Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlin ən əhəmiyyətli tədbiri - "Bakının düşmənləri reallığı dəyişə bilməyəcəklər"
"COP29 iqlim sammiti, əsasən, qaz emissiyalarının azaldılması və qlobal istiləşmənin ortaya çıxardığı problemlərin həlli ilə bağlı Birləşmiş Millətlər Təşkilatı çərçivəsində keçirilən bir tədbirdir. Onun ən mühüm tərəfi təbii fəlakətlərin yaratdığı təhlükələrlə bağlıdır. Xüsusilə İspaniyada baş verən son fəlakət və Türkiyədə meydana gələn ardıcıl zəlzələlər onu deməyə əsas verir ki, həqiqətən, bu gün dünya təbii fəlakətlərin caynağındadır. Bu hadisələrlə mübarizə milli təhlükəsizlik məsələləri arasında yer alır. Təbii ki, bunun Azərbaycan üçün daha fərqli bir mənası var. Birincisi, bu, ilk növbədə insanların ortaq problemidir, ikincisi, Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradan bir ölkə kimi bu prosesdə fəallıq göstərir".
Bunu Oxu.Az-a açıqlamasında türkiyəli politoloq, professor Hüsamettin İnanç deyib.
Onun sözlərinə görə, bu tədbirin Azərbaycan üçün bir əhəmiyyəti də sülh və sabitliklə bağlıdır:
"Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ildə isə antiterror əməliyyatı ilə Qarabağı tamamilə işğaldan azad edib. Bununla da dünya arenasında artıq suverenliyi tam bərpa edilən bir ölkə olaraq öz yerini alıb. Bu baxımdan, Ermənistanla əldə ediləcək sülh müqaviləsi regional sabitlik baxımından Azərbaycan üçün əhəmiyyət kəsb edir. Ona görə də Birləşmiş Millətlər Təşkilatına üzv olan 190-dan çox ölkənin diqqətinin Bakıda olması çox önəmlidir. Həmçinin, məlum olduğu kimi, bu coğrafiya son dövrlərdə ABŞ, Rusiya və Avropa İttifaqı arasında gedən rəqabətin mərkəzinə çevrilib. Bu da istər-istəməz BMT-yə üzv ölkələrin Azərbaycanın və regionun məlum probleminə diqqət yetirməsini təmin edəcək".
"Bu istiqamətdə xüsusilə Rusiya-Ukrayna müharibəsini qeyd etmək lazımdır. Müharibənin irəliləməsi Moskva ilə NATO arasındakı mübarizəni fərqli məcraya daşıyıb. Rusiyanın isə Azərbaycanla münasibətlərini inkişaf etdirməsi fonunda Ermənistanın Kremllə bütün əlaqələrini kəsib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurması, Fransa başda olmaqla Aİ və ABŞ ilə yaxınlaşmasına gətirib çıxarıb. Üstəlik, Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələrin sənəddən çıxarılması kimi mühüm tələblər gündəmə gəlib. Bu da beynəlxalq hüquq və regional siyasətlə birbaşa əlaqəlidir. Yəni Azərbaycan gələcəkdə münaqişə olmaması üçün haqlı tələb irəli sürür, Ermənistan isə buna qarşılıq vermək əvəzinə regiona kənar qüvvələri cəlb edir. Bütün bunların fonunda Türkiyənin təşəbbüsü ilə Ankarada "3+3" formatında toplantı keçirildi. Ankara son dövrlərdə İrəvanın təhlükəsizliyini üzərinə götürməyə hazırdır ki, bu da mühüm amillərdən hesab edilir. Məsələyə bu aspektdən yanaşanda Ermənistanın sülhə məcbur edilməsi, Azərbaycanın bu ölkə tərəfindən suverenliyinin qəbul edilməsi və Cənubi Qafqazın sabitliyi baxımından COP29-un Azərbaycanda keçirilməsi çox önəmlidir", - deyə professor vurğulayıb.
O əlavə edib ki, COP29 siyasi dividendlərlə yanaşı, iqtisadi baxımdan da Azərbaycana mühüm töhfə verəcək:
"Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayan Azərbaycan regional sabitliyi bərpa etmək və qorumaq üçün digər təşəbbüsləri ilə də artıq ciddi qazanclar əldə edib. COP29 bunu daha da gücləndirəcək və möhkəmləndirəcək".
