Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-ın bədbəxtlik gətirən demokratiya ixracında yeni üsul: Ermənistan alət olmağa ən ideal namizəddir
ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da keçiriləcək “Demokratiya zirvəsi” bütün dünyada geniş müzakirə olunur.
Sammitin keçirilməsinin məqsədləri, iştirakçıları və iştirakçılar seçilərkən tətbiq olunan meyarlar zirvənin demokratiyadan daha çox başqa maraqlara xidmət etdiyini göstərir.
Bu maraqlar isə Ağ Evin demokratiya adı altında bütün dünyaya təlqin etməyə çalışdığı ideya və məqsədlərdən ibarətdir.
Təsadüfi deyil ki, ABŞ-ın “kriteriya”larına cavab verməyən, başqa sözlə müstəqil siyasət yürüdən və Ağ Evin məqsədlərinə kor-koranə xidmət etməyi qəbul etməyəcək ölkələrin sammitlə bağlı fikirləri birmənalı şəkildə üst-üstə düşür: sözügedən sammit yalnız ABŞ-ın gələcək planlarında alət kimi istifadə etməyi “uyğun bildiyi” dövlətlər üçün təlimatlarını açıqlayacağı toplantıdan başqa bir şey deyil.
Məsələn, elə bu gün – dekabrın 9-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sözügedən sammitin mahiyyətini ifadə edən fikirlər səsləndirib:
“Birləşmiş Ştatlar özü üçün təkbaşına dominantlıq etmək niyyətində olduğu “komfort zonası”nı yaratmaq naminə beynəlxalq hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemini və BMT-nin mərkəzi rolunu məhv edir. Məhz bu səbəbdən ABŞ “demokratiya zirvəsi” şəklində yığıncaq təşkil edir və iştirakçılarına Amerika rejiminin maraqlarına xidmət etmək şərəfli hüququ verilir”.
Elə Rusiya XİN sözçüsünün qeyd etdiyi kimi ABŞ məhz xidmətdə “fərqlənə biləcək” potensial namizədləri öz “demokratiya masası”nda görmək istəyir. Bunlardan bəzilərini xatırladaq: Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Kipr, Gürcüstan, Moldova, İraq, Nepal, Barbados, Panama, Surinam və Ermənistan...
Yəqin ki, sözügedən ölkələrin heç birini “demokratiya abidəsi” saya bilmərik. Üstəlik bəzi iştirakçıların hətta demokratiya anlayışına ləkə saldığını da söyləmək mümkündür. Hakimiyyətin əleyhinə fikir söyləməyin siyasi təqib və həbslərə səbəb olduğu, fərqli fikirlərin heç bir halda qəbul olunmadığı Ermənistanın bu siyahıda yer alması ləkədən daha çox ABŞ dövləti üçün fiaskodur. Hər halda sammitin təkcə adı belə bu fikri səsləndirməyə əsas verir.
Lakin digər aspektlərə nəzər saldıqda, məqsəd və “kriteriyalara” baxanda, sammitin əsl mahiyyətini ortaya qoyduqda İrəvanın ideal iştirakçı olduğunu da etiraf etmək gərəkdir. Çünki Ermənistan məhz Mariya Zaxarovanın da qeyd etdiyi həmin rejim və ya rejimlərin marağına xidmət etmək üçün ən uyğun modeldir.
ABŞ demokratiyası isə məhz bu cür “model” ölkələri alət olaraq istifadə etməkdə maraqlıdır. Ona görə də, bu sistemdə Azərbaycan, Türkiyə kimi müstəqil xarici siyasət xətti tutan ölkələrə yer verilmir.
Halbuki dünyada demokratik dəyərlərin məhz demokratiya beşiyi hesab olunan ölkələrdə böhran keçirməsi fonunda Azərbaycanda hər zaman multikulturalizm ənənəvi dövlət siyasəti olub. Bakı eyni zamanda Şərqlə Qərbin arasında, o cümlədən Qoşulmama Hərəkatı ölkələri üçün əlverişli fikir mübadiləsi platformasına çevrilib. Demokratiya və humanizm prinsipləri Azərbaycan üçün hər zaman prioritet təşkil edib.
