu saatlarda peyda olan "parkovşik"lərə nəzarətin hansı qurum tərəfindən həyata keçirilməsi məsələsinə isə AYNA-dan hər hansı cavab ala bilmədik.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ halları aradan qaldırırlar:
"Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, səkilərdə qanunsuz parklanma ilə bağlı sistemli mübarizə və profilaktik tədbirlər aparılır. Qeyd edilən pozuntuya görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq qanunsuz parklanma işini təşkil edən şəxslər barəsində inzibati tənbeh tədbiri və cərimələr tətbiq edilir".
Rəylər