Rusiyalı hərbi-siyasi ekspert Yevgeni Mixaylov da Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan COP29 iqlim konfransına ev sahibliyi etmək hüququna layiq ölkədir:
"Çünki Azərbaycanın güclü iqtisadiyyatı, güclü ordusu var və Azərbaycan güclü dövlətdir. Ölkənizin düşmənləri, xüsusən də mən AŞPA və digər anti-Azərbaycan qətnamələrlə gündəmə gələn tərəfləri nəzərdə tuturam, bu tədbirin əhəmiyyətini azalda bilməyəcəklər. Çünki Azərbaycanı tənqid edən ölkələrin hər birinin nümayəndəsi Bakıya gələcək".
"Azərbaycan qonaqlarını yüksək səviyyədə qarşılamaq üçün qısa müddətdə ən müasir məkanı hazırlayıb. Buna istər media mərkəzləri, istər konfrans zalları, istərsə də digər zəruri məsələlər aiddir. Azərbaycan bütün qonaqlarını və dostlarını səmimiyyətlə qarşılayacaq. Düşmənlərə isə Azərbaycanda yer yoxdur. Ona görə də bu tədbirdə iştirak edənlər, çətin ki, Azərbaycan haqqında mənfi nəsə desinlər", - Mixaylov vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq konfransın səviyyəsi gündəlikdə olan məsələlərin əhəmiyyətini daha da artıracaq:
"Bu da o deməkdir ki, bu konfrans Azərbaycanın səviyyəsini, təsirini və beynəlxalq arenada ünsiyyət imkanlarını və hörmətini daha da artıracaq. Ona görə də istər Ermənistan, istərsə də ona havadarlıq edən Avropa İttifaqı mənfiyə doğru heç nəyi dəyişə bilməyəcək və tədbir ən yüksək səviyyədə keçiriləcək".
İsrailli ekspert Yuri Boçarov da Oxu.Az-a açıqlamasında COP29-un ilin ən əhəmiyyətli iqtisadi və siyasi hadisələrindən biri olacağını deyib:
"Konfrans - iştirakçı ölkələrin iqlim böhranının həlli üçün yeni öhdəliklər götürməsi və konkret addımlar atması üçün bir fürsətdir. Bununla yanaşı, əsas diqqət Azərbaycanın regiondakı rolu və son zamanlarda Cənubi Qafqazda baş verən hadisələrlə əlaqədar olacaq. Məhz Azərbaycanın öz ərazilərinin azad edilməsində əldə etdiyi uğurlar, həmçinin Çindən Avropaya və Fars körfəzindən Rusiyaya, oradan da Avropaya gedən yeni nəqliyyat magistrallarında Azərbaycanın rolu xüsusi maraq doğurur".
O bildirib ki, bir çox Avropa siyasətçiləri Azərbaycana qarşı informasiya müharibəsi açmaqla bu istiqamətdə Azərbaycanın rolunu azaltmağa çalışırlar:
"Məhz konfransla əlaqədar həm Avropa, həm də ABŞ-nin bütün kütləvi informasiya vasitələrində Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Çünki bu konfrans Azərbaycanın dünya geosiyasi xəritəsindəki əhəmiyyətini və rolunu göstərir. Konfransda dünyanın 200-ə yaxın ölkəsinin nümayəndələrinin iştirakı da bu onun dünyada hansı rola malik olduğunu və tədbirin Azərbaycan ərazisində keçirilməsinin əhəmiyyətini göstərir. Çünki əsas mövzular üzrə çıxışlarla paralel olaraq, konfrans iştirakçılarının çoxu bunu Azərbaycanla və onun iqtisadi strukturları ilə bu regionda öz layihələrini irəli sürmək üçün birbaşa əlaqə məsələsi kimi nəzərdən keçirir".
"Azərbaycana həm dövlətin, həm də bütövlükdə regionun inkişafı planlarında uğurlar arzulamaq olar. Bu zaman yaşıl iqtisadiyyata və yaşıl enerjiyə keçid kimi xeyirxah məqsədlərdən istifadə etmək, təbii ki, Bakıdakı iqlim sammitinin əsas vəzifəsidir", - deyə ekspert vurğulayıb.
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- Fotoları ilə danışan nigeriyalı: "Dünyadan gözləntimiz maliyyə dəstəyinin göstərilməsidir"
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri başlandı
- Niki Reyx: "Biz mövqelər arasındakı anlaşılmazlıqla bağlı şikayətləri eşitmişik"
- Sindra Şarma: "Bölgələrimiz itki və ziyanla üz-üzədir"
- Mastercard dayanıqlılıq mövzusunda "Sandbox as a Service" hakatonunun qaliblərini elan edir