Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bitki yağlarını ucuzlaşdıran səbəblər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Günəbaxan, qarğıdalı yağlarını dünya bazarına Ukrayna daha çox ixrac edir. Bu səbəbdən müharibənin ilkin dövründə qiymətlər xeyli bahalaşdı. 2022-ci ilin iyul ayından taxıl dəhlizinin işə düşməsi, Ukraynanın quru sərhədləri vasitəsi ilə ixracı bərpa etməsi nəticəsində qiymətlər azaldı.
Bakı şəhərində yerləşən mağazalarda satılan yerli və xarici bitki yağlarının qiyməti azalıb. Alıcılar deyirlər ki, son aylar qiymətlər təxminən 15-20 faiz enib. Mütəxəssislər bu yağların qiymətlərinin ucuzlaşmasını xammalın dəyərinin enməsi ilə əlaqləndirirlər. Qeyd edək ki, ölkəmizdə bu istiqamət üzrə illik tələbat 85 min tondur. Onun 46 min tona yaxını idxal olunur. Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin oktyabr ayında əvvəlki aya nisbətən günəbaxan və qarğıdalı yağlarının, manna və qarabaşaq yarmasının, çörəyin, süfrə marqarininin qiymətlərində azalma müşahidə olunub. 2023-cü ilin yanvar ayında idxal günəbaxan yağının bir litrinin orta aylıq pərakəndə satış qiyməti 6,28 manat idisə, iyun ayında bu rəqəm 5,92 manat olub. Bəs görəsən, ucuzlaşma əsaslıdırmı və tendensiya davam edəcəkmi?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqaləsində bu və digər suallara cavab axtarıb.
Qarğıdalı yağının xammalı idxaldır
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, hazırda Azərbaycanın günəbaxan yağı üçün xammal təminatının təxminən iki-üç faizi yerli istehsal hesabına həyata keçirilir: “Əsas faiz idxal mənbələri hesabına formalaşdırılır. Çərəz kimi istifadə olunan günəbaxan tumlarının istifadəsi üçün yerli məhsulun təxminən 65-70 faiz payı var. Eyni zamanda, günəbaxan dəninin yerli xammal payı 14 faizə yaxın təşkil edir. Hesablamalara görə, yaxın gələcəkdə günəbaxan dəninin yerli özünü təminetmə səviyyəsini 25 faizə yüksəltmək olar. Fermerlər daha məhsuldar, yağ çıxımı yüksək olan toxumlardan istifadə göstəricilərini getdikcə artırırlar”.
F.Fikrətzadə vurğulayıb ki, Azərbaycanda qarğıdalı daha çox dən formasında istifadə edilir: “Az miqdarda qlükoza üçün xammal kimi istifadə olunur. Qarğıdalı yağının xammalı bütövlükdə idxal mənbəyi hesabına təmin olunur. Çünki bizim şəraitdə bunun yağ məqsədi üçün istehsal ənənəsi yoxdur. Yaxın gələcəkdə də belə olacaq”.
Günəbaxan, qarğıdalı istehsalını artırmaq olar?
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı bitki yağlarının qiyməti kəskin artmışdı: “Günəbaxan, qarğıdalı yağlarını dünya bazarına Ukrayna daha çox ixrac edir. Müharibənin ilkin dövründə onlar ixrac edə bilmədi və qiymətlər bir neçə dəfə artdı. 2022-ci ilin iyul ayından Türkiyənin vasitəçiliyi ilə taxıl dəhlizi işə düşdü. Eyni zamanda, Ukraynanın quru sərhədləri vasitəsi ilə qərbə ixrac həyata keçirildi. Nəticədə qiymətlər azaldı və demək olar ki, müharibə ilə bağlı qiymət artımı aradan qalxdı”.
X.Kərimli bildirib ki, ölkəmizdə günəbaxan, qarğıdalı istehsalını genişləndirmək mümkün deyil: “Bizim torpaqlar Rusiya və Ukraynadakı kimi münbit deyil. Harada əkilsin? Bizim əkinə yararlı torpaqlarımız azdır. Orada da arpa, buğda əkilir. Bu o deməkdir ki, gələcəkdə də idxaldan asılı olacağıq. Özümüz bitki yağlarını hasil etsək belə, bu, məhsulun ucuz olacağı anlamına gəlmir”.
Tələb və təklifdən asılı olan qiymət
Deputat Rüfət Quliyevin sözlərinə görə, biz bazar iqtisadiyyatı yolu ilə gedirik: “Bazar iqtisadiyyatının əsas qanunlarından biri də tələb-təklif, rəqabətdir. Təbii ki, tələb-təklifdən asılı olaraq qiymət formalaşır. İstənilən məhsul bol, tələbi az olanda qiymətlər ucuzlaşır. Burada mövsümi faktor da ola bilər. Yaxud kənd təsərrüfatı məhsulu çox yığılıb və emal edilib”.
Deputat əlavə edib ki, ölkə daxilində günəbaxan, qarğıdalı istehsalını genişləndirməklə xarici xammal bazarından asılılığı azaltmaq olar: “İstehsal nə qədər çox artsa, həmin məhsulların qiyməti ucuz olacaq”.
Rəqəmlərə nəzər salaq
2023-cü ilin yanvar-oktyabrında Azərbaycanda 29,2 min ton günəbaxan istehsal edilib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 28,5 min ton olub.
2022-ci ilin məlumatlarına əsasən, Azərbaycanda günəbaxanın əkin sahəsi 11.5 min hektar olub. 2022-ci ildə günəbaxanın əkin sahəsi 2015-ci ilə nisbətən 7,5 faiz, 2021-ci ilə nisbətən isə 3,6 faiz artıb.
Ötən ildə ölkəyə idxal olunan günəbaxan dəninin 41 faizi Çinin, 31,4 faizi Türkiyənin, 23,5 faizi isə Rusiyanın payına düşüb.
2022-ci ildə “Xam günəbaxan və ya saflor yağı və onun fraksiyaları” idxalının 89,6 faizi Rusiyanın, 10,4 faizi isə Türkiyənin payına düşüb. “Günəbaxan və ya saflor yağı və onun fraksiyaları” idxalının isə 90,3 faizi Rusiyanın, 6,4 faizi Türkiyənin və 1,9 faizi Ukraynanın payına düşüb.
Əlavə edək ki, 2022-ci ildə ölkəyə qarğıdalı idxalı 2015-ci ilə nisbətən 2,4 dəfə azalıb, 2021-ci ilə nisbətən isə 2,5 dəfə artaraq 75,9 min ton olub. 2022-ci ildə ölkəyə idxal olunan qarğıdalının 97,8 faizi Rusiyanın, 1,3 faizi isə Türkiyənin payına düşüb.
Ötən il ölkəyə idxal olunan “xam qarğıdalı yağı və onun fraksiyaları” 2021-ci ilə nisbətən 23,8 faizi azalaraq, 12,9 min ton, “qarğıdalı yağı və onun fraksiyaları” isə 23,7 faiz artaraq 4,5 min ton olub.
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər