Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
MDB və ŞƏT-in müşahidə missiyalarının rəhbərləri Bakıda işçi görüşü keçiriblər
Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyalarının rəhbərləri Bakıda keçirilən işgüzar görüş zamanı Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkisinə hazırlığı müzakirə ediblər.
Bu barədə Oxu.Az MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
"MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri, MDB baş katibinin birinci müavini Leonid Anfimov ilə ŞƏT-in beynəlxalq müşahidəçilər missiyasının rəhbəri, ŞƏT baş katibinin müavini Nuran Niyazəliyev avqustun 31-də Bakıda görüşüblər. Görüşdə, həmçinin, Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko da iştirak edib", - məlumatda deyilir.
Həmsöhbətlər Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisində MDB və ŞƏT-dən olan müşahidə missiyalarının fəaliyyətini müzakirə ediblər.
"Tərəflər seçki kampaniyasının şəffaf və açıq şəkildə keçirildiyi, beynəlxalq müşahidəçilərin parlament seçkisini izləməsi üçün lazımi şəraitin yaradıldığını vurğulayıblar", - məlumatda deyilir.
Anfimov həmsöhbətinə bildirib ki, MDB müşahidə missiyasına 133 müşahidəçi daxildir, onlardan 10-u Azərbaycanda uzunmüddətli əsaslarla işləyir. Missiya rəhbəri həmsöhbətin diqqətinə, həmçinin, əsas iş prinsiplərini - müşahidənin obyektivliyi, seçki prosesinin gedişinə müdaxilə edilməməsini çatdırıb.
"Ənənəvi olaraq, biz işimizi missiya üzvlərinin şəxsi müşahidəsi, seçki komissiyalarının üzvləri və dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət nəticəsində yerlərdə əldə olunan məlumatlar əsasında qururuq", - Anfimov vurğulayıb.
Öz növbəsində, Niyazəliyev qeyd edib ki, ŞƏT seçkilərin, o cümlədən parlament seçkilərinin monitorinqində böyük təcrübəyə malikdir. O bildirib ki, missiya üzvləri Azərbaycanda seçki kampaniyasının gedişi ilə tanış olmaq imkanı əldə ediblər.
"Seçki çox sakit keçir, ölkədə vəziyyət ürəkaçandır. Seçki kampaniyasının təşkilati səviyyəsini yüksək qiymətləndirərdim. Bunda həm Mərkəzi Seçki Komissiyasının, həm də yerli seçki komissiyalarının koordinasiyalı işi böyük rol oynayır", - o vurğulayıb.
Görüş zamanı tərəflər təbliğat-təşviqat kampaniyasının gedişi, seçki komissiyalarının işi və seçki məntəqələrinin seçkilərə hazırlığı ilə bağlı da müzakirələr aparıblar.
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Ramin Cəfərov: "Şuşadakı Qlobal Media Forumu təcrübə mübadiləsi üçün uğurlu alternativ platformadır"
- Putin: "Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir"
- "Bestcomp Group" CISCO tərəfindən "İlin informasiya təhlükəsizliyi üzrə tərəfdaşı" seçilib
- Moldovanın dəyişməyən "qibləsi" - Kişineu yenə Brüsseli seçib