Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əgər ilk atəşi polis açsaydı…
Kubra Məhərrəmova yazır...
Gecə saatlarından baş verən hadisədən səhər xəbər tutduq.
Bir gecənin içində üç polis əməkdaşı və bir mülki şəxs qətlə yetirildi.
Özü də dəfələrlə cinayət törətmiş bir şəxs tərəfindən. Hadisədən çoxunun xəbəri var, amma düşünürəm ki, bir daha yada salmaqda fayda var.
Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib. Onu saxlamağa gələn polis əməkdaşlarının əlindən qurtulmaq üçün ailə üzvlərini - həyat yoldaşını, uşaqları irəli verib, "Lancaster" markalı ov silahından atəş açaraq üç polis əməkdaşını və bir mülki şəxsi qətlə yetirib.
Polis əməkdaşları o anda silah tətbiq etməyiblər.
Çünki qadın və uşaqlardan ibarət canlı səddə güllə atmaq ağıllarından belə keçməyib. Ən çətin anda uşaqların həyatını öz həyatlarından üstün tutan üç qəhrəman isə bunlardır: polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov.
Ən kədərlisi isə odur ki, polislərdən birinin on gündən sonra toyu olacaqmış... O da, ailə, uşaq sahibi olacaqmış...
Adım kimi əminəm ki, əgər birinci atəşi polis açsaydı indi bütün sosial şəbəkələr, özünə "bloqer" deyənlər, deməyənlər hamısı polisi güc tətbiq etməkdə günahkar biləcək, olan-olmayan hər şayiəni danışacaqdılar.
Amma ortada çox böyük faciə var. Görünən isə odur ki, polis əsl Azərbaycan kişisi kimi davranıb, qadına, uşağa qıymayıb. Amma hadisə Avropada, ABŞ-də olsaydı polis ağına-bozuna baxmayıb hamısını güllədən keçirəcəkdi. Cəmiyyət isə polisə dəstək olacaqdı.
Bizdə cəmiyyət çox səhv istiqamətdə irəliləyir desək yanılmarıq. Çünki kriminal aləmin təbliğatı hər yerdə kortəbii şəkildə aparılır. İstər meyxanalarda, istər sosial şəbəkələrdə, istər də cəmiyyət arasında...
"Oğru dünyası" az qala yüksəksəviyyəli həyat və mənəviyyat kimi aşılanır. "Oğrular" cəmiyyət tərəfindən alimdən, həkimdən, mühəndisdən daha çox alqışlanır. "Oğrular"la təmasda, ünsiyyətdə olmaq cəmiyyətin bəzi nümayəndələri üçün şərəf və qürur mənbəyi olur. Təəssüflər olsun ki, gənclərin bir hissəsi özünü məhz "oğru"lara bənzədir, "oğru dünyası"nın qanunları ilə yaşamağı üstün tuturlar.
Və dəhşətlisi ondan ibarətdir ki, "oğru"lara bəraət və haqq qazandırırlar. Onları kişilik və mərdlik təcəssümü kimi təqdim edirlər...
Elə bu gecə kriminal aləmin nümayəndəsi öz həyat yoldaşını və övladlarını özünə canlı sədd çəkdi. Əgər bu kişilikdirsə, o zaman bizim tanıdığımız qəhrəmanlara nə deyək?
Canını Vətən uğrunda verən şəhidlərimizə nə ad verək?
Deməli ki, kişi belə olmur. Kişi döyüşəndə arvad tumanı arxasında gizlənmir. Balaca uşağın çiyinləri ardından güllə atmır.
Baş verən hadisənin kədəri və faciəsi adamı lap pis yorur. Bir anlıq özünüzü o polislərin yerinə qoyun.
Qarşında əlisilahlı cinayətkar durub, silahı sənə və həmkarlarına tuşlayıb, balasını özünə canlı sədd edib və sən ona atəş aça bilmirsən.
Çünki güllə uşaqlara dəyə bilər. Bu qeyri-bərabər döyüşdə özünü müdafiə etmək şansın olmadan məhv edilirsən.
Çünki sənin vicdanın sənə seçim haqqını tanımağa yol vermir. Orada olum ya ölüm sualı verilmir. Sadəcə uşaqlara atəş açmaq olmaz! Vəssalam!
Öz balanı onun balasına qurban verirsən. İki daşın arasında anlayırsan ki, səhər səni işə yola salan balan bir də səni görməyəcək. Bir də həyətdə uşaqlarla oynayanda "mənim atam polisdir" deyə qürrələnə bilməyəcək. Bu gecədən sonra onun atası olmayacaq. Formasındakı parlayan ulduzları sayan balaca daha polis atasını görməyəcək.
Sən də bir daha öz balanı görə bilməyəcəksən. Qarşında gördüyün son mənzərə isə uşaqlarını qarşısına canlı sədd, qurban qoyan şərəfsiz "ata"nın sənə atdığı güllədir. Gecənin qaranlığında işıldayıb həyatına son qoyan güllə. Amma sən atəş aça bilməzsən, olmaz! Kişilikdən deyil uşağa güllə atmaq.
İndi siz deyin, kimdir kişi?
Məhəllədə gen-gen gəzən özünə "oğru" deyən, kişilikdən dəm vuran, boğulanda balasını ayağının altına alan, yoxsa özünü başqasının balasına qurban verən?
Son zamanlar Azərbaycan polisi tərəfindən görülən tədbirlər yəqin ki, cinayətkar ünsürləri vəlvələyə salıb. Belə ki, demək olar hər gün hüquq-mühafizə orqanları tərəfindən cinayətkarların və kriminal dəstələrin müəyyən olunmasının, onların cinayət məsuliyyətinə cəlb olunmasının şahidi oluruq. Görünən odur ki, son tədbirlər cinayətkarların xoşuna gəlmir və küncə sıxılanlar ən son yollara əl atırlar. Bıçaq sümüyə dirənəndə isə onların əsl siması üzə çıxır. Hətta canlarını qurtarmaq üçün əlbir olduqları şəxsləri də, arvad-uşaqlarını da sipər etməkdən çəkinmirlər.
Sadəcə yadıma dünyanın ən qorxulu, ən qaniçən cinayətkarı Pablo Eskobar düşdü. Bütün Kolumbiyanı əsarətdə saxlayan, istədiyi adamları, siyasətçilərdən, şəhər merlərindən, polis əməkdaşlarından tutmuş cinayətkar rəqiblərinə qədər hər kəsi güllələyən Eskobar sonda polis əməkdaşları tərəfindən qaçmaq istəyərkən cəhənnəmə vasil olunur.
Dediyim odur ki, heç kim, heç bir "oğru" Eskobardan artıq olan deyil. Cinayətkarlar heç bir halda sistemdən güclü ola bilməzlər!
Bəzi kriminal filmlərə baxıb cinayəti və cinayətkarları romantikləşdirmək də ağıldan deyil. Cinayətin cəzası, cinayətkarların da sonu var. Ya qandal, ya da alnının ortasından vurulan güllə.
Sadəcə bu gecə heç nədən həyatını itirən üç polisimizə heyif... Allah rəhmət eləsin, ruhları şad olsun!
"Polis qətli" teqi üzrə xəbərlər
- Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib
- Polislər haqqında mənfi rəy yaratmağa çalışanların məqsədi ictimaiyyəti çaşdırmaqdır - RƏY
- Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
- Həlak olan polis serjantının atası: "Xəstəxanada mühafizədən oğlumu soruşdum, morqu göstərdi"
- Bakıdakı silahlı insidentdə qətlə yetirilən polis serjantı Mahirin nişanından GÖRÜNTÜLƏR
Rəylər