Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirilib
Bu gün bir qrup Azərbaycan QHT-lərinin rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı qaldığı hotelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.
"Report" xəbər verir ki, QHT-lərin əsas tələbləri Peloninin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, Peloninin Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.
Xatırladaq ki, ötən gün gecə Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib: "Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirərək, Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib".
Bu gün davam edən dinc aksiya zamanı QHT fəalları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Frank Peloninin mühafizəçilərinə qarşı cinayət işi açılması üçün müraciət imzalayıblar.
QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini də tələb ediblər.
Bakıda səfərdə olan ABŞ konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir.
"Report" xəbər verir ki, "Baku Marriott Hotel Boulevard"ın qarşısında keçirilən aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.
Aksiya iştirakçıları Peloninin Azərbaycan xalqından üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işinin açılmasını, Peloninin Azərbaycana qarayaxma kampaniyalarına görə cavab verməsini tələb edirlər.
Qeyd edək ki, ötən gün də F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçilik fəaliyyətinə görə etiraz aksiyası keçirilib.