Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - YENİLƏNİB + FOTO
Bu gün Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib.
“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət - özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, həmçinin iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflər olub.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Daha sonra foruma dair videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev təhsil sisteminin nailiyyətlərindən söz açıb. Nazir bildirib ki, təhsil olmadan innovasiya mümkün deyil. Təhsil sisteminin nailiyyətləri isə uzunmüddətli vaxtda innovasiyanın inkişafına təkan verir. Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Daha sonra Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “İnnovasiya ekosisteminin yaradılması” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış ediblər.
Forumun ikinci paneli “Universitet - sənaye tərəfdaşlığı” mövzusuna həsr olunub.
Paneldən öncə “Bilişim Vadisi” Texnoparkının baş icraçı direktorunun müavini Tuba Öztepe məruzə ilə çıxış edib.
Daha sonra “SABAH.HUB”ın icraçı direktoru Rəhim Bayramlının moderatorluğu ilə keçirilən paneldə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, “BP Azerbaijan” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “NEQSOL Holding”in baş direktoru Yusif Cabbarov, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Abbas İbrahimov, Sumqayıt Texnologiyalar Parkının baş insan resursları inzibatçısı Şölə Əliyeva spiker qismində çıxış ediblər.
Panel çərçivəsində təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, təhsil ilə iqtisadiyyatın inteqrasiyası, tədqiqat və inkişaf ekosistemi mövzuları ətrafında müzakirələr aparılıb.
Forumun üçüncü paneli “Gələcək üçün təhsil” mövzusuna həsr olunub.
Paneldən əvvəl ABŞ-nin “Coursera” şirkətinin baş müşaviri Çad Paşa məruzə ilə çıxış edib.
Daha sonra ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “212” şirkətinin baş direktoru Numan Numan, TED Universitetinin Tədqiqat, texnologiya və innovasiyalar bölməsinin direktoru Sanem Yalçıntaş spiker qismində çıxış ediblər.
Panel çərçivəsində ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunub.
Qeyd edək ki, “Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forum “NEQSOL Holding”, “British Petroleum” şirkəti, SOCAR, Sumqayıt Texnologiyalar Parkı, Azərbaycan Beynəlxalq Bankı, “Azersun Holding” və “BestComp Group”un sponsorluğu ilə keçirilib.
11:00
Bu gün Gülüstan sarayında Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir.
Oxu.Az-ın məlumatına görə, forumda elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və digər rəsmi şəxslər iştirak edirlər.
Forum çərçivəsində baş tutacaq “İnnovasiya ekosisteminin yaradılması”, “Universitet - sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” mövzusunda panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil məsələlərindən bəhs olunacaq.
“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət-özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir.
Forum “NEQSOL Holding”, bp şirkəti, SOCAR, ABB, Sumqayıt Texnologiyalar Parkı, “Azersun Holding” və “BestComp Group”un sponsorluğu ilə keçirilir.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"ADA Universiteti" teqi üzrə xəbərlər
- "Nar" uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
- "COP29 və Dayanıqlı Media Təcrübələri" mövzusunda növbəti təlimlər keçirilir
- Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər
- Böyük Britaniya lordları Tahir Gözelin təşəbbüsü ilə Fəxri xiyabanı ziyarət ediblər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?
Rəylər