Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Elza Seyidcahan: “Allahın əl işini bəyənməyən məni necə bəyənsin?” - MÜSAHİBƏ + FOTO
“Oğlum deyir mama, mənim xətrimə şeir yazma”.
Bunu bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahanı Lent.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
Görüş üçün evinə dəvət etdi. Qapıda məni nəvələrinin hay-küyü qarşıladı. O ekstravaqant libaslarını yığdığı böyük otağın açıq qapısı önündən keçib muzeyi xatırladan qonaq otağına daxil oluram. Çox təəccüblənirəm, çünki Elza xanım namaz qılırdı. Dualarını bitirib, “xoşgəldin” edir. Söhbətimiz başlayır.
- Çoxdan namaz qılırsınız?
- Bir il olar. Allaha nə qədər şükür etsəm azdır, həmişə istədiyimdən artığını verib. Bir zamanlar 1 otaqlı evim var idi. Tanınmış ifaçılar o evimə gəlirdilər. Otaq o qədər darısqal idi ki, uşaqlarım evdə qonaq olanda girib royalın altında yuxulayırdılar. Yerdən yataq salmaq lazım gəlirdi, qonaqlar gedənə qədər buna imkan olmurdu. Yenə evdə basırıqdır söz yox. Qızım ailəsi ilə burada yaşayır. Çox arzu edirəm ki, mənə də ev verilsin.
- Ev paylananda Yazıçılar Birliyindən nə əcəb ev istəmədiniz?
- Ora yeni üzv olmuşam. Əslində bu günə qədər kimsə mənə nəsə verəcək deyib gözləməmişəm, qarışqa kimi işləmişəm. Evə qazanc gətirən mənəm. Bir gün şou-proqrama getməsəm, gərək bu ailə dolana bilməyə.
- Kürəkəniniz işləmir?
- Kürəkənim mənə kömək edir. Erkən yaşlarda ailəsini itirib, ona görə təhsili də yarımçıq qalıb. İki uşaqları var, dəstək olmalıyam.
- Bəs oğlunuz nəçidir?
- Skripkaçıdır.
- Bir ara bacınızla olan qalmaqallarınızla gündəmə gəldiniz. Bu doğrudan küsülülük idi, yoxsa şou?
- Əsasən şou idi. Bacımla küsülü deyildik, gileyi var idi. Jurnalistlər məsələni şişirdilər. O vaxt bir söz işlətdi, dedi biz səni önə çəkdik, özümüz geridə qaldıq. Çox istəyirəm ki, bacılarım irəli getsinlər, özləri öz ayaqları üstə qalsınlar. Seyidcahan adı artıq brenddir, mən yaratdım qoy istifadə etsinlər. Böyük bacımdı, ərköyünlük edir, nə edim?
- Siz də Azərbaycanın Ledi Qaqasısınız. Necə düşünürsünüz, belə qeyri-adi şəkildə təqdim olunmasaydınız, üzə çıxa bilərdiniz?
- Bu günə qədər heç kimə həsəd aparmamışam, çünki gedib bir ucu paxıllığa çıxır. Amma Ledi Qaqaya həsəd hissi ilə baxıram. Çünki yaradıcılığını öz istədiyi kimi təqdim edə bilir. Mən əvvəllər də tanınırdım, mahnılarım var idi, bəstəkar kimi bir çox tanınmış sənətkarlarla işləyirdim. Könül Kərimova, Alim Qasımov, Ağaxan Abdullayev, Sevinc Sarıyeva. Sadəcə dolanışıq üçün məcbursan ki, bir neçə yerə bölünəsən. Günün birinci yarısı başqa Elzayam, ikinci yarısı bambaşqa biriyəm. Günün ilk yarısında bəstəkar olaraq ciddi fəaliyyətdəyəm, axşamlar şou proqramlar toylar, restoranlar… Amma belə tədbirlərdə düşmənlərimlə qarşılaşıram.
- Kimdi o düşmən?
- Xalqın beyninə yeridilən zəhərli musiqilər. Narkotikə düşmən deyirik, bəs parazit mahnılara niyə düşmən demirik? Pis mahnıya görə də cərimə yazılmalıdır, insanların zövqünü şikəst edirlər. Hər ağız bir söz danışır. Bilən də, bilməyən də incəsənətin göbəyini kəsir.
- Dediniz gün içində bir neçə Elza olursunuz. Əsl Elza kimdir?
