Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Ordusu antiterror tədbirləri ilə özünü bir daha sübut etdi - Paşinyan dərs çıxarmalıdır
"2022-ci ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ölkəmizin hərb tarixində müstəsna əhəmiyyətə malikdir və üzərindən bir il keçməsinə baxmayaraq, antiterror tədbirləri haqqında geniş fikirlər bölüşülür".
Bunu Oxu.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, bu mövzudan danışarkən hərbçilərimizin yüksək ustalığı və peşəkarlığı xüsusilə diqqət çəkir:
"Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, hərbçilərimizə elə bir təlimat verilmişdi ki, heç bir mülki şəxs bu tədbirlər nəticəsində zərər çəkməsin və hərbiçilərimiz zərgər dəqiqliklə döyüş tapşırığını yerinə yetirdilər. Cenevrə Konvensiyası və onun əlavə protokollarına intizamla riayət edildi. Bu da müasir döyüş sənətində çox yüksək qiymətləndirilməlidir. Çünki bu gün müxtəlif regional müharibələrə, qanlı münaqişə ocaqlarına nəzər salanda görürük ki, mülki şəxslər bu müharibələrin qurbanlarına çevrilirlər. Azərbaycan Ordusu isə yüksək peşəkarlığını bir daha sübut etdi."
"Lakin bu tədbirləri zəruri edən bir sıra siyasi məqamlar da mövcuddur. Çünki separatçı rejim bölgəyə silah-sursat daşınmasına, minaların gətirilməsinə şərait yaradırdı və eyni zamanda, Laçın yolu qeyri-qanuni fəaliyyət üçün açıq idi. Xüsusilə vurğulamaq lazımdır ki, həmin ilin 2 sentyabrında Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma rejimə təbrik məktubu artıq ölkəmizin səbir kasasını daşırdı və bu tədbirlərin keçirilməsi zəruri oldu. Cənab Prezidentin çox doğru bir zaman ərzində bu fəaliyyəti icra etməsi, bizim qələbəmizi formalaşdırdı. 44 günlük Vətən müharibəsindən sonra bütün ölkə ərazisində suverenlik təmin olundu və ardınca hərbi parad keçirildi. Xankəndində futbol matçı keçirildi, müxtəlif dövlət qurumları Xankəndidə müşavirələr keçiriblər və eyni zamanda, Prezident və parlament seçkiləri də azad, suveren ərazilərimizdə keçirilib. Üstəlik, Böyük Qayıdış layihəsi davam edir və biz ölkəmizin ərazi bütövlüyünün və tam suverenliyinin təmin olunduğu bu antiterror tədbirlərini ona görə uca sayırıq. Ona görə də bu hadisə hər zaman yad ediləcək və müasir Azərbaycan tarixinin ayrılmaz bir parçası kimi qürur və iftixar hissi ilə həmişə qeyd olunacaq", - deyə Hüseynov fikrini yekunlaşdırıb.
Siyasi şərhçi Mübariz Göyüşlü də Oxu.Az-a açıqlamasında bildirib ki, Paşinyanın istər qondarma rejimə göndərdiyi təbrik məktubu, istər işğal dövründə Şuşada yallı getməsi, istərsə də digər bu kimi hərəkətləri təhrikedici addımlar idi və bu davranışlar Azərbaycanın Ermənistana qarşı tədbirlər görməsini zərurətə çevirmişdi:
"Düzdür, Paşinyanın indiki hərəkətləri xatırladığımız vaxtlardakı kimi olmasa da, ondan az olmayacaq dərəcədə Azərbaycanı narazı salan və qıcıqlandıran davranışlar müşahidə edirik. Çünki bu ölkənin istər hücum silahları ilə silahlanması, istər Azərbaycanla hədə-qorxu dilində danışmağa cəhd etməsi, istərsə də atəşkəsi pozması və s. digər buna bənzər addımları təbii ki, narahat edəcək bir məqamdır".
"Düşünürəm ki, Paşinyanın Qərbli məsləhətçiləri və havadarları da ona Azərbaycanın hansı potensiala malik olduğunu izah etməlidir, nəinki daha da təxribata çəkmək. Yəni Paşinyana xəbərdarlıq etməlidirlər ki, bu hərəkətlərindən çəkinsin. Əks təqdirdə, Azərbaycanın səbri ilə oynamağın nəticəsini Paşinyan da, havadarları da yaxşı bilirlər ki, bu hərəkətlərin cəzası yenə də onlara baha başa gələ bilər", - deyə ekspert vurğulayıb.
Professor Əlimusa İbrahimov da Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistanda hər il sentyabrın 2-dən başlayaraq keçmiş dırnaqarası respublikanın yaranmasının ildönümü qeyd olunur:
"Elə keçən il də həm Paşinyanın, həm də üzdəniraq respublikanın başçılarının atdığı addımlar onunla nəticələndi ki, Azərbaycan Ordusu antiterror əməliyyatı keçirməyə məcbur oldu. Halbuki Azərbaycan sona qədər məsələnin sülh yolu ilə həll olunması və terrorçuların tərk-silah edilməsi haqqında müəyyən danışıqlar aparsa da bu çağırışlara əməl edən olmadı. Təbii ki, keçmişdə baş verən və bu gün də davam edən hadisələr onu göstərir ki, ermənilər məhz öz şərtləri daxilində Qarabağdan könüllü köçən erməniləri geri qaytarmağa çalışırlar ki, vəziyyəti yenidən qarışdırsınlar".
"Maraqlıdır ki, Ermənistandakı revanşistlər təkcə Azərbaycanı yox, Paşinyanı da hədəf alıblar. Onlar Azərbaycana qarşı davranışlarını Paşinyan vasitəsilə həyata keçirmək istəyirlər. Yəni düşünürlər ki, onların hakimiyyətə gəlməsi və Qarabağdan gedən ermənilərin geri qaytarılması yalnız Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə mümkündür. Təbii ki, Paşinyan da təhlükədə olduğunu hiss edir və onların əleyhinə bəyanatlar səsləndirir. Bu isə son nəticədə Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsi ilə nəticələnə bilər", - deyə müsahibimiz vurğulayıb.
Şərhçi onu da əlavə edib ki, bu gərginliyin sonunda Paşinyanın hakimiyyətdən gedib-getməyəcəyi məlum olmasa da, istənilən halda hər kəsə, o cümlədən Ermənistana məlumdur ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyinə qarşı atılan istənilən addımın qarşısını almaq iqtidarına malikdir və bu istiqamətdə əlindən gələni əsirgəməyəcək:
"Ona görə də Ermənistandakı revanşistlər ancaq daxildə ya özlərinə zərər vura bilərlər, ya da Paşinyana. Azərbaycana isə heç nə edə bilməzlər".
Mərahim Nəsib
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"