Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tünzalə Ağayeva: “Hər yoldan keçən adımı hallandırır”
Lent.az Xalq artisti, müğənni Tünzalə Ağayeva ilə müsahibəni təqdim edir:
- Tünzalə xanım, əvvəlki geyim tərzinizlə, indikinin arasında dəyişiklik həm də obraz dəyişikliyidir?
- Mənim heç vaxt qapalı geyimim olmayıb. Modelyer-dizayner Zümrüd Mirzəliyeva “Bakı payızı” müsabiqəsindən bu yana hər zaman çox maraqlı, fərqli və kreativ obrazlar hazırlayıb. Maraqlısı odur ki, o zaman sadəcə bəzi telekanalların arxivində qalıb. “Bakı payızı”nda, eyni zamanda ilk vaxtlarda çıxışlarımdakı dekolteli, transparan əlbisələrdə görüntülərim arxivdədir. Söhbət 22 il bundan əvvəldən gedir. Tünzalənin hədsiz dekolteləri də var, transparan bluz paltarları da, üst geyimləri də. Yəni hər cür geyinmişəm. İndiki nəsil o arxivləri görməyib və gördükləri hazırkı tərzimdir. Bir şey məni çox güldürür. Niyə insanlar bandananı hicabla səhv salır? Bu, insanın zəif dünya görüşündən xəbər verir. Bandana üç künc yaylıqdır və mən heç vaxt örtünməmişəm. Heç vaxt radikal geyim geyinməmişəm.
- Nəyə görə yaylığa üstünlük verirdiniz?
- Ümumiyyətlə, hesab edirəm ki, bəli, bu, seçimim idi. “Bakı payızı”nda məni bu görünüşlə tanıdılar. Qalib oldum və 5 il bandanada göründüm. Bu, Zümrüd Mirzəliyevanın mənim üçün yaratdığı imic idi. Bu imici yetərincə yaşatdığımı düşünürəm. Ümumiyyətlə, o vaxtlar çox az çıxış edirdim. Çünki mənim üçün əsas radioda ifalarımın səslənməsi idi. Hesab edirəm ki, əsl sənətçi belə olmalıdır. Üzü göründü, ya görünmədi, onun üçün fərq etməz. Təbii ki, gözəllik də görmək istəyərsən. Bunu mənə peşəkar sənətçi Ajda Pekkan deyib. Deyirdi ki, yaxşı, siz sənətimi sevirsiniz, amma bir az da ehtiraslı, ekstravaqant, zövqlü xanım görün. İnsanlar bundan ləzzət alır. Niyə də yox?!
- Bəs obrazınızı bezib dəyişdirdiniz, yoxsa...?
- Bakıda çox sayda komandalarla, dizaynerlərlə, meykap stilistlərlə və s. işləmişəm. Yəni 22 ildə üzün, saçın, geyimin üzərində çalışan müxtəlif peşəkarlarla işləmişəm. Geyimimin üzərində başqa komandaların, sırf imajımın üzərində isə başqa tanınmış komandaların əməyi var. Obrazlarım üçün geyimlərimi moda evləri təmin edir.
- Bəzi izləyicilər deyir ki, şairlərə pul verməmək üçün Mikayıl Müşviqin, Səməd Vurğun və s. başqa şairlərin yaradıcılığına üz tutursunuz. Bu, nə dərəcədə doğrudur?