- Bəstəkar Elza. Müğənni olmaq arzusunda deyildim. Arif Məlikovun sinfində təhsil almışam. O evinə hər adamı buraxmaz, hər adama salam verməzdi. Arif müəllimin sevimli tələbəsi idim. Janrım adi janr deyil. Bir müğənniyə o qədər zaman ayırırdım, ödəniş də eləmirdilər. Dedim elə özüm oxuyum. İlk dəfə mənə “Toy adamları” mahnıma görə Brilliant Dadaşova pul ödəyib. (Bu dəm piano arxasına keçib, hələ heç yerdə ifa etmədiyi “Ürəyimi dənizə açıram” adlı mahnısını ifa etməyə başlayır. Etiraf edim ki, bu əsər çox gözəl idi). Bir müğənni özünü tanımaq istəyirsə, Elzanın mahnılarını oxumalıdır. Mənim mahnılarımı oxumaq üçün peşəkar olmaq lazımdır.
- Amma nədənsə son zamanlar adınız bəstəkar kimi yox, yazdığınız şeirlərlə, onların yaratdığı qalmaqallarla daha çox hallanır.
- Dahi Müşfiqin də şeirlərinə görə qalmaqalları olurdu. Nəsimini qəbul edirdilər? Bu məni qorxutmur. Deyirlər bəstəkarlığın şeirlərinin kölgəsində qalır. Mən özüm özümə rəqibəm. Bəzən şeirlərim mahnılarımın, bəzən də mahnılarım şeirlərimin kölgəsində qalır. Hərdən oğlum deyir mama, mənim xətrimə şeir yazma. Deyirəm sən olmadan öncə mənim şeirlərim var id.
Məni bir yazdıran var,
Yazdıranı qazdıran,
Qazdıranı basdıran var.
Basdırıb da üstünü də örtən var.
İndi oğlum da bunu qəbul edir. Mənim rəqibim yoxdur.
- Meyxanaçı Vüqarla aranız şeirlərinizə görə pozuldu. Halbuki ailəvi dost olmusunuz.
- Kim özünü tanımaq, tanıtdırmaq istəyirsə, Elza Seyidcahan yaradıcılığına baş vursun. Məni tanımasa da, özünü tanıyacaq. Elə tənqidçi olub 5 il məni tənqid edib, indi anlayıb ki, səhv edib, məni düz başa düşməyib. Vüqarkimilər elə başa düşürlər ki, hər şey onların istədiyinə uyğun, 1000 il əvvəlki kimi olmalıdır. Çərçivələri qırmamaq şərtilə yeniliklər lazımdır.
- Axı siz çərçivələri qırırsınız...
- Yox, sizə elə gəlir, mənim şeirlərimdə ritm var, şeiriyyatım prelüdiya formatındadır.
- Adınızdan da qəribə şeirlər yazıb, biabırçı sözlər qataraq yayırlar. Narahat olmursunuz?
- Narahat edir və belə adamları məhkəməyə verdim. Adımdan istifadə edib “babamın pensiyası qalxdı” deyə bir şeir yaymışdılar. Kimsə kiməsə söz atanda mənim adımdan istifadə edir. Elzaya bu qədər nəzirə yaradırlarsa, deməli xalq sevir, oxuyur. Müasir dövrdə hansı şairin şeirəri bu qədər populyardır? Amma mənim olmayanı adımdan oxumaq cinayətdir. Mən yazmışam “Qazanım daşdı kəfini yedim”, onlar deyir “Qazanı açdım kəfini yedim”
- Etiraf edim ki, bunu mən də anlamıram. Qazanı açıb kəfini niyə yeyəsən axı?
- Anlamırsınızsa, bu sizin probleminizdir. Salvador Dalini hamı anlayır? Anlamalısınız. Camaat anlamadığı rəsm əsərlərini 5-10 milyona satın alır. Bu qiymətə olduğuna görə, hamı onu qəbul edir. Qazanım daşdı kəfini yedim. Bu şeir tərk edilmiş həyatdan bəhs edir.
Qazanım daşdı
Kəfini yedim
Qapağın açdım
Üzünü yedim.
Qarışdırıb içini yedim
Yedim, yedim
Dibini yedim.
Qazıb qazıb.
Deşdim dibini
Qazanın.
Kəfgirim azıb.
Dibi deşik qazandan
Çıxdı havaya,
Mən də baxdım
Kəfgirdən
Deşik-deşik dünyaya.
Varlı kəfini yeyir, kasıb isə qazanın dibinə qədər sıyırıb yeyir, qazanı deşir. Şeiri tam oxumadan fikir yürüdəndə əlbəttə anlaşılmaz.
- Azərbaycan üçün sizin yaradıcılığınız qeyri-adidir, sizcə doğru ölkədə, doğru zamandasınız?
- Doğrunu Allah bilir, mən onun işinə qarışa bilmərəm. Demək burda lazım olmuşam. Yaradıcılığımı kimsə çılpaq görürsə görsün. İçindəki nədirsə onu düşünür. Məni çılpaq görmür ki. Mən deyirəm
Gecənin qaranlığında,
Sevişin ki, oyasız,
Oyulasız,
Oyanasız.
Bu gecənin qaranlığında,
Sevişin ki, doğulasız.
Doğdurasınız,
Doğasız.
O gecənin qaranlığında...
İnsanlar fərqli anlayır.
- Axı ağla istər-istəməz fərqli məna gəlir, Elza xanım. Sanki siz özünüz də qəsdən maraq oyatmaq üçün buna çalışırsınız.
- Bunu dinləyəndə ağla ilk seks gəlir? Amma mən elə düşünmürəm, yaradıcı adam pianosu ilə sevişir, tar mizrabla, skripka öz çubuğu ilə. Bu sevişmələrdən yeni bir yaradıcılıq əsəri doğulur.
- Tənqidə münasibətiniz necədir? Efirlərdə tez-tez tənqid olunursunuz.
- Tənqid üçün ölmürəm? Ürəyim gedir. Bu barədə şeirim də var.
Yorğun olanda mənimlə məzələn,
Soy əynini, tök ruhunu təzələn.
Yaradıcılıq budur, soya-soya ruhun özəyinə çatırsan, tənqidsiz inkişaf olmur. Bir savadsız meyxanaçıya Elza haqında sual verirlər. O, nə bilir Elza kimdir, hansı zirvədədir? Bu adamın savadı yoxdur, fikirləri ilə nə qədər adamı zəhərləyib. Gəncləri pozanlar arasında bəzi meyxanaçılar da var. Gedin baxın görün nələr danışır, nələr söyürlər. Kimsə məni tənqid edirsə, bir baxın görün onun özü nədir. Adı “Xalq artisti”dir deyə, bu ona hər ağlına gələni danışmaq haqqı vermir. Sənətçilərin çoxunu danışdırıb görürsən dərin deyilmiş, sadəcə elə görünür, rol oynayır. Meyxanaçıların çoxu özünü də məhv edir, başqalarını da.
Aydın Xırdalanlı özünü məhv elədi də. Aydın Sani onun ölümü üçün yazılmış mahnıda deyir ki, bu dünyada ədalət görmədim. Hansı ədalət? Xalq onu sevdi, o özü qurşandı da narkotikə. Anar Nağılbaz, Vüqar Biləcərili də elə o cür məhv oldular. Nazı ilə oynayırdılar onların. Vüqar Biləcərilinin ölümü şeiriyyatda boşluq yaratdı. Heyf, özünü məhv etdi. Allah Rəşad Dağlının da qapısını açsın. Adam nə edir, özü-özünə edir, sonra deyir məni azdırdılar.
Mənim yaradıcılığımı müzakirə, tənqid edib özünü yerə-göyə vuran neçə “Qızıl qələm” mükafatçısı, neçə ziyalı var. Əsas odur haqqımda Anar müəllim, Çingiz Abdullayev xoş sözlər deyiblər. Anar özü tapşırmışdı ki, Elzaya zəng edin, gəlib vəsiqəsini götürsün. Çingiz müəllim, akademik Nizami Cəfərov məni xeyir-dua ilə qarşıladı, çox böyük hörmətlə. Bəyənməsələr deyərdilər get, sən yazar deyilsən. Mənə görə, Yazıçılar Birliyindən çıxanlar var ha, ora layiq olmayan adamlardılar. Çıxdılar, ora təmizləndi, öz savadsızlıqlarını təqdim etdilər. Bədəni, başı, üzü özünün olmayan süni xanımlar məni, təbi gözəl Elzanı tənqid edir? Onlar Allahı bəyənməyiblər, yenidən özlərini yığdırıb meymuna çeviriblər, Allahın əl işini bəyənməyən məni necə bəyənsin?
- Yaşadıqlarınızdan peşmansınız?
- Əsla. Yenə yaşasaydım belə olardım. Oğluma deyirəm ki, sən musiqiçi dostlarının yanında alnıaçıqsan. Onlar hamısı məni yaxşı tanıyır. Hərdən düşünürəm, “Qoğalın nağılıdı” mənim həyatım, dovşandan da qaçmışam, tülküdən də qaçmışam, ürkək idim, xoş sözlər deyənlərdən qaçırdım. Sütül gəlincik idim. Özümü qorumalıydım. Hərdən anam deyir, Elza, özün üçün də yaşa. Deyirəm, mənim taleyimi yazan mən deyiləm, Allahdır, o nə deyirsə elə də olacaq.
"Alim Qasımov" teqi üzrə xəbərlər
- Alim Qasımov: "Mikrofonu İbrahim Tatlısəsə uzatdım, mənimlə oxumadı"
- Azərbaycan muğamını dünyaya tanıdan sənətkar: Xalq artisti Alim Qasımovun doğum günüdür
- Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” - VİDEO
- Bakıda özbəkistanlı idmançı azərbaycanlı xanımla evləndi - VİDEO
- Fantastik qiymətə toya gedən Natiq Şirinov: “45 000 çox kiçik rəqəmdir, 220 min manat qazanmışam” - FOTO
Rəylər