Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gürcüstan-Qərb münasibətlərində gərginlik: Məntiqsiz və ikiüzlü baxış
Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi tək gürcü xalqı və dövlətçiliyi üçün deyil, bütöv region kontekstində əlahiddə əhəmiyyətə malikdir. Seçki kampaniyası və ümumiyyətlə, seçkilərə gedən yol kollektiv Qərbin Tbilisinin müstəqil dövlətçilik təşəbbüslərinə qarşı görünməmiş total təzyiqi şəraitində keçir. Vaşinqtonda və Brüsseldə Gürcüstan hökumətinin tarazlaşdırma və güc mərkəzlərindən bərabər şəkildə məsafə saxlama siyasətini "Rusiyaya meyillilik" kimi qiymətləndirirlər.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Gürcü dövlətçiliyinə qarşı təhdidlər
Bu narrativin ilkin işartıları Rusiya-Ukrayna müharibəsi başlayan gündən büruzə verilir. Nədənsə Qərbdə hesab edirlər ki, rəsmi Tbilisi gürcü xalqı ayaq altında qalsa belə, Rusiyaya qarşı ikinci cəbhəni açmalıdır. Halbuki Kiyevlə Moskva arasındakı ziddiyyətlərin gürcü xalqına böyük ölçüdə heç bir dəxli yoxdur. ABŞ-də və Avropada bu düşüncədədirlər ki, əgər Rusiya həm Ukraynanın bir hissəsini, həm də Gürcüstanda Abxaziya və Cənubi Osetiyanı ilhaq edibsə, deməli, Tbilisi və Kiyev səylərini birləşdirməlidirlər.
Bu paradiqma Qərbin dünyadakı proseslərə baxışının çürüklüyünün göstəricisidir. Tbilisi və Kiyev mübarizələrində haqlıdırlarsa, - bu, əslində həqiqətən də belədir, - onda eyni yanaşma niyə 30 il ərzində Azərbaycanın öz torpaqlarının bütövlüyü və erməni işğalına qarşı mübarizəsinə münasibətdə də tətbiq olunmurdu? İndinin özündə də Qərbin bəzi paytaxtlarında Azərbaycanın tarixi ədalətsizliyə son qoymasını həzm edə bilməyənlər var.
Ukraynadakı müharibənin ilk anından etibarən ABŞ-nin və Avropa İttifaqının Gürcüstana qarşı basqıları seçkilər yaxınlaşdıqca daha aşkar və qeyri-etik obraz almağa başladı. Əvvəl ABŞ Tbilisiyə bütün yardım layihələrini dayandırdı, sonra eyni addımı Aİ və onun ayrı-ayrı üzvləri də atdılar. Bir neçə gün bundan öncə Avropa Parlamenti Gürcüstana qarşı ədalətsiz və qərəzli qətnamə qəbul edərək onu "demokratik dəyərlərdən uzaqlaşmaqda" suçladı.
Gürcüstan hakimiyyətinə inanmaq istəmirlər
"Demokratik dəyərlərdən uzaqlaşma" dedikdə Avropa Gürcüstan parlamenti tərəfindən qəbul olunan və LGBT təbliğatını qadağan edən, habelə xaricdən QHT-lərə ayrılan maliyyəyə nəzarəti sanksiyalaşdıran qanunları bəhanə gətirir. Gürcüstan hakimiyyəti avropalıları heç cür inandıra bilmir ki, onların həyat tərzi, mənəvi dəyərləri patriarxal və tarixi-dini köklərinə bağlı gürcü cəmiyyəti üçün qəbuledilməzdir. Bundan əlavə, özünə hörmət qoyan dövlətdə xaricdən edilən və heç də həmişə səmimi məramlı olmayan maliyyə dəstəyinin başıpozuq dövriyyəsi ilə razı ola bilməzlər.
