Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransanın çatdığı yolayrıcı: "Qafqaza diqqət artdıqca daxili problemlər də böyüyəcək"
Fransada parlament seçkisinin nəticələri elan olunub. Yerli media Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verib ki, iddia olunduğu kimi, ifrat sağçılar seçkidə qalib gələ bilməyiblər. Solçuların cəmləşdiyi Yeni Xalq Cəbhəsi alyansı seçkinin ikinci turunda 182 yer qazanaraq, qalib olub. "Respublika Naminə Birlikdə" prezident koalisiyası 168 mandatla ikinci, sağçıların cəmləşdiyi "Milli Birlik" fraksiyası isə 143 mandatla üçüncü olub. Respublikaçılar isə 45 yer qazanıblar.
Ekspertlər seçici fəallığının son 20 ildə ən yüksək həddə olduğunu bildiriblər.
Qərb analitiklərinin fikrincə, seçkidə əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almadığından bu, yeni hökumətin formalaşdırılmasını çətinləşdirəcək. Bu səbəbdən Fransa uzunmüddətli qeyri-sabitlik dövrünə girməyə hazırlaşır, çünki bir-biri ilə rəqabət aparan ideyaları və gündəmləri olan üç müxalifət bloku koalisiya yaratmağa çalışır. Bölünmüş parlamentlə ölkədaxili səviyyədə əsas struktur islahatlarına isə ümid yoxdur.
Fransanın keçmiş baş naziri və Makronun müttəfiqi Edvard Felip ölkə prezidentinin dəyişməyəcəyini iddia edib. O bildirib ki, seçkinin nəticəsi Makronun prezidentlikdən uzaqlaşmasını çətinləşdirib:
"Prezidenti təyin etmək məsələsi böyük qeyri-müəyyənliklə nəticələndi. Həqiqət budur ki, Assambleyadakı siyasi bloklardan heç birinin idarəetmə üçün təkbaşına çoxluğu yoxdur. Ona görə də mərkəzi siyasi qüvvələrin qalmaq öhdəliyi var".
Sabiq baş nazir əlavə edib ki, hazırkı hökumət siyasi vəziyyəti sabitləşdirəcək koalisiyanın yaradılmasına yardım etməlidir.
Sağçı Marin Le Penin nümayəndəsi Jordan Bardella hökumətlə birlikdə yaradılacaq hər hansı əməkdaşlığı qəbuledilməz adlandırıb. O bildirib ki, bu ittifaq Fransanı iflic edəcək.
Maraqlıdır ki, hazırkı siyasi sistemə yaxınlığı ilə tanınan Fransanın Baş naziri Qabriel Attal əvvəlcə tezliklə istefa verəcəyini elan etsə də, daha sonra yerli mediaya açıqlamasında: "Ölkəmiz görünməmiş siyasi vəziyyətlə üzləşib və Paris Olimpiadasının yaxınlaşması ilə əlaqədar vəzifə tələb etdiyi müddətcə yerimdə qalmağa hazıram", - söyləyib.
Onu da qeyd edək ki, son aylar iğtişaşların davam etdiyi, onlarla siyasi və dinc fəalın Fransa jandarmları tərəfindən öldürüldüyü Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan yerli kanak xalqı da Fransa parlamentində yer qazanıb. "The Guardian" xəbər verir ki, səsvermənin nəticələrinə görə, Emmanuel Tjibau Parisin sadiq namizədi olan sağçı Nikolas Metzdorfla mübarizədə qalib gəlib. Tjibau 1986-cı ildən bəri Fransa parlamentində yer qazanan ilk müstəqillik tərəfdarı kimi qəbul olunur. Qeyd edək ki, o, tanınmış kanak müstəqillik hərəkatının lideri, 1989-cu ildə öldürülən Jan-Mari Tjibaunun oğludur. Yerli siyasilər onun qələbəsini Parisin bölgədə zəifləməsi kimi qiymətləndirirlər.
Xatırladaq ki, kanaklar Yeni Kaledoniya əhalisinin təxminən 40%-ni təşkil edirlər və baş vermiş gərginlik zamanı rəsmi rəqəmlərə görə, ikisi polis olmaqla doqquz nəfər öldürülüb.
Tjibau açıqlamasında seçkinin nəticəsini dramatik adlandırıb və bildirib ki, müstəqillik tərəfdarları ilə Fransa tərəfdarları arasında dialoq bərpa olunmalıdır.
"Seçki Yeni Kaledoniyada demokratiyanın canlı olduğuna sübutdur və bu, insanların özlərini ifadə etmələri üçün yeganə yoldur", - deyə Tjibau əlavə edib.
Fransadakı seçkini yaxından izləyən rəsmi Moskva hələ ki sakitliyini qorumaqdadır. Lakin mediaya açıqlama verən Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov heç nəyin dəyişməyəcəyini, hər şeyin əvvəlki kimi qalacağını deyib. O əlavə edib ki, nəticələr Fransanı kimin idarə edəcəyini göstərmir:
"Görünən odur ki, nə sağçılar, nə də solçular idarəçilik üçün mandat aldılar. Hər şey əvvəlki kimi qalacaq. Amma mahiyyət etibarilə Fransa hakimiyyəti iflic olacaq. Güc baxımından demək olar ki, bərabər olan üç siyasi qüvvə bir-biri ilə şiddətli rəqabət aparacaq".
Konstantin Kosaçov onu da əlavə edib ki, seçkinin nəticəsinə görə, Makron bütün Fransa xalqı adından danışmaq imkanını itirib:
"Nəticədə istər regional (Ukrayna böhranı), istər Avropa (Aİ böhranı), istərsə də qlobal (NATO mərkəzli dünyanın böhranı) məsələlərdə Fransanın beynəlxalq lider roluna iddia etmək imkanları kəskin azalıb", - deyə o, açıqlamasında vurğulayıb.
Seçkinin nəticəsindən asılı olmayaraq, Fransa Ermənistanı silahlandırmaqda davam edəcək. Bu barədə isə "Bloomberg" yazıb. Bildirilib ki, Parisin bu addımı atmasına səbəb Sakit okeanda Fransaya qarşı olan güclərin artmasına cavabdır.
Fransada keçirilən parlament seçkisinin elan olunmuş nəticəsi ilə bağlı Oxu.Az-a açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, etirazların daha da genişlənəcəyi qənaətindədir:
"Bu gün Avropa ölkələrində hakimiyyət və parlament dəyişikliklərinin şahidi oluruq. Ultrasağçılar, ultrasolçular siyasi qüvvə kimi meydana atılırlar. Fransada Makron siyasəti fiaskoya uğradıqdan sonra növbədənkənar parlament seçkisi təyin edildi, amma nəticələr gözlənildiyinin əksinə oldu.
Makron dövrü kütləvi aksiyalarla, mitinqlərlə yadda qaldı, "sarı jiletlilər", həmkarlar ittifaqının yürüşləri, fermerlərin bahalaşma və vergilərin artırılması ilə bağlı narazılıqları və s. Seçkidən sonra da narazı olanlar paytaxt və digər böyük şəhərlərdə aksiyalar keçirməkdədirlər. Bunların hətta yaxın günlərdə daha da genişlənəcəyi gözlənilir".
Siyasi şərhçi onu da vurğulayıb ki, seçkidə Makronun zəif nəticə göstərməsi xalqın onun hakimiyyətinə etimadının zəiflədiyinin göstəricisidir:
"Parlament seçkisi də, demək olar ki, Makronun əlindən getmiş sayılır. Digər tərəfdən, mütləq çoxluğun olmaması hakimiyyətə etimadın zəifləməsinin göstəricisidir. Ölkə daxilində cərəyan edən bu kimi hadisələr Fransa siyasi isteblişmentinə bir işarədir ki, öz daxili işləri ilə məşğul olsunlar, Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda geosiyasi ambisiya eşqinə düşməsinlər, regionda yaranmış geosiyasi nizami sarsıtmasınlar. Onsuz da, istəklərinə nail ola bilməyəcəklər. Lakin daxili problemlər Cənubi Qafqaza ayrılan diqqət çərçivəsində daha da artacaq".
Xatırladaq ki, Emmanuel Makron prezident koalisiyasının Avropa Parlamentinə seçkidə məğlub olmasından sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçki təyin edib. Seçkinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutub.
Aqil Vəlili