Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Natali Sokolevskaya: Azərbaycan mənim ikinci vətənimdir – MÜSAHİBƏ + FOTOSESSİYA
Oxu.Az-ın iyun ayının 6-da final mərhələsi keçiriləcək “Miss Azərbaycan-2015” gözəllik müsabiqəsinin iştirakçısı və qələbəyə namizədlərdən biri Natali Sokolevskaya ilə müsahibəsi.
- Azərbaycanın ən gözəl qızı adını almaq istəyən Natali Sokolevskaya kimdir? Özünüz haqqında danışardınız. Harda dünyaya gəlmisiz, harada təhsil almısız?
- Mən Belarusda doğulmuşam. 18 yaşıma qədər orada yaşamışam. Məktəbi bitirdikdən sonra “Vitebsk” Xalqlar dostluğu ordenli Dövlət Tibb Universitetinə qəbul olmuşam. Amma orada cəmi bir il təhsil aldım. Azərbaycanda xarici şirkətlərin birində iş təklifi aldıqdan sonra mən təhsilimi dondurdum və bura işləməyə gəldim.
Amma Azərbaycana vuruldum! Mən bu ölkəyə elə heyran oldum ki, təhsilimi ümumiyyətlə, yarımçıq qoymağı və başqa bir sahəyə keçmək qərarına gəldim. Üç il sonra müqaviləm sona çatdı, amma mən buradan getməməyi qərara aldım, çünki burada olduğum müddət ərzində Azərbaycanı sevdim və burada həyatımı qurdum. Ona görə də başqa bir iş tapdım, bu, xarici ali məktəblərə abituriyentlərin hazırlığı ilə bağlı bir fəaliyyət idi və beləliklə, mən Bakıda qaldım.
- Siz Azərbaycan haqqında elə heyranlıqla danışırsınız ki... Sizi bizim ölkədə, bizim paytaxtda ən çox nə cəlb etdi?
- Mən dənizi çox sevirəm. Azərbaycanın təbiətinə, Bakıya, xalqın mədəniyyətinə, həyat səviyyəsinə, inkişafa meyl məni heyran etdi. Azərbaycan xalqı çox qonaqpərvər və səmimidir. Mən dənizkənarı bulvarı çox sevirəm. Çarxlı konki sürməyi çox sevirəm. Ümumiyyətlə, idmanı sevirəm. Səhərin təmiz havasını, dənizi sevirəm. Azərbaycanın bir çox regionlarında olmuşam.
Rayonlar arasında ən çox Şəkini bəyənirəm. Şəki paxlavasını dadmışam və deyə bilərəm ki, belə dadlı təam hələ dadmamışdım. Azərbaycan dilini öyrənməyə çalışıram. Mən artıq şəhərdə rahat maşın sürə bilirəm, hətta Bakını yaxşı tanıdığımı belə deyə bilərəm.
- Siz tanımadığınız bir ölkəyə gəlmisiz. Azərbaycan cəmiyyətində hansı müsbət və mənfi nüansları qeyd edərdiniz?
- Azərbaycan xalqı qonaqpərvər xalqdır, bu, birmənalıdır. Azərbaycanlılar üçün qonaq müqəddəsdir, onu doğma insan kimi qarşılayırlar. Mədəni xalqdır. Küçələrdə əyyaşlar və bomjlar yoxdur. Bizdə - Belarusda bu mövcuddur, gənclər küçədə içki içirlər, burda isə belə şey görməmişəm. Azərbaycanlılar istirahət edəndə çox mədəni şəkildə istirahət edirlər.
- Azərbaycan toylarının iştirak etmişsinizmi?
- Bəli. Bir müddət işim məhz toyların təşkilatı ilə əlaqədar idi. Ona görə də mən Azərbaycan toyunun adət-ənənələri ilə yaxından tanışam, hətta bəzi toy mahnılarını əzbər bilirəm. Mətbəxiniz ilə çox yaxşı tanışam, heç kim inciməsin, yeməkləriniz zərərlidir, çünki çox yağlıdır, amma çox dadlıdır. Mən özümə tez-tez bu yeməklərdən yeməyə icazə verə bilmirəm, amma bəzən özüm üçün bayram edərək, kabab və dolma yeyirəm.
- Bəs burada bəyənmədiyiniz mənfi nüanslar hansılardır?
