Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əcnəbilərin Bakıdakı konsertinə münasibət: Vəsait çatışmazlığı, hörmətsizlik, yoxsa zövqsüzlük? - SORĞU + FOTO
Azərbaycana son zamanlar xarici ölkələrdən konsert vermək üçün gələn müğənnilərin sayı artıb. Konsertlərin ardı-arası kəsilmir. Bunu səbirsizliklə gözləyənlərlə yanaşı, etiraz edənlər də var. Hətta yerli müğənnilərin solo konsert verməməyindən şikayətlənənlər də var.
Bəs görəsən, xarici müğənnilərin konsertinə tələbatın çoxluğu nə ilə əlaqəlidir? Azərbaycanlı müğənnilərin buna münasibətləri necədir?
Mövzu ilə bağlı Oxu.Az-ın əməkdaşı azərbaycanlı müğənnilər arasında sorğu keçirib.
Əməkdar artist Cavanşir Məmmədov sənət adamlarına hörmət edilmədiyindən şikayətlənib:
“Öz sənətçilərimizə qoyduqları hörmət göz önündədir. Ümumiyyətlə sənətkarlara qiymət verilmir”.
C.Məmmədov ötən günlərdə ölüm xəbərinin yayıldığını da dilə gətirib:
“Xəcalət çəksinlər. Mənim ölüm xəbərimi də yazmışdılar. Yazanlar cəzalarını alacaqlar”.
Müğənni Mətanət Əsədova konsert vermək üçün gələnlərin canlı ifa oxuya bilmədiklərini deyib:
“Kənardan gələn şirin olur. Ancaq bunu deyə bilərəm. Xaricilərə ödənilən pulun yarısını mənə versələr, 3 saat canlı oxuyaram. Onlar canlı oxumurlar. Oxuya da bilmirlər. Vəsait versinlər, 3 saat canlı oxuyum. Mənim vəsaitim olmadığı üçün konsert verə bilmirəm”.
M.Əsədova qeyd edib ki, xalqımızın musiqi zövqü korlanıb:
“Millətin musiqi zövqü korlanıb. Sənətkarlarımızı unudurlar”.
Müğənni Elnarə Xəlilova konsert biznesinin sırf təşkilatçılarla bağlı olduğunu söyləyib:
“Təşkilatçı sponsor tapır, konserti təşkil edir və ifaçını dəvət edir. İfaçıdan yalnız qonorarın nə qədər olacağı, audio, video və məişət rayderi öyrənilir və konsert təşkil edilir. İfaçı da, təşkilatçı da qazanır. Bizim təşkilatçıların yalnız bir qorxusu ola bilər. O da bilet sata bilməmə qorxusudur. Xarici ifaçıların biletlərinin yüz faiz satılacağından əmindirlər. Çünki bizim tamaşaçı xarici ifaçıları nə toyda, nə də restoranda görmür. Ancaq nə qədər ki, Azərbaycan ifaçıları toylarda və restoranlarda ifa edəcəklər, bir o qədər də onların konsertini təşkil etmək bilet satışı baxımından çətinləşəcək”.
Xalq artisti Mənsum İbrahimov normal münasibət bəslədiyini deyib:
“Mənim münasibətim normaldır. Çünki dünya artıq kiçik deyil. İstər biz gedib xarici ölkədə çıxış edək, istərsə də onlar gəlsinlər. Tələbat olduğu üçün onlar gəlirlər. Daha çox qardaş Türkiyədən gəlirlər. Bu da bizim türk musiqisinə olan yaxınlığımızla bağlıdır. Normaldır”.
M.İbrahimov yerli müğənnilərin ölkəmizdə konsert verməyə meyilli olmadığını qeyd edib:
“Musiqi inteqrasiyadır. Onlar gəlib buradan nəsə öyrənirlər. Bizimkilər də gedib öyrənirlər. Mən də tez-tez gedirəm. Müğənnilər burada konsert verməyə meyilli deyillər. Çünki xeyir görmürlər. O baxımdan xaricə gedirlər”.
2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova qeyd edib ki, tamaşaçılar yerli sənətçiləri sevsələr, çox yaxşı olar:
“Əslində bu barədə heç bir fikrim yoxdur. Bu barədə heç düşünməmişəm. Amma konsertlər varsa, insanlar gedirlərsə, konsert zalları dolursa, niyə də olmasın?! İnsanlar sevdiyi üçün gəlirlər. Amma yaxşı olardı ki, bizimkilər də tez-tez konsert versin. Kaş bizi də sevərdilər. Bizi də sevsəydilər, yaxşı olardı”.
Nəzrin Vahid
"Cavanşir Məmmədov" teqi üzrə xəbərlər
- Əməkdar artist Cavanşir Məmmədov: “Vikipediya bilmirəm nədir”
- “Rolls-Royce”u olan müğənni GİLEYLƏNDİ: “Fəhlə bizdən yaxşı yaşayır” - VİDEO
- Geyiminə görə təhqir olunan Xalq artisti, döyülən aşıq, atmacalar: Şou-biznesin ötən ili - FOTO
- Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkəni yenidən şikayətçidir
- Cavanşir Məmmədovun nəvəsinin nişanından VİDEO
Rəylər