Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Lənkəranda Xanbulan gölü zibilliyə çevrilib: Laqeyd yanaşma, yoxsa məsuliyyətsizlik? - RƏSMİ AÇIQLAMA + FOTO
Lənkəranda yerləşən Hirkan Milli Parkı ərazisində, Xanbulan gölünün vətəndaşlar tərəfindən çirkləndirilməsi və tullantıların gölə atılması ilə bağlı görüntülər sosial şəbəkədə gündəm olub.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, tullantıların hara gəldi atılması olduqca narahatedici bir məsələdir.
O qeyd edib ki, ardıcıl olaraq təbliğat işlərinin aparılmasına baxmayaraq, vətəndaşlar tərəfindən dəniz sahillərinə, çay və göllərin kənarlarına, təbiət ərazilərinə tullantıların atılması faktı baş verir:
“Dənizin, çay, göl sahillərinin, meşələrin və ümumiyyətlə, təbiət ərazilərinin tullantısız, təmiz olması hamımızın vətəndaş məsuliyyətidir. Burada elə çətin bir iş də yoxdur. Hər kəs məsuliyyətli olmalı və özündən başlamalıdır. Ətrafı çirkləndirənlər hər kəs tərəfindən qınanmalıdır ki, onlar bu utancverici vərdişlərindən əl çəksinlər.
Bütün yay boyu hər həftənin sonu Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Təmiz ölkəm” devizi ilə genişmiqyaslı təmizlik aksiyaları keçirilib. Düşündük ki, bəlkə vətəndaşlar keçirilən təmizlik aksiyalarından dərs çıxararlar, məsuliyyətli olar, təmiz ərazini çirkləndirməyə vicdanları yol verməz. Əfsuslar olsun ki, gəlib daha da xoşagəlməz mənzərələrin şahid olmuşuq və bu hallar davam edir”.
İradə İbrahimova qeyd edib ki, tullantıları təmizləmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işi deyil:
“Keçirdiyimiz aksiyalar təbliğat, maarifləndirmə və çağırış xarakterlidir. Əsas təəssüfləndirici məqam odur ki, bu barədə davamlı olaraq danışılır, yazılır, təbliğat aparılır, örnək üçün təmizlik aksiyaları keçirilir. Amma yenə də, tullantıların hara gəldi atılması davam edir.
Yəni hər şey özümüzdən, insanlarımızdan asılıdır. Bəli, istəyimiz olsa, təbiət ərazilərini də evimiz kimi tər-təmiz saxlaya bilərik. Amma yox, evdən kənara çıxdıqmı, nəinki təbiət, heç məhəllə, küçə də fikirləşən yoxdur. İnsanımız əlindəki zibili hara gəldi atır və çox yanlış təsəvvürlə ki, “yığışdıracaqlar da”. Sənin tökdüyünü kim yığışdırmağa borcludur ki? Yəni əgər biz hər addımda tullantımızı hara gəldi atırıqsa, nəticədə belə xoşagəlməz mənzərələr yaranacaq. Amma bunu da deyək ki, yaxşı nəticələrə tədricən yaxınlaşırıq. “Təmiz ölkəm” uğrunda mübarizəni hamılıqla dayanmadan davam etdirməliyik. Xanbulan gölünün ətrafının çirkləndirilməsi də eyni səbəblərdən baş verir. Bəzi hissələr yol kənarı olduğundan, keçənlərin atdığı tullantı ilə, digər yerlər isə istirahətə, gəzintiyə gələnlərin sayəsində belə vəziyyətə düşür. İnanın ki, milli parkın əməkdaşları tərəfindən mütəmadi olaraq iməcilik təşkil edilir, ərazi təmizlənir, amma zibil atanlar dayanmır. Nəticə də belə xoşagəlməz mənzərə olur. Günü sabah yenə o ərazidə iməcilik təşkil olunacaq”.
"İradə İbrahimova" teqi üzrə xəbərlər
- Nazirlikdən çimərliklərə gedənlərə ÇAĞIRIŞ
- ETSN sözçüsü: "Xəbərdarlıqları izləməyi unutmayın"
- ETSN küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib
- Sənət adamları Ramazanda: “Oruc tuta bilmirəm, amma iftar süfrəsi açıram” - SORĞU + FOTO
- Şaxtalı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA + VİDEO
Rəylər