Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakının mərkəzində 1930-cu illərin ortalarında tikilmiş memarlıq abidəsi sökülür? - AÇIQLAMA
Metronun "Gənclik" stansiyasının yaxınlığında park salınması ilə bağlı tarixi abidə sökülür.
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev paylaşım edib. Memar iddia edir ki, bu məsələ dəfələrlə gündəmə gətirilsə də, söküntü işləri dayandırılmayıb.
O, daha öncəki paylaşımında yeni parklardan birinin metronun "Gənclik" stansiyasının yaxınlığındakı "Antena meydançası" deyilən yerdə salındığını və burada 2024-cü ilin əvvəlindən ərazinin planlaşdırılması ilə bağlı genişmiqyaslı işlərə başlanıldığını vurğulayıb:
"Lakin parkın ərazisində, Nəsibbəy Yusifbəyli (keçmiş 7-ci Dağlı) küçəsi tərəfində 1930-cu illərin ortalarında tikilmiş nadir memarlıq abidəsi, əsas Radio Mərkəzinin binası yerləşir. Bu günə qədər binanın içərisində Sovet İttifaqı dövründə Qərb radiostansiyalarının siqnallarını dəf etmək üçün istifadə olunan unikal avadanlıqlar qalır. Tarixi bina yaxşı texniki vəziyyətdədir. Binanın fasadında o memarlıq dövrünün çoxsaylı ornamentləri var - Bakıda belə orijinal tikililər çox az qalıb. Maraqlıdır, Mədəniyyət Nazirliyinin dövlət mühafizəsinə götürülməsi tövsiyə olunan tarixi irs siyahısına daxil etdiyi memarlıq abidəsini hansı aqibət gözləyir?
Şəhərsalma və Memarlıq Komitəsinin rəhbərliyinin bundan xəbəri varmı? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) rəhbərliyinin bundan xəbəri varmı? Şəhər rəhbərliyinin bundan xəbəri varmı? Parkı layihələndirən naməlum memarın bundan xəbəri varmı? Təəssüf ki, ictimaiyyətin bu məsələ ilə bağlı hər hansı məlumatı yoxdur.
Son illər mədəniyyət və tarixi irsin qorunması sahəsində həyata keçirilən yeni siyasət sayəsində memarlıq abidələrinə cəmiyyətin münasibəti dəyişir və onların qəsdən zədələnməsinin və ya sökülməsinin şahidi olma ehtimalımız getdikcə azalır. Odur ki, gəlin bu gözəl tendensiyanı davam etdirək. Bu nadir memarlıq abidəsini gələcək nəsillər üçün qoruyub-saxlamaq lazımdır.
Binanın fasadında o memarlıq dövrünün çoxsaylı ornamentləri var - Bakıda belə orijinal tikililər çox az qalıb. Maraqlıdır, Mədəniyyət Nazirliyinin dövlət mühafizəsinə götürülməsi tövsiyə olunan tarixi irs siyahısına daxil etdiyi memarlıq abidəsini hansı aqibət gözləyir?"
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən bina onların qeydiyyatında deyil.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəsibbəy Yusifbəyli küçəsində 1930-cu illərin ortalarında tikilmiş Radio Mərkəzi kimi tanınan binanın yerləşdiyi əraziyə baxış keçirilib və binanın bəzi hissələrində söküntü faktı aşkarlanıb:
"Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından və qeyd edilən binanın fasadındakı memarlıq elementlərinin mövcudluğunu nəzərə alaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən işlər dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib".
RİNN-in tabeliyində olan "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən ("Teleradio" İB) sorğumuza verilən cavabda isə qeyd edilib ki, sözügedən binada 1926-cı ildə Azərbaycanda fəaliyyətə başlayan ilk radiostansiyaya məxsus radioyayım avadanlıqları yerləşdirilib:
"Sonrakı illərdə uzun, orta və qısa dalğada radioyayımlar həyata keçirən həmin avadanlıqlar istismar dövrünü başa vurub. Yeni radio-televiziya avadanlıqları isə qüllənin yanında yeni inşa olunan texniki binada quraşdırılıb. Bu səbəbdən adıçəkilən binanın texniki məqsədlər üçün istifadəsi dayandırılıb. Son olaraq isə Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsindən Nəsibbəy Yusifbəyli küçəsi istiqamətində yeni istirahət parkının salınması ilə əlaqədar ərazisində bu və digər tikililərin yerləşdiyi stansiya fəaliyyətini dayandırıb".
Könül Cəfərli
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi" teqi üzrə xəbərlər
- Sədr Anar Quliyev MAP təşəbbüsünün önəmi haqda danışıb
- Anar Quliyev: "Azərbaycan şəhərləri dayanıqlı ekosistemlərə çevirmək məqsədini nümayiş etdirir"
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Milyonçu Muxtarovun xanımı üçün tikdirdiyi sarayın qarşısındakı parka yeni NƏFƏS VERİLDİ
- Bakıda şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək
Rəylər