Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qarabağ müharibələrinin qara statistikası: 3961 ailə öz doğmalarını gözləyir
Avqustun 1-nə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, itkin düşənlərdən 3 953 nəfəri Birinci Qarabağ müharibəsində, səkkiz nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir.
Qurumdan əlavə edilib ki, Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra Dövlət Komissiyasına və aidiyyəti dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb:
"Buna səbəb kimi I Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində İşçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir".
Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində 1988-1993-cü illərdə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub.
I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil.
2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində isə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Lakin bu qələbə də itkilərsiz başa gəlmədi. Rəsmi məlumata görə, Vətən müharibəsi dövründə 2907 hərbi qulluqçumuz şəhid olub, 7 nəfər itkin düşüb.
"Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Politoloq Əlimusa İbrahimov: "Kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq"
- Pakistanlı dərzi: "Əl işlərimin azad olunan torpaqlara çatdığını eşidəndə sevincimdən ağladım"
- Tibb xidməti kapitanı: "İlk yaralı və şəhidə eyni anda şahid oldum"
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- İki oğlu şəhid olan ana: "Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər"