Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Orxan Zeynallı: Qızlarımız azadlığı dərk etmədən onun eşqi ilə yaşayır
O, bugünkü Azərbaycan gəncliyinin yaxından tanıdığı reperdir. Həm də repin təkcə musiqi vasitəsi yox, fikirləri çatdırmaqda və yeni cəmiyyət qurmaqda böyük qüvvə olduğunu sübut edən keçmiş “H.O.S.T.” qrupunun üzvüdür.
Oxu.Az hazırda ABŞ-da yaşayan Orxan Zeynallı ilə müsahibəni təqdim edir:
- Cəmiyyəti dəyişməyə başladığınız vaxtdakı gəncliklə indiki gənclik arasında fərq kifayət qədərdir, sizcə?
- Məqsəd dəyişməkdən çox, yenisini yaratmaq idi. Yəni, müəyyən düşüncə sahibi olan insanları bir araya toplayacaq bir şəbəkə olmaq. Hesab edirəm ki, bu, müəyyən dərəcədə alındı. İndiki gənclik isə fərqli ideallar və dəyərlərlə böyüyür. Hazırda 14-15 yaşı olan uşaqların fantastik imkanları var. Əsas məsələ isə bu fürsətlərdən düzgün yararlanmaqdır.
- Yenə də, gənclərdə nələrin dəyişməsini istərdiniz?
- İstərdim ki, yaşıdlarım olan kəslər uşaqlarına düzgün dəyərləri aşılaya bilsinlər. Keçmişin səhvləri təkrarlanmasın. Qadına şiddət məsələsi oğlan uşaqlarına körpəlikdən izah edilməlidir. Bizdə həmişə əksi olub. Oğlana, kişiyə hər şey olar, heç nə ayıb deyil psixologiyasını dəyişmək lazımdır. Bu da yeni valideyn olmuş gənclərin aşılamalı olduğu fikirlərdir.
- ABŞ-dakı cəmiyyətlə Azərbaycan cəmiyyəti arasında hansı fərqlər var?
- Ən böyük fərq insanların daha cəsarətli olmasıdır, yəqin. Hər kəs qanun tərəfindən qorunduğunu hiss edir. Hamı başa düşür ki, küçədə gördüyü ən xırda haqsızlığa belə müdaxilə edə bilər. Çünki hadisə yerinə dərhal polis gələcək və obyektiv yanaşacaq. Həmçinin, uşaqlara azadlığı yaşatmaq, pis və yaxşı tərəflərini göstərmək də var.
Bizdə hər kəs, əsasən də qızlar azadlıq eşqi ilə yaşayır, bunun, əslində, nə olduğunu bilmədən. Çox qız ömrünün sonuna kimi buna həsrət qalır. “Ata” adlı qəfəsdən çıxıb “ər” adlı qəfəsə köçməklə çox şey dəyişmir. Burada isə hər şey başqa cürdür.
- “Balaca şahzadə”nin ən sevdiyiniz kitab olduğunu bilirik. Nə vaxtsa cəmiyyətin orada arzu olunduğu tərzdə olacağına ümid edirsiniz?
- Cəmiyyət nağıllardakı, mahnılardakı kimi olmamalıdır. İnsanlar elə yaşamalıdırlar ki, həyatlarında nağıl və mahnı çalarları olsun.
- “Çevrilir hədəflər arzulara” cümləsinə cavab olaraq “əsas atdığın addımlar və sabah atacağın...” fikrini bildirmisiniz mahnıda. Onun qarşısını almaq üçün atacağımız addımları necə təyin etməliyik?
- O misrada inversiya var. Tamı belədir ki, çevrilir hədəflər arzulara, olanda tək ümid mahnılara. Yəni, ümidimiz addımlarımız olsa, əksinə, əlçatmaz arzular belə real hədəfə çevrilə bilər.
- Həyatda ən vacib olan nədir?- Səninlə fəxr edən valideyn, xoşbəxt etdiyin biri və sənə hər zaman yeni lətifələr göndərən dostların olması.
- İnsanlar içərisindəki uşağı nə zaman öldürür?
- Vallah, bəzilərində o uşaq ölü doğulur. Bir çoxu isə ilk dəfə “nə deyərlər” frazasını işlədəndə öldürmüş olur.
- AiD cəmiyyəti dəyişməyə çalışdı, bəs cəmiyyət AiD-də nəyi dəyişdi?
- AiD beş il öncə Orxan Zeynallı oldu. Özünü tapdı və ya özünə qayıtdı.
Qeyd edək ki, hazırda yeni proyektin təqdimatı astanasında olan reper onun ardınca yeni mahnı və kliplərin gələcəyini və yaradıcılığın başqa yönlərində özünü sınayacağını bildirib.Nəzrin Həsənovawww.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"
Rəylər