Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bəzi avtomobillərə şəhadətnamələr yeni formada veriləcək
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilən "Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə" beynəlxalq daşımalar üçün də keçərli olub.
Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Nəqliyyat vasitələrinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə"nin formasının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə müvafiq dəyişiklik əsasında Agentlik tərəfindən şəhadətnamələrin beynəlxalq tələblərə uyğun yeni formada verilməsinə başlanılıb.
Qeyd edək ki, əvvəllər verilən şəhadətnamələr "Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında" Avropa Sazişinin tələblərinə uyğun olmadığından, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəli yüklərin beynəlxalq daşınmasında çətinliklər yaranırdı. Belə ki, təhlükəli yüklərin daşındığı nəqliyyat vasitələri xarici dövlətlərlə sərhəddə saxlanılır və beynəlxalq daşımaya uyğun şəhadətnamə tələb edilirdi. Nəticədə ixrac və ya idxal olunan təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə beynəlxalq daşınması Azərbaycan Respublikasının daşıyıcıları tərəfindən deyil, Sazişə qoşulmuş digər ölkələrin şirkətləri tərəfindən həyata keçirilib.
"Beləliklə, şəhadətnamənin yeni forması yuxarıda qeyd olunan problemi həll etməklə yanaşı, milli qanunvericiliklə beynəlxalq saziş arasındakı uyğunsuzluğu aradan qaldırır, eyni zamanda yerli daşıyıcıların potensial müştərilər qarşısında nüfuzunu artırır və yeni iş imkanları yaradır", - məlumatda qeyd olunub.