Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyalı tarixçi Makronun siyasəti haqqında: "Bu, tam bir iflas və uğursuzluqdur"
İyulun 7-də Fransada parlament seçkisinin ikinci turu keçiriləcək ki, bu da ölkədə daxili siyasi vəziyyətdə daha da qarışıqlıq yarada bilər. Xatırladaq ki, ilk turda Prezident Emmanuel Makronun "Respublika Naminə Birgə" koalisiyası 20%-dən bir qədər çox səs toplayaraq sarsıdıcı məğlubiyyətə uğramışdı. Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı Milli Birlik (RN) 33,15% səslə qalib gəlib. İkinci yeri 27,99 faizlə Yeni Xalq Cəbhəsi Partiyası (NFP) tutub.
Fransada keçirilən seçkini Oxu.Az-a rusiyalı politoloq, fransaşünas, tarix elmləri namizədi, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnatçenko şərh edib:
- Hazırkı seçki fransızların Makronun siyasətindən tam məyus olduqlarını nümayiş etdirir. Beləliklə, Fransada "makronizm"in tənəzzülündən danışanlarla razılaşa bilərik. Emmanuel Makron artıq tükənmiş siyasi fiqurdur.
Digər məsələ belədir ki, Fransada sağçı qüvvələrin, Marin Le Penin rəhbərlik etdiyi Milli Birliyin triumfu haqqında danışmaq hələ tezdir. Hazırda birinci və ikinci yerlər arasındakı fərq azdır.
İkinci turun perspektivlərinə gəlincə, ümumilikdə bu vəziyyət olduğu kimi qala bilər, bu isə o deməkdir ki, Milli Birlik səslərin əksəriyyətini qazana və öz sıralarından baş nazir namizədliyi irəli sürə bilməyəcək. Belə bir vəziyyətdə Fransa siyasi sistemi dalana dirənəcək. RN ikinci turda birinci yeri tuta bilər, lakin digər partiyalar onunla yaxınlaşmağa və ya müttəfiqliyə hazır deyil, bu da Milli Birlikdən baş nazirin təyin edilməsini çətinləşdirir. Eyni zamanda, Makronun irəli çəkdiyi hazırkı baş nazir Qabriel Attal, çətin ki, öz mövqeyini qoruyub-saxlaya bilsin, axı Makronun koalisiyasının mövqeyi seçkiqabağı vəziyyətlə müqayisədə kəskin şəkildə zəifləyib.
Fransada aparıcı siyasi qüvvələrin heç biri - Milli Birlik, Yeni Xalq Cəbhəsi, Makronun koalisiyası bir-biri ilə qarşılıqlı fəaliyyətə hazır deyil, lakin onlar mütləq səs çoxluğuna da nail ola bilməyəcəklər. Beləliklə, ikinci turdan sonra daha da qarışıqlıq yarana bilər.
- Niyə Makronun belə bir uğursuzluğu birinci prezidentlik dövründə yox, ikinci prezidentlik dövründə baş verdi? O, hətta yenidən seçildi.
- Makron, 2017-ci ildə olduğu kimi, 2022-ci il prezident seçkisinin ikinci turunda Marin Le Penlə yarışıb. Le Pen əksər fransızlar üçün əsl müqəvva idi. Lakin 2022-ci ildən bəri onun partiyası keçmiş damğanı atmaq üçün sağçılığa doğru uzun bir yol qət etdi.
Le Pen həm 2017, həm də 2022-ci illərdə Makron üçün əlverişli rəqib olub. Seçicilər onun lehinə yox, Le Penin əleyhinə səs verirdilər. Unutmayaq ki, Fransada dövlət başçısı vəzifəsinə qadın seçmək adət halına gəlməyib. Bu ənənə erkən orta əsrlərə gedib çıxır (Salik həqiqəti və ya Salik qanununa əsasən, taxt sülalə üzvləri arasında azalan arasıkəsilməz xətt üzrə ancaq kişilərə miras qalır).
İnsanların Makrondan məyus olmasının səbəblərinə gəlincə, fransızlar üçün dövlətin sosial-iqtisadi siyasətinin mütləq prioritet olduğu göz qabağındadır. Fransa prezidenti bu istiqamətdə uğursuzluğa düçar oldu. Onun bir yarım prezidentlik dövründə Fransa xalqı üçün heç bir müsbət dəyişiklik edilməyib və bunun üçün addımlar atılmayıb.
- İqtisadi məyusluqlardan artıq danışdınız. Bəs xarici siyasətdə məyusluqlar olubmu? Makron avropalıları, ilk növbədə fransızları Ukraynaya müharibəyə göndərməyə çağırıb, Fransa Afrikadan qovulur, onun dənizaşırı ərazilərində iğtişaşlar baş verir (əslində, bunlar müstəmləkələrdir) və sair.
- Əksər fransızlar üçün Makrondan narazılıqlar siyahısında birinci yerdə sosial-iqtisadi problemlər gəlir. Xarici siyasətə gəlincə, Fransa prezidentinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hədsiz aqressiv siyasəti fransızların əksəriyyəti tərəfindən o qədər də dəstək görmür. Mənə elə gəlir ki, bu, həm də iqtisadi məsələlərlə bağlıdır. "Ziyafət"in pulunu kim ödəyəcək? Fransızlar hansısa hədsiz dəstək (Ukrayna - red.) üçün kəmərlərini daha da sıxmağa hazır deyillər. Bundan əlavə, fransızların əksəriyyəti Fransanın təhlükəsizliyinə birbaşa təhlükə yaratmayan müharibədə canını verməyə hazır deyil.
Afrika məsələsinə gəlincə, bu, Makronun prezidentliyi qarşısında əməlli-başlı şillədir. Beşinci Respublikanın bütün Fransa prezidentləri bu və ya digər şəkildə Afrika xəritəsinin öhdəsindən gəlirlər. Lakin Makron administrasiyası alçaldıcı məğlubiyyətə uğradı. Bu, tam bir iflas və uğursuzluqdur.
Fransızlar hesab edirlər ki, onların ölkəsi beynəlxalq məsələlərdə ənənəvi tarixi rol oynamalıdır, amma əslində isə Fransa Respublikasının heç də böyük dövlət olmadığı üzə çıxır. Bu, I Napoleon, general de Qoll, kral XIV Lüdovik kimi şəxsiyyətləri xatırlamağa adət etmiş adi fransızları qıcıqlandırır. XVII əsrdən bəri fransız siyasi diskursu xarici siyasətdə böyüklük ideyası üzərində qurulub və ona görə də bu, fransızların qüruruna daha ağrılı zərbə endirir. Makronun prezidentliyi dövründə isə belə zərbələr daha da çoxalıb.
- Seçkinin birinci turu başa çatdıqdan sonra Makron insanları küçələrə çıxmağa və sağçılara etiraz etməyə çağırdı. Bu, iğtişaşlara, avtomobillərin və mağazaların yandırılmasına səbəb oldu. Dövlət başçısı üçün çox qeyri-adi davranışdır...
- Görünən odur ki, Makron hakimiyyətdən yapışır, onun itirəcək heç nəyi yoxdur. O, ikinci prezidentlik müddətini belə kədərli şəkildə başa vurmaq istəmir ki, fransızların yaddaşında Beşinci Respublika tarixində ən uğursuz prezident kimi qalmasın. Lakin Makron artıq "vurulmuş bir pilotdur", onun siyasi karyerası başa çatır.
Avtomobillərin və mağazaların yandırılması isə ən kiçik böhran zamanı Fransa siyasi səhnəsinin vazkeçilməz atributudur.
Nair Əliyev