Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı zəvvarların səhhəti necədir? - AÇIQLAMA
"Azərbaycanlı zəvvarlar həcc əməllərini başa vuraraq Məkkədəki hotellərinə qayıdıblar və onların heç birinin səhhətində problem yoxdur".
Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib.
İdarə rəsmisinin sözlərinə görə, yerli səhiyyə qurumları əvvəlcədən zəvvarları isti hava olması barədə xəbərdar ediblər.
"Bizim zəvvarların isti havada hərəkəti düzgün təşkil olunub, açıq havada olmaları minimuma endirilib və nəticədə heç kim istivurmadan əziyyət çəkməyib. Artıq zəvvarlar hotellərinə qayıdıblar və bir neçə gündən sonra islam peyğəmbərinin şəhəri sayılan Mədinəyə səfəri gözləyirlər. Oradan isə zəvvarlar Bakıya qayıdacaqlar", - deyə V.Cahangiri əlavə edib.
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını qeyd edib.
Rəhim Əliyev