Tbilisiyə bu platformada təzyiqlərin nəticəsizliyini görən Qərb, xüsusilə də Parisin dəstək verdiyi Aİ "ağır artilleriya"sını işə saldı - prosesə Gürcüstan prezidenti, əvvəllər Fransa vətəndaşı olmuş və bu ölkənin XİN-ində işləmiş Salome Zurabişvili qoşuldu. Konstitusiyaya görə, dövlətin siyasətini böyük ölçüdə hökumət müəyyən edir. Zurabişvili son prezident seçkilərində nə qədər paradoksal olsa da, hökumətin namizədi olub və gərgin mübarizədə eks-prezident Saakaşvilinin nümayəndəsinə qalib gəlib. Sonra tədricən müxalifətə meyllənməsi, hətta seçkilərdə mübarizə apardığı Saakaşvilinin azadlığı uğrunda mübarizəyə qoşulması, indi isə gürcü hökumətini rusiyapərəstlikdə suçlaması Qərbin Gürcüstanda illər əvvəl əsasını qoyduğu planın mövcudluğunu bir daha təsdiq edir.
Regional sabitliyin mühüm bəndi
Gürcüstandakı seçkilər bütün region, ələlxüsus da Azərbaycan üçün çox vacibdir. Bakı ilə Tbilisinin bölgədəki siyasi və iqtisadi kooperasiyası qlobal layihələrin reallığa çevrilməsi üçün kilid əhəmiyyət daşıyır. Bu nümunəvi işbirliyi nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub qaz dəhlizi və sair bu kimi qlobal, transmilli layihələr həyata vəsiqə qazanıb. Rəsmi Bakı Gürcüstandakı bütün hökumətlərlə məhsuldar işbirliyində olub, çünki bu, hər iki xalqın maraqlarından irəli gəlir. Bununla belə, Cənubi Qafqaz heç vaxt indiki kimi geosiyasi rüzgarların təsiri altında olmayıb. Ona görə də Azərbaycan gürcü xalqının davamlı rifahı, gürcü dövlətçiliyinin möhkəmlənməsi və inkişafında olduqca maraqlıdır.
Əgər Bakı bölgənin siyasi və iqtisadi başlanğıclarının mərkəzi, müəllifi və memarı rolunda çıxış edirsə, Tbilisi bu təşəbbüslərin dünya bazarlarına tranzitinin kritik bəndi, əsas ötürücüsüdür.
Seçkilərin geosiyasi əhəmiyyəti
Gürcüstan hökuməti də Azərbaycanda olduğu kimi gerçək müstəqil dövlət qurulması uğrunda cəhdlər göstərir. Bu, hər bir özünə hörmət edən xalqın istəyi, dövlətin hədəfidir. Dizayn etdiyi və əksər hallarda xalqların və ölkələrin dəyərləri və tarixinə zidd olan çərçivələrdən kənara çıxan istənilən müstəqillik cəhdləri Qərb tərəfindən qəbul edilmir və boğulmağa çalışılır. Ermənistandakı marionet rejim vasitəsilə bölgəyə nəzarət etməyə çalışan Qərb, onun əsas təmsilçisi Fransa Gürcüstandakı təzyiq rıçaqlarının gündən-günə zəifləməsindən ciddi narahatlıq keçirirlər.
Gürcüstan bölgədə ilk dövlətdir ki, Çinlə strateji müttəfiqlik haqqında sənəd imzalayıb. Tbilisi bununla seçimini ortaya qoyub - nə Qərb, nə də Rusiya. Pekinlə eyniməzmunlu anlaşmaya az öncə Bakı da nail olub. Bölgənin gələcək rifah arxitekturasının təminatçısı olacaq logistik layihələrin başlanma nöqtəsi Çindir. Dünyanın iqtisadi mərkəzi Qərbdən Şərqə, Asiyaya doğru yerdəyişmə edir. "Qlobal Cənub"un imkanları və çəkisi durmadan artır. Bu baxımdan, Gürcüstanın seçimi praqmatik və təbii səbəblərə malikdir. Gürcü xalqının Qərbin Rusiya ilə ziddiyyətlərinin elementinə çevrilmək kimi lüksu yoxdur. Oktyabrın 26-da gürcülər parlamentə məhz bu platformada səs verəcəklər.