Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda MTK ilə sakinlər arasında gərginlik: "Sənəd"lə görülən işə niyə etiraz edirlər?
Bakının Yasamal rayonu, H.Zərdabi, 72-2 ünvanında sakinləri binanın birinci mərtəbəsində açılacaq idman zalı narahat edir.
Bu barədə Oxu.Az-a bina sakini şikayət ünvanlayıb.
Şikayətdə bildirilir ki, binanın arxa tərəfində, sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazidə MTK sahibi birinci mərtəbədə idman zalı açmaq istəyir.
"Problem bundadır ki, bura uşaq əyləncə mərkəzinin düz qarşısıdır. MTK rəhbəri isə açacağı idman zalı üçün nəzərdə tutulan iri kondisionerlərin kompressorlarını divarın üstündə deyil, yerdən qoymaq istəyir. Bu, həm uşaqların hərəkətinə maneə yaradacaq, həm də kompressorun səsindən gecə-gündüz narahatlıq yaranacaq. Nəticədə bütün dincliyimiz pozulacaq. Bununla bağlı MTK rəhbərinə etiraz etsək də, o deyib ki, bina mənimdir, nəyi necə quraşdırmağa mən qərar verirəm", - deyə şikayətdə qeyd olunur.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran binanın komendantı Sadiq Dünyamalıyev bildirib ki, həmin əraziyə görə sahibkarın qanuni sənədi (kupça) var. Orada aparılacaq bütün işlər mövcud layihə əsasında həyata keçirilir və layihədən kənar nə isə etmək mümkün deyil. Kompressorların harada, necə qoyulması isə hələ heç dəqiqləşməyib".
Əzizə İsmayılova
Rəylər