- Onu cahillər deyir. Cahil insan düşünür ki, pula görədir. Pul gözəl bir şeydir, qazanmaq ondan da yaxşı. Ancaq ədəbiyyat bir dəyərdir. Mədəniyyətimizin bir parçası, əsas göstəricilərindən biridir. Xalq dili ilə, ədəbiyyatıyla yaşayır. Mən şeir yazanda harada idim? Neçə yaşındaydım? İndiki Tünzalə Ağayeva deyildim, 12 yaşında şagird idim. Ədəbiyyatı sevəndə yanımda nə media var idi, nə də izləyicilərim. Hər zaman Azərbaycan dili və ədəbiyyatına məhəbbətim olub. Səhnəyə gələndə bilirdim ki, ədəbiyyatı yaşatmaq vacibdir. Bu əqidəmdən dönməmişəm. Bu günə kimi Məmməd Arazdan tutmuş, Əliağa Vahidə qədər, Mirvarid Dilbazidən tutmuş, ulu Nəsimiyə qədər yaradıcılıqlarına üz tutmuşam. Üzü payıza qədər planımda var ki, Rəfiq Zəka Xəndanın, çağdaş ədəbiyyatımızın şairləri Ramiz Rövşənin, Baba Vəziroğlunun, İsmayıl Dadaşovun şeirlərinə yazılan mahnıları oxuyacağam. Qürur duyuram ki, Səməd Vurğunun şeirlərindən mahnı oxumuşam. Bu gün Hüseyn Cavidin yazdığı “Gülbahar” şeiri azərbaycanlıların qəlbində gözəl yer tutur. H.Cavidin bircə şeiri belə mənim həyatıma, yüzillik karyerama bəsdir. Minlərlə insan mənə deyir ki, nə yaxşı “Gülbahar”ı mahnıda yaşadırsınız. Nə xoş ki, bu cür əsərlər təkcə kitablarda qalmır. Gənclərə onları mahnının dili ilə sevdirmək istəyirəm ki, getsinlər, Hüseyn Cavidi tanısınlar.
- Cazla, ya da rokla meyxananın sintezini yoxlamaq planda varmı?
- Ümumiyyətlə, bəzən gələcəyə baxanda məni gözlədiyini düşünürəm. Arzu edərdim ki, etno-caz, etno-pop, etno-hip-hop, milli rok, milli rep, meyxananın müxtəlif janrları, hətta qəbul olunan-olunmayan janrların tədris olunacağı böyük bir məktəb açılsın. Bu məktəbi Tünzalə qursun. Özümü bu yolda görürəm və bu gün də bunun üzərində çox ciddi çalışıram. Milli rok görmürəm, yoxdur. 1990-cı illərdə qaldı. Milli hip-hop da görmürəm. Möhtərəm Anar Nağılbaza, Hüseyn Dəryaya Allah rəhmət eləsin. Onlar ağıllı uşaqlar idi. Onlar heç nəyi boş-boşuna danışmayıblar. Böyük meyxana ustalarının qarşısında baş əyirəm. Meyxana ciddi ədəbiyyatdan gəlir. Dilimizi gözəl səsləndirən nə varsa, onu sevirəm. İstəyirəm ki, müasir kommersiya musiqimizə girsin. Kommersiya musiqi nədir? Pop musiqi. Geniş kütləyə səslənsin.
- Planda başqa nələr var bəs, Tünzalə xanım?
- Tünzalə Ağayeva bu gün boş-boş oturmur, ehh, nələr var, nələr. Hələ pərdəarxası çox şeylər mövcuddur. Danışmağı sevmirəm, işi görüm, biləcəksiniz (gülür). Təbii ki, kimsə bəyənə bilər, kimsə yox. Rəssamın çəkdiyi tablonu hər kəs bəyənə bilməz ki. Deyim var ki, sən pul deyilsən ki hamı səni sevsin.
Bəzən aktyorlar deyir ki, mədəniyyət bir az nankor sahədir. Zəhmətini, ömrünü, pulunu, hətta sağlamlığını fəda edərsən, mütləq kimsə sənə mız qoyacaq. Ona görə yox ki, sən pis iş sərgiləmisən, əsərin, oyunçuluğun zəifdir və s. Ona görə ki, zövqlər fərqlidir.
- Tənqid qəbul edirsiniz?
- Baxır kim tənqid edir, baxır kimin dilindən gəlir o tənqidi söz. Kim deyir onu? Mənə şəxsiyyəti göstərin. Yoldan keçən, həddini bilməyən, hələ keçdiyim yolun sıfır tam onda birini getməyənlər efirlərə çıxıb adımı hallandırır.
- Bəs intriqalara çəkənlərə reaksiyanız necə olur?
