Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hacıbəy Heydərli: "Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoyub"
149 il əvvəl Həsən bəy Zərdabinin yaratdığı, cəmi 56 sayının işıq üzü gördüyü "Əkinçi" qəzeti milli mətbuatımızın təməl daşıdır. Qısa vaxtda fəaliyyət göstərən qəzet maarifçilik ideyalarını əsas tutaraq, cəhalətə, mövhumata qarşı mübarizə apardı. Əsası 1875-ci ildə qoyulan milli mətbuatımız uzun keşməkeşli yollardan keçərək müstəqil, suveren Azərbaycanın mətbuatına çevrildi.
Son illərdə ölkəmizdə "Media haqqında" qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması bu sahənin inkişafını daha da sürətləndirib.
Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli də "Azərbaycan" qəzetinə açıqlamasında qeyd edib ki, 149 il əvvəl Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mətbuatı bu gün inkişaf mərhələsindədir.
Onun sözlərinə görə, xüsusilə son illər media sahəsində aparılan islahatlar, Media Reyestrinin yaradılması, "Media haqqında" qanunun qəbul edilməsi, onlayn media subyektlərinə dövlət dəstəyinin göstərilməsi Azərbaycan mediasında yeni mərhələ kimi səciyyələndirilə bilər: "Düşünürəm ki, islahatlardan sonra Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoyub və bu mərhələdə mətbuatın şəffaflaşması müşahidə olunur. Sevindirici haldır ki, mətbuatımızda artıq şər-böhtan tipli, qara piar kampaniyaları, dezinformasiyalar azalıb. Xüsusən dövlət qeydiyyatından keçmiş media subyektlərində bu tip kampaniyaların az şahidi oluruq. Bu, həm də Azərbaycan cəmiyyətinin qazancıdır, çünki medianın obyektiv, operativ, şəffaf fəaliyyətindən qazanan hər zaman cəmiyyət olur".
H.Heydərli bildirib ki, son illərdə onlayn mediaya dövlət dəstəyinin göstərilməsi ilə artıq xəbər saytlarında, informasiya agentliklərində müəyyən ənənə yaranıb və bu prosesin sonunda Azərbaycanda saytlar özlərini inkişaf etdiriblər. Onlar maddi-texniki bazalarını, kollektivlərini genişləndirdilər. Qoyulan şərtlər həm də Azərbaycan mediasının yeni mərhələyə keçidinin göstəricisi oldu. Bu mərhələdə Azərbaycan mətbuatı özünü tam sağlam şəkildə cəmiyyətə təqdim edə bildi. Bu, çox sevindirici haldır.
Mətbuat sahəsində müəyyən problemlərin də olduğunu deyən baş redaktor vurğulayıb ki, bunlardan birincisi reklam məsələsidir. "Bununla bağlı spesifik layihələr həyata keçirilməlidir. Onlayn media subyektləri biznes strukturu kimi özlərini daha da inkişaf etdirməyə çalışmalıdır. Bu baxımdan, jurnalistika fakültəsi ilə yanaşı, marketinq sahəsində təcrübəsi olan şəxslərin mediaya gəlməsi vacibdir. Eyni zamanda şirkətlər də mətbuatla əməkdaşlıqda maraqlı olmalıdırlar. Düşünürəm ki, Azərbaycan mediası son illər həm də ayaqları üzərində durmağı bacarıb. Təbii ki, dövlətin dəstəyi ilə yanaşı, özəl şirkətlər də mətbuatla işləməyə çalışıb. Bunun da əsas səbəbi mətbuatda peşəkarlığın artması və bunun cəmiyyət tərəfindən müsbət qəbul edilməsidir", - deyə o əlavə edib.
O vurğulayıb ki, son illər Medianın İnkişafı Agentliyi tərəfindən xüsusən fərdi jurnalist və media subyektləri ilə bağlı həyata keçirilən layihələr, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu layihələr Azərbaycanda jurnalistlərin daha da peşəkarlaşmasına və inkişafına gətirib çıxarıb.
"Medianın İnkişafı Agentliyi" teqi üzrə xəbərlər
- MEDİA jurnalistlərin gəlirlərinin 75 faizinin vergidən azad edilməsi ilə bağlı qanunu şərh edib
- COP29 çərçivəsində media nümayəndələri üçün Şamaxıya mediatur təşkil olunub
- Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Palçıq Vulkanları Kompleksinə mediatur təşkil olunub
- COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib
- Azərbaycan və Çinin media subyektləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Rəylər