Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"30 metrlik yolun asfaltlanması üçün ilyarımdır gözləyirik" - ŞİKAYƏT
"Pirallahı qəsəbəsində Cəfər Cabbarlı küçəsinin asfaltlanması, abadlaşdırılması ilə bağlı rayonun icra hakimiyyətinə şikayət etməyimə baxmayaraq, məsələyə baxılmır".
Belə bir şikayətlə Oxu.Az-a Pirallahı sakini Emil Mürsəlov şikayət ünvanlayıb.
O qeyd edib ki, 30 metrlik ərazinin asfaltlanması üçün icra hakimiyyətinə müraciət etsələr də, ilyarımdan artıqdır ki, məsələ həll edilmir.
Şikayətlə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən yol tədbirlər planına daxil edilib və qrafikə uyğun olaraq asfalt örtüyünün çəkilməsi planlaşdırılır.
"Qeyd edək ki, rayonumuz yarandığı gündən indiyədək genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Belə ki, yol infrastrukturu yenidən qurulub, mərkəzi və qəsəbədaxili yollar, məhəllələr abadlaşdırılaraq asfalt-beton örtüyü döşənib. Həyata keçirilən işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və RİH-in təsdiq etdiyi tədbirlər planına uyğun olaraq həyata keçirilir. Qeyd olunan ünvandakı yol da tədbirlər planına daxil edilib və qrafikə uyğun olaraq asfalt örtüyünün çəkilməsi planlaşdırılır. Bildiririk ki, həmin yolun yataq hissəsi yenidən qurulub, üzərinə qum-çınqıl qatı döşənərək kipləşdirilib.
Əraziyə ərizəçi Emil Mürsəlov, məsul şəxslər və digər vətəndaşlarla birgə bir daha baxış keçirilib. Şikayətçiyə bildirilib ki, asfalt örtüyünün döşənməsi işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 saylı Yol İstismarı MMC tərəfindən həyata keçiriləcək.
Əhalini narahat edən problemlər tərəfimizdən daim diqqət mərkəzində saxlanılır və icrası növbəlilik prinsipinə uyğun həyata keçirilir", - deyə RİH-dən verilən açıqlamada bildirilir.
Əzizə İsmayılova
Rəylər