Lakin bu prioritetlər və demokratik dəyərlər Ağ Ev üçün heç də meyar sayılmır. Müstəqil xarici siyasət yürütmək və təzyiqlərə qarşı dik durmağı bacarmaq, başqa dövlətlərə qarşı qurulmuş gizli ittifaq və əməkdaşlıqlara qoşulmamaq beynəlxalq miqyasda müsbət sayılsa da, Ağ Evin planları üçün birbaşa ziddiyyət təşkil edir. Odur ki, ABŞ üçün demokratiya öz hegemonluğunu təmin etmək üçün irəli sürülmüş strategiyanın tərkib hissəsidir və demokratiya sammitində yuxarıda qeyd olunan yüksək keyfiyyətlərə sahib dövlətlər iştirak etmir...
ABŞ “Demokratiya sammiti” ilə öz demokratiyasını ixrac etmək üçün yeni üsula əl atır. Çünki buna qədər tətbiq olunan ixrac şəkli, dövlətlərə demokratiya deyil, yalnız bədbəxtlik ixrac etdi və mütləq rüsvayçılıqla yekunlaşdı. Vaşinqtonun demokratiyanı zorakı yolla ixracı siyasətinin nəticələrini Əfqanıstan, İraq, Suriya və “ərəb baharı”nı yaşamış ölkələrin acınacaqlı taleyi fonunda qiymətləndirmək mümkündür. Hər bir halda məqsəd demokratik dəyərlərin təbliği, bərpası və müdafiəsi kimi göstərilsə də, sonda ABŞ-ın bu planlarının nəticəsi sadəcə xaosa və milyonlarla insanın faciəsinə çevrildi.
Hazırda isə bu ixrac prosesi qarşımıza məhz sammit formasında çıxır. Bu isə sözügedən sammitdə müzakirələrin heç bir halda həqiqi dialoq xarakteri daşımayacağını aydın şəkildə ortaya qoyur. Belə olan halda isə “Demokratiya sammiti” adlı yığıncağın mövcud sosial-iqtisadi problemlərin həllində öz əksini tapmasını gözləmək sadəlövhlük olardı.
Demokratiya sammiti dünyadakı qütbləşmə meyllərini təşviq etməyə yönəlib. Lakin seçim kriteriyaları Vaşinqtonun özünə müttəfiq deyil, sadəcə planlarının icrasında alət kimi istifadə edə biləcəyi dövlətlərin axtarışında olduğunu göstərir. Bununla Ağ Ev maksimum istifadəyə yararlı ölkələri “alətlər qutusu”na əlavə etməyə çalışır.
Məhz bu baxımdan da ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da virtual keçiriləcək Demokratiya Sammitində iştirak edəcək ölkələrin siyahısında Çin və Rusiya ilə yanaşı nə Türkiyənin, nə də heç bir türkdilli dövlətin, habelə müsəlman ölkələrinin böyük əksəriyyətinin adı yoxdur.
Görünür Çin və Rusiya ilə strateji maraq müstəvisində üz-üzə gələn ABŞ türkdilli dövlətlərin də xüsusən son illərdə ortaya qoyduğu əzmin fərqindədir. Bu dövlətlərin qlobal miqyasda nüfuzunun artması, hər hansı bir qütbləşmədə tərəf olmamaq istəyi, başda Azərbaycan və Türkiyə kimi dövlətlər olmaqla irəli sürülən təşəbbüs və gələcək planları onların Ağ Evin “demokratiya ixracının” marşrutundan kənarda qalmasının əsas səbəbidir.
“Demokratiya sammiti” isə heç bir halda demokratik prinsiplərə sadiqlik meyarı ola bilməz. Ermənistanın təmsil olunduğu və kriteriyalara tam şəkildə cavab verdiyi bir sammitin arxasında dayanan əsl mətləbləri duymaq və proqnozlaşdırmaq çətin deyil.
Azərbaycan və Türkiyə kimi ölkələr üçün isə “demokratiya zirvəsi”nin kriteriyalarına cavab verməmək, iştirakçılar siyahısına “seçilməmək” düzgün siyasi gedişlərin və qətiyyətli mövqeyin göstəricisinə çevrilir.
Orxan Tağıyev
"Anqola" teqi üzrə xəbərlər
- Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır
- Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb
- Anqolada qəribə hadisə: 50 nəfərin ölüm səbəbi hər kəsi heyrətləndirir
- Pedro De Morais Neto: “Seçkiyə marağın olması Azərbaycanda yaradılan vəziyyətlə əlaqəlidir”
- Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib - CƏDVƏL