- Başa düşürəm, piar etmək istəyən insan tipləri var. Bunu biznes kimi görənlər var ki, Tünzalə Ağayeva ismi onlara lazımlıdır, yaxşı reytinq gətirir. Hesab edirəm ki, adım önəm daşıyır və çeynənmək üçün çəkirlər. Müsahibələrin başlığını reytinq üçün “Qalmaqal! Tünzalə haqqında belə dedi...” qoyurlar. Tanınmaq üçündür hamısı. Halal xoşunuz olsun! Bizim adımız istəsək də, istəməsək də, hallanır. Allah bizi çörəkli eləsin ki, “başqaları”na çörək qazandıraq.
- Mərhum duet ortağınız Suradan sizə qalan təəssüratlar nələrdir?
- Sura mənim üçün gözəl, işıqlı xatirədir. Sonu çox kədərli, faciəvi olsa da, onu gözəl xatırlayıram. O mənada ki, o, bu dünyadan daha gözəl bir yerdədir. İnşallah cənnətdədir, buna heç şübhə etmirəm. Çünki o qədər saf qız idi ki, mələyə bənzədirdim onu. Çox qəribə biri idi, elə bil bu dünyanın insanı deyildi. Çox sevinirəm ki, ondan bu gün də məndə nələrsə var. Hər gün oxuduğum bir mahnısı var: “Sən, tanımadığım doğmammısan?.. Hər gün içimdə ona dua edirəm. Mənə “hocam”, müəllimim deyirdi...
- Ondan sonra duet təkliflərinə tərəddüd etmisiniz?
- Xeyr, heç bir hadisə bizi sındırmamalıdır. Hər şeyin başlandığı və bitdiyi bir nöqtə var. Bitən nöqtədə iş belə gətirdisə, əlimizdən bir şey gəlmədisə və nəyisə dəyişə bilmədiksə, həyat dayanmır. Ona görə gənclərimizə çox müsbət tərəfdən baxıram. İstedadlı gənclər çoxdur və mən gənclərlə həmişə çalışacağam.
- Xarici sənətçilərdən kimlərləsə yeni layihələr işləyəcəksiniz?
- Bəli, bir neçəsini dəyərləndiririk. İnsanlar deyir ki, niyə xarici bazara çıxış etmirsiniz? Bilirsiniz, bu, məndən çox təşkilatlardan asılıdır. Gəlin, Türkiyənin, Rusiyanın məşhur ifaçılarına baxaq. Tez-tez xaricə çıxırlar? Beynəlxalq layihələr çoxmu edirlər? Təbii ki, yox. Bu, Avropa ölkələrində, Amerikada asan bir şeydir. Azərbaycanda isə bu, uzun yoldan keçir. Həmişə xarici sənətçilərlə duet etməyə insanlarda həvəs, istək olub. İnşallah, bizdə də olar. Bunların hamısı təşkilatçılıqdan, investisiyalardan, təkliflərdən asılıdır.
- Tünzalə xanım, müsahibəmizi sevgi ilə sonlandıraq. Sevgi sizin üçün yaşayır, yoxsa siz onun üçün?
- Sevgi mənim üçün həyatın özüdür, ilham qaynaqlarımdan ən əsas odur. Böyüyə-böyüyə, kamilləşib sevginin mərtəbələrini dərk edirik. Gəncliyimizdə sevgini bir cür anlayırdıq, nəfsini tərbiyə edə-edə bir başqa sevgi anlayışına varırsan. Oradan-ora ali eşq – ilahi eşqə çatırsan. Bu da insana güc verir və sevgi insanı yaşadır. Düzgün sevəndə yaşam həvəsin artır, insanın gözü parıldayır. Məşhur müğənni Adeledən soruşurlar ki, niyə təzə mahnı yazmırsan? Deyir, çünki çox xoşbəxtəm. Gərək iztirab, təklik, ayrılıqlar yaşayasan, bu da bəstəkar və şairlərə aiddir.
Amma sevgi lazımlıdır, onsuz olmaz. Onsuz yarada bilmirəm nəyisə. Yaşamaq çətin olur onda, quru ağac kimi oluram. Müdrik yaşımda başqa cür sevirəm. İstəyirəm ilahi eşq nöqtəsinə gəlib çatım. İnşallah, ona çataram.
Rəylər