Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hacıqabulda son vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
"Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq".
Bu barədə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.
Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.
Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.
"Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar", - icra başçısı bildirib.
Ətraflı Baku TV-nin süjetində:
İntensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.
Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.
Həmçinin nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.
Hazırda nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.
Rəylər