Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Liftin qırılması nəticəsində xəsarət alanlara kompensasiya veriləcək? - ŞİKAYƏT
Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin trosunun qırılması nəticəsində xəsarət alan şəxs kompensasiya verilməsini tələb edir.
Xəsarət alan Sevil İsgəndərova Oxu.Az-ın redaksiyasına müraciət edib.
O, altı saat əməliyyat olunduğunu qeyd edib:
"Vəziyyətim çox pis idi. Hadisədən sonra təcili tibbi yardım ilə Kliniki Tibbi Mərkəzə (KTM) aparıldım. Orada ilk yardımdan sonra özəl xəstəxanaya köçürülmək məcburiyyətində qaldım. Əməliyyat olunmalıydım. Ayağımdan ciddi zədə almışdım. Diaqnozum diz oynağının və diz arteriyasının zədələnməsi idi. Damar, sinir, vətər zədələnmişdi. Açıq sınıq var idi. 4 500 manat xərcim çıxdı. Beş cərrah əməliyyatda iştirak edib.
Ayağım amputasiya oluna bilərdi. Riskli idi. Vəziyyətim ağır idi. İndi də yaxşı deyiləm. Hələ də risk var. Gözləmə mərhələsindəyik".
Zərərçəkən MTK sahibinin xərcləri ödəməsini tələb edir:
"MTK sahibi gəlsin, xərcləri ödəsin. Yoldaşım yoxdur, oğlum da keçən il 20 yaşında dünyasını dəyişib. İki qızım var. Özüm də işləmirəm. Evdar xanımam. Bahalı və çətin müalicədir. Ayağımın vəziyyəti hələ də stabil deyil".
Hüquqşünas Ramiq Axundov Oxu.Az-a açıqlamasında bildirib ki, öncə binanın kimin balansında olması, liftə xidmət göstərən təşkilat və ya şəxs müəyyən edilməlidir:
"Liftin texniki nasazlığı qüsurlu xidmətin nəticəsində əmələ gəldiyi müəyyənləşdikdən sonra həmin şəxs səhlənkarlıq maddəsi ilə məsuliyyətə cəlb edilə bilər.
Liftin düşməsi nəticəsində zərərçəkmiş şəxslər isə, mülki məcəllənin 21, 23, 459, 1096-cı maddələrinə əsasən çəkilmiş və əmək qabiliyyətinin bərpa edilməsi üçün sonradan çəkilməsi üçün çəkiləcək xərcləri, mənəvi zərər üçün müəyyən edilmiş pul məbləğini tələb etmək hüququna malikdirlər".
Hüquqşünas Əkrəm Həsənov isə əlavə edib ki, günahkarın kim olduğu aydınlaşdırılmalıdır:
"Zərərçəkənlər vurulan zərərin əvəzini tələb edə bilərlər. Əsas kimdən tələb edilməsidir. Kimin burada günahı varsa, ondan alınmalıdır. Bu məsələ müəyyən edilməlidir. Günahkarın kim olduğu bəlli deyil".
Məsələ ilə bağlı "Qlobal inşaat" MTK ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Xatırladaq ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin qırılıb, şaxtaya düşüb. 17 mərtəbəli binanın yeddinci mərtəbəsində liftin trosu qırılıb. Nəticədə beş qadın xəsarət alıb. Liftdə yeddi nəfərin olduğu bildirilib.
Nəzrin Vahid
Rəylər