Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərb ölkələrinin artan marağı: "Azərbaycanın müdafiə sənayesinə tələbat böyükdür"
"Azərbaycanın hərbi potensialını, müdafiə sənayesinin imkanlarını görmək üçün iki ildən bir keçirilən Beynəlxalq Müdafiə (ADEX) sərgisinə gəlmək olar. Burada nümayiş olunan məhsullar onu deməyə əsas verir ki, artıq Azərbaycanın müdafiə sənayesi haqqında inkişaf etməkdə olan yox, inkişaf etmiş və bu istiqamətdə bir çox məsələlər, layihələr üzrə praktik imkanlara malik olan bir sektor kimi danışa bilərik".
Bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O fikirlərinə belə davam edib:
"Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, biz Şərq və Qərbin arasında yerləşirik. Bu baxımdan, hər iki tərəflə müəyyən manevr etmək və müdafiə sənayesi sahəsində üstünlüklər əldə etmək imkanına malikik. Azərbaycan müdafiə sənayesi müəssisələri istər dövlət, istər özəl sahədə həm Qərb, həm də Şərqdə yerləşən ölkələrin şirkətləri ilə sıx təmas quraraq bir sıra layihələri həyata keçirə bilib.
Azərbaycan atıcı silahlar sahəsində uğurlu istehsal reallaşdırıb. Bu gün ölkəmizin atıcı silahlarına hətta Qərb ölkələrindən tələbat artmaqdadır. Mərmi istehsalı da bu istiqamətdə çox mühüm addımların atıldığı bir sektordur. Nəzərə alsaq ki, Azərbaycan müəyyən məhdud imkanlar sayəsində bu sektorun inkişafına nail ola bilib, o zaman silah və sursatların istehsalı sahəsində çalışan, bu istiqamətdə fəaliyyət göstərən qurumların və şəxslərin hansı çətinliklərlə üzləşdiyini görmək olar. Artıq qarşıda yeni tapşırıqlar var.
Azərbaycan Prezidentinin tapşırığı əsasında yaradılacaq istehsalat müəssisələrinin fəaliyyətə başlaması ilə müəyyən mənada çətinliklərimiz aradan qalxacaq. Azərbaycan daxili imkanlar sayəsində məhsul istehsal edə bilir. Bir sözlə, Azərbaycan müdafiə sənayesinin qarşısında çox ciddi tapşırıqlar durur. Müdafiə sənayesi kompleksinə tələbat böyükdür. Dünya ölkələri də bu istiqamətdə müəyyən sifarişlərlə ortaya çıxırlar. ADEX-də bunu görmək mümkün idi".
Ekspert əlavə edib ki, Azərbaycanın Pakistanla imzaladığı 1,6 milyard dollarlıq müqavilə əsasında 60-dan çox "JF-17 Block III Thunder" qırıcısını alması hava məkanımızın mühafizəsinin güclü qorunmasında atılan mühüm addımdır:
"PUA və dronlarla üstünlüklərimiz əldə edilmişdi. Amma daha müasir səviyyədə döyüş təyyarələrinin alınması hava məkanımızda yeni mərhələ deməkdir. "JF-17C" "MiQ-29", "F-16" və "Miraj" təyyarələrindən texnoloji göstəriciləri ilə üstün olmaqla Azərbaycanın hava məkanını daha yaxşı qorumaq imkanına malik olacaq".
Məhərrəm Əliyev
"Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ADEX" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyi və "Azərsilah" memorandum imzalayıb
- Azərbaycan Türkiyədən yeni hava hücumundan müdafiə üzrə xəbərdarlıq sistemləri ala bilər
- "ROKETSAN"ın baş direktoru: "Azərbaycan Silahlı Qüvvələrinin zərbə gücü "Teber"lə artacaq"
- Azərbaycanın istehsal etdiyi "Turan 1" silahı ilk dəfə təqdim olundu
- Azərbaycanda "Zəngəzur" PUA-sı istehsal olunub