- Bəyənmədiyim şey, sizin ətrafdakıların fikrinə çox önəm vermənizdir. Azərbaycanlılar “camaat nə deyəcək?” fikrindən çox narahatdırlar. Ümumiyyətlə, sizdə başqalarının fikrinə böyük dəyər verilir. Bunu səhv sayıram. İnsan özü üçün yaşamalıdır, ona necə rahatdırsa elə də etməlidir.
- Avropada olmusuz?
- Bəli.
- Necə düşünürsüz - azərbaycanlılar, Bakı Avropaya nə dərəcədə yaxınlaşıb?
- Avropalaşma ləng gedir. Amma mən burda olduğum müddət ərzində inkişafın şahidi oluram. Mən bura gələndə nə “Hilton”, nə “Marriott”, nə də “Four Seasons” var idi. Yeddi il ərzində böyük dəyişikliklər olub. Bugünkü Bakı Avropa paytaxtlarının çoxlarından gözəldir. Mən ailəmlə təbii ki, əlaqə saxlayıram və bura gələndə onlar da Bakıya heyran qalmışdılar.
- Online səsverməyə görə siz müsahibənin favoritisiz. Necə düşünürsünüz – nəyə görə azərbaycanlılar sizə səs verirlər?
- Mən bilmirəm (gülür). Bəlkə həmişə tünd saçlı, gözlərinin rəngi tünd olan qızlar qalib olub, mən isə fərqliyəm, ona görə.
- Sizcə nəyə görə bəzi insanlar düşünür ki, əgər siz Belarusdan gəlmisinizsə deməli qalib ola bilməzsiniz? Və ümumiyyətlə, siz özünüzü Azərbaycan cəmiyyətinin bir hissəsi hesab edirsinizmi?
- Mən bura bir il, ya bir il yarım bundan öncə gəlməmişəm. Hətta mənim anam belə bura gələndə mənim özümü azərbaycanlı kimi apardığımı deyir. Məgər siz mənim azərbaycanlı şivəmi hiss etmirsiz? Mənə elə gəlir ki, mən elə Azərbaycanda doğulmuşam. Mən burda çoxdan yaşayıram. Azərbaycan xalqının adət və ənənələri ilə tanışam. Mənim burada yaşayış hüququm var. Yaşayış hüququ almaq asan deyil. Sənə əvvəlcə iki dəfə bir illik, sonra isə beş illik yaşayış hüququ verirlər. Bunu qazanmaq lazımdır. Mən seçicilik hüququndan başqa, respublika vətəndaşlarının bütün hüquqlarına malikəm.
- Belə çıxır ki, müsabiqədə iştirak etmə haqqınız olmadığını düşünənlər yanlış fikirdə idilər?
- Bəli, bunlar hamısı səhv idi. Mən bu qəbildən olan müsabiqələrdə iştirak edə bilərəm. Belə ki, mən seçmək və seçilmək hüququndan başqa bütün hüquqlara malikəm.
- Konkret olaraq nə üçün Azərbaycanda gözəllik müsabiqəsinə qatıldınız, nəyə görə Azərbaycanın ən gözəl qızı seçilmək istədiniz? Bu müsabiqəyə necə gəldiniz?
- Mən hər zaman populyar olmaq istəmişəm. İstəyirdim ki, mənim haqqımda hamı eşitsin, buna can atırdım. Mən daima “Miss Azərbaycan” gözəllik müsabiqələrini izləyirdim. Qalibləri çox bəyənirdim. Bunlar qələbəyə layiq qızlar idi. Müsabiqəyə isə təsadüfi gəlmişəm. Sosial şəbəkələrdə reklamı gördüm. Öz bəxtimi sınamağa gəldim. Kastinqi keçdim və məndə hər şey alındı (gülür).
- Qələbənizi kimə həsr etmək istərdiniz?
- Azərbaycana.
- KİV-də yazırlar ki, qalib məhz qabarıq şərq cizgilərinə malik qız olmalıdır. Siz bununla nə dərəcədə razısınız?
- Xeyr, bununla razı deyiləm. Mən düşünmürəm ki, saçın və ya gözün rəngi “Miss” adını qazanmağa təsir edir.
Düşünürəm ki, səhnədə davranış, öz gözəlliyini təqdim etmə daha böyük rol oynayır. Və ən əsas müsabiqə iştirakçısının missiyasıdır.
- Siz hal-hazırda Belarus vətəndaşısınız?
- Bəli. Azərbaycan vətəndaşlığını mən beş illik yaşayış hüququ üçün verilən icazə başa çatdıqdan sonra ala bilərəm.
- Siz gələcəyinizi Azərbaycan ilə bağlayırsınız?
- Bəli. Amma azərbaycanlı ilə ailə qurmaq istəməzdim (gülür). Mən ailədə bərabər hüququn tərəfdarıyam. Azərbaycan ailəsində əsas söz kişiyə məxsusdur (gülür).
- Siz özünüzü azərbaycanlı hesab edirsiniz? Siz bizim ölkənin tarixini, mədəniyyətini öyrənirsiniz?
- Mən Qarabağ haqqında bilirəm. Mən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və Azərbaycanın öz torpaqlarını geri qaytaracağını düşünürəm. Bu, zaman məsələsidir.
- Siz asudə vaxtınızda nə ilə məşğulsunuz?
- Asudə vaxtım işimə görə çox az olur, amma vaxt tapan kimi idmanla məşğul oluram və səyahət edirəm. Amma səmimi qəlbdən deyirəm, hara gedirəmsə gedim, bura qayıdanda evimə qayıtdığımı hiss edirəm. Azərbaycan mənim ikinci vətənimdir.
- Siz azərbaycanlı xanımlar və kişilərin xarici görünüşü barədə nə deyə bilərsiniz?
- Azərbaycan kişiləri xanımlara çox gözəl qulluq edə bilirlər. Onlar çox comərddirlər, sizdə “alman hesabı” anlayışı yoxdur, sizdə kim dəvət edibsə o da hesabı ödəyir. Bu, israfçılıq deyil, əliaçıqlıq və comərdlikdir. Azərbaycanlı xanımlara isə idmanla daha çox məşğul olmaq lazımdır. Hə, bir də geyiminizdə qara rəngə çox üstünlük verirsiniz.
- Bəs milliyyətinizə görə neqativ münasibət görmüsüz?
- Xeyr. Boş yerdən burda özümü evdəki kimi hiss etdiyimi demirəm ki. Burada insanlar çox tolerantdırlar. Dil baryeri mövcud deyil. Belə ki, burada çoxu rus dilində danışır, mən isə Azərbaycan dilini anlayıram.
- Necə düşünürsünüz - müsabiqə məyusluq, ya məmnunluq gətirir?
- Qalib üçün əlbəttə ki, məmnunluq. Bu, çox böyük əməkdir. Əgər düzünü desəm bunun belə gərgin bir iş olduğunu bilmirdim. Bəlkə də əgər əvvəldən bilsəydim heç gəlməzdim. Bu tədbirlər, məşqlər deməkdir. Bəzən isə hər şeyi yarıda qoyub geri çəkilmək istəyirdim, sonra düşündüm ki, əgər başlamışamsa sona çatdırmalıyam.
- Sizin fikrinizcə gözəllik müsabiqəsi üçün əsas meyar nədir? Xarici görünüş, intellekt, cazibədarlıq və ya pul?
- Pul vacibdir. Amma ən əsas olan xarici görünüşdür. Axı bu gözəllik müsabiqəsidir. Pul isə yaxşı görünmək üçün lazımdır.
- Ən sevdiyiniz müəllif kimdir?
- Puşkini, Sidni Şeldonu, Şekspiri çox sevirəm.
- Həyatınızda ən sevincli an hansıdır?
- Mən qismətə inanıram. Və düşünürəm ki, həyatımın ən sevincli anı bura köçməyimdir.
- Gələcəyinizi necə planlayırsınız?
- Model biznesi ilə məşğul olmağı düşünürəm.
- Müsabiqənin təşkilatçıları haqqında nə deyə bilərsiniz?
- Təşkilatçılar çox mehriban və bütün iştirakçılara səmimi yanaşırlar. Onlar xoş sözlə istisna etmədən hamını dəstəkləyirlər. Əgər bu dəstək olmasaydı müsabiqəni tərk edərdim.
- Siz “yaxşı qız gözəllik müsabiqəsində iştirak etməz” stereotipinə necə münasibət bəsləyirsiniz?
- Bəlkə də azərbaycanlıların fikrincə bu, doğrudur. Bunu normal hesab edirəm. Axı insanların qüvvəsini, cəldliyini nümayiş etdirdikləri müsabiqələr mövcuddur. Bu müsabiqədə isə gözəllik nümayiş etdirilir.
E.Ş., S.S.
Foto: Nüsrət Abdullayev
www.oxu.az
Rəylər