Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Murad Dadaşov: “Biz “Sarı gəlin”i müzakirə edənə qədər ermənilər bütün mahnılarımızı apardılar”
“Mədəniyyətimiz o qədər dərindir ki, heç özümüz də o dərinliyə gedib çıxa bilmirik. Əsas məsələ hər şeyin əlçatan olmasıdır. Bəli, yeni, müasir ifaçılarımız var, amma onlar rəqabətə dözümlüdürmü, ya yox? Prodüser kimi deyirəm ki, dünyaşöhrətli, birnömrəli ulduzlar var. Azərbaycan estradasında olan biri xarici ölkədə böyük uğur qazana bilməz. Çünki bizim auditoriyamız bizi öz dilimizdə sevir. Bu çox gözəl haldır. O deməkdir ki, dilimiz, musiqimiz də möhkəmdir”.
Bunu Axsam.az-a açıqlamasında Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib. O, hazırda musiqi sahəsində olan problemlərdən söz açıb.
Dadaşov bildirib ki, estradada çatışmazlıqlar çoxdur:
“Bizim ulduzlarımız daxili bazar üçün işləyirlər, özləri dolanırlar, onların böyük musiqi prodüserləri yoxdur. Biz bu bazarı yavaş-yavaş dünyaya açacağıq. Çünki biz dünyaya indi tam başqa, qalib ölkə kimi gəlmişik. Bizim ölkəmiz abidələrimiz və gözəl yeməklərimizdən əlavə musiqimizlə də tanınmalıdır.
Ən əsas məsələ isə müəllif hüquqlarıdır. Onları qorumalıyıq. Bir “Sarı gəlin” əhvalatı bizə dərs olmalıdır. Düşmənlərimiz bunu ortaya atdılar. Biz onu müzakirə edənə qədər digər bütün mahnılarımızı apardılar. Bu o deməkdir ki, biz musiqimizi qorumalıyıq”.
M.Dadaşov “Çox vaxt müğənnilərin şikayətləndiyini görürük. Musiqi Forumunda heç bir estrada ifaçısını bir təkliflə görmədik, qatılmadılar. Təkcə Namiq Qaraçuxurlu yer alırdı, o da heç bir təklif və ya irad irəli sürmədi” sualına Dadaşov belə cavab verib:
“Dünyanın ən böyük fili biologiya elmləri namizədi deyil. Sən yaxşı müğənni, futbolda oyunçu ola bilərsən. O demək deyil ki, sən məşqçisən. Onlar yaxşı ifaçıdırlar, ola bilsin ideyaları yoxdur. Dünən oxudum, bu gün çıxış edim olmur. Bu forum onlara bir təkan verər. Gələcəkdə yaxşı təklifləri ola bilər”.
M.Dadaşov müğənnilərin verilişləri bəyənməməsi, proqramlara qatılmamaq istəməməsi probleminə də toxunub:
“Gülməlidir. İndiki mətbuata, tamaşaçıya çatmaq üçün televiziya lazım deyil. Mən televiziyada işləməsəydim “Youtube”da kanal yaradardım. Rəqabətə girərdim. Orada dəqiq bilərdim kim mənə baxır. Şikayət etməyə hamı öyrəşib. Bitdi şikayət vaxtı. İndi kim-kimi tutub saxlayıb? Senzura da yoxdur. İndi bilinir ki, kim savadlıdır, nə edir, nə bacarır”.
Rəylər