Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan millisinin sabiq baş məşqçisi: "Yığmanı tək Stadnikin üzərində qurmaq lazım deyil"
"Yığmanı, məşqi tək Mariya Stadnikin üzərində qurmaq lazım deyil. Onun öz təcrübəsi var. Hamını onun üslubuna yönəltmək, elə güləşdirmək mümkün deyil".
Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət millisinin sabiq baş məşqçisi Aslan Ağayev komandanın Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında çıxışı ilə bağlı danışarkən deyib.
55 yaşlı mütəxəssis heyətdə gənc güləşçilərin də yer aldığını bildirib:
"Onlar da özlərini doğrulda bilmədilər. Bəlkə də kollektivə bir az gec qoşulmuşdular. Təcrübələri də azdır. Alyona Kolesnikə də güvənirdik. O da medal qazana bilərdi. Üçüncü yer uğrunda qarşılaşmada uduzaraq beşinci yerlə kifayətləndi".
Ağayev yığmanın aparıcı üzvü Mariya Stadnik barədə danışıb:
"İdmanda məğlubiyyət də, qələbələr də var. Bu dəfə nəsə çatışmadı. Bəlkə bilmədiyimiz hansısa problemi olub. Mariya bu vəziyyətdə də ən azından olimpiadaya lisenziyanı qazanmalı idi. Onu çox gözəl tanıyıram. Məncə, onda nəsə problem olub".
O, ukraynaəsilli idmançının uğursuzluğunun yaşla əlaqədar olmadığını vurğulayıb:
"Qadınlarda yaş o qədər də özünü göstərmir. 38-40 yaşında güləşənlər var. Ukraynadakı vəziyyət də hamıya bəllidir. Bəlkə də müəyyən problemlər ona təsir edir. Qarşıdakı turnirlərdə lisenziya qazanacağına inanıram. Olimpiadaya düzgün hazırlaşdırmaq və problemləri onun beynindən çıxarmaq lazımdır. Bütün bunlar olsa, Mariya Parisdə medal əldə bilər".
Mütəxəssis Azərbaycanın qadın güləşinin gələcəyindən də söz açıb:
"Mariya kimi olmasa da, qadın güləşçilərimiz olacaq. Yeniyetmə və gənclər arasında istedadlı idmançılar var. Avropa və dünya çempionatlarından medallar gətiriblər. Bu olimpiadada olmasa da, 2028-ci ildə keçiriləcək analoji yarışda iştirak edəcəklərinə inanıram. Amma intizam olmasa, qadın güləşindən söhbət belə gedə bilməz. Bizim öz mentalitetimiz var. Qız güləşçilərimizə doğru yol göstərməliyik. Bəzən fikirləşirlər ki, başqa ölkələrdə azadlıq var. Onlar anadan olandan ailədə və digər yerlərdə həmin azadlığı görüblər. Amma bizdə tam fərqlidir. Məşqçiyə hörmətlə yanaşmalı, onun sözlərini eşitməli və tapşırıqlarına əməl etməlidirlər. Mən işlədiyim dönəmdə hamı bu məsələlərə ciddi yanaşdığımı görürdü. Komandada artıq nəsə baş verə bilməzdi. Kimsə intizamsızlıq edəndə mütləq cəzalanmalı idi".
Qeyd edək ki, Azərbaycanın qadın güləşçiləri Serbiyada keçirilən dünya çempionatını medalsız və lisenziyasız başa vurublar.
"Mariya Stadnik" teqi üzrə xəbərlər
- Mariya Stadnik: "Davam edib-etməyəcəyimə istirahətdən sonra qərar verəcəyəm"
- Mariya Stadnik idmançı karyerasını başa çatdırıb?
- Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub
- Paris-2024: Bu gün iki idmançımız medal uğrunda yarışacaq, ikisi isə mübarizəyə start verəcək
- Rəsul Çunayevdən qızıl medal təxminləri: "İki nəfər üçün son olimpiadadır"
Rəylər