Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İyul qıtlığı ilə üzü işgüzar sentyabra: Taksini payızda sayarlar?
Bakıda fəaliyyət göstərən taksilərin sayı iki dəfə azaldılaraq 35 min həddində saxlanılıb. Belə açıqlama ilə bu günlərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edib. Paytaxtda taksi qıtlığı artıq tək tıxac, sıxlıq, pis hava şəraiti zamanı deyil, günün istənilən vaxtında hiss olunur.
Məktəb və universitetlərin bağlı olduğu zamanda taksilər belə az tapılırsa, bəs sentyabrdan vəziyyət necə dəyişəcək? London taksilərindən niyə istifadə edilmir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bənövşəyi London taksilərinin istismar müddəti bitib. Yeni qaydalara görə, taksi fəaliyyətində istismar oluna bilməz. Bir çoxlarının ehtiyat hissələri artıq mövcud deyil:
"Yeni London taksiləri dövlətin balansındadır və elektromobildir. Hazırda çox uğurlu istifadə olunur. Ölkəmizdə taksi problemini xaricdən gələn və bizim ölkədə çalışan operator şirkətlər yaradıblar. Münbit şəraitdən istifadə edərək uğurlu fəaliyyət göstərirdilər. Onların işi bazar iqtisadiyyatı, tələb və təklif əsasında formalaşmışdı, qiymətləri də əlçatan idi. Sonrakı dövrdə isə xarici taksi şirkətləri Azərbaycan qanunlarını görməzdən gəlib, taksi sürücülərini istismar edib, sərnişinlərin də şikayətlərinə məhəl qoymadılar. Belə olan halda taksi fəaliyyəti ilə bağlı tənzimləmələr aparılması zərurəti yarandı. Bunun üçün yeni qanun və qaydalar qəbul olundu. Bundan sonra da taksi fəaliyyəti həmin qaydalara əsasən nizamlanmalıdır.
Düşünürəm ki, taksi fəaliyyətində keyfiyyətə və təhlükəsizliyə dövlət tərəfindən müdaxilə edilməlidir. Taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar və sahibkarların da hüquqları qorunmalıdır. Taksi şirkətlərinin qarşısına bəzi şərtlər qoyula bilər. Məsələn, şirkət və sürücü arasında rəsmi əmək müqaviləsi bağlanmalıdır, onların hüquqları müdafiə olunmalıdır. Bununla yanaşı, taksidə qiymətə müdaxilə edilməməlidir, sərbəst tarif olmalıdır.
Yay mövsümü olduğu üçün taksilərin sayında qıtlıq müşahidə edilir. Lakin bu, həmişə belə olmayacaq. Taksidə istismar olunan nəqliyyat vasitələrinin və sürücülərin sayı artırılacaq. Əgər tələb olmayacaqsa, yəni ictimai nəqliyyat yaxşı işləyib, sayı artırılacaqsa, o zaman taksi sayının artırılmasına gərək qalmayacaq. Burada bir balans yaranacaq.
Payızda ölkəmizə yeni elektrik avtobuslar gətirilməlidir. Artıq bununla bağlı müqavilələr də imzalanıb. Düşünürəm ki, avtobus sayı artırılsa, taksi məsələsi də düzələcək. Taksi də ictimai nəqliyyatın bir qolu kimi nizam-intizamlı fəaliyyət göstərməlidir. Əgər sentyabrda da taksi qıtlığı yaşanarsa, qəbul olunan qaydalarda müəyyən dəyişikliklər edilə bilər".
Ekspert onu da əlavə edib ki, taksi kimi istismar olunan avtomobillərdə sarı rəngdə taksi fənəri quraşdırılsa, taksilərin rəng məsələsi tələbini də həll etmək olar.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də sorğu ünvanladıq.
Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada bildirildi ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər:
"Bu günədək taksi fəaliyyəti üçün 12 304 buraxılış kartı alınıb, 25 609 sürücü təlimlərə cəlb edilib. Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata keçirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" altsistemi yaradılıb. Hazırda operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürürlər.
Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq və xidmət keyfiyyəti artacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq".
Taksi xidmətində qiymətlərin artmasına gəlincə, qurumdan bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:
"Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır.
Bu sahədə AYNA tərəfindən təhlillər aparılıb və nəticələrə əsasən, taksi sayının azaldılmasına müvafiq olaraq, xəttə əlavə avtobuslar buraxılacaq. Bu da sərnişin sıxlığının, eləcə də avtobusların qrafikdən və intervaldan kənarlaşması hallarının qarşısını alacaq".
Aytac Qasımova